Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

Yanan binanı kim üzlədib?


Ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolunda yaşayış binasında baş vermiş yanğının səbəbi kimi binaya vurulmuş poliuretan üzlüklər göstərilir. Amma binanın üzlənməsinə hansı dövlət orqanının sifariş verdiyi, üzləyən şirkətlə müqaviləni kimin bağladığı bəlli deyil. Baxmayaraq ki, bu yanğını bir ildən artıq istintaq araşdırıb, az qala, yarım ildir də məhkəmə gedir.

Bu iş üzrə noyabrın 15-də keçirilən məhkəmə iclasında Xətai rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Qafur Rəhmanov şahid kimi dindirilib. O deyib ki, yanğın baş verəndə Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri idi, hadisədən sonra icra başçısının müavini təyin olunub, hazırda isə işsizdir.

BİNA KİMİN BALANSINDA OLUB

«O bina bizim balansımızda deyildi, Bakı Şəhər Departamentinin balansında idi. Binanın fasadlanması işləri Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə aparılırdı. O ərazi əhalinin gediş-gəliş üçün çox istifadə elədiyi yer idi. Ona görə biz binanın ətrafında təmizlik işlərinə, səliqə-sahmana baxırdıq», – Q.Rəhmanov bildirib. Əlavə edib ki, yanğından bir müddət sonra zərərçəkən sakinlər Xətai rayon İcra Hakimiyyətinə qəbula gəliblər: «Ondan sonra ziyan çəkənlərə kompensasiya ödənildi, evlərin təmizlənməsi, yanmış əşyaların daşınması işlərinə yardım edildi».

Q.Rəhmanov ifadəsini bitirəndən sonra məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov cinayət işinin materiallarına əlavə olunmuş məktubu onun nəzərinə çatdırıb. Bakı şəhər İcra Hakimiyyətindən göndərilmiş həmin məktubda yazılıb ki, binanın üzlənməsinin sifarişçisi onlar olmayıb.
Q.Rəhmanov bu ziddiyyətə aydınlıq gətirə bilməyib. O, həmçinin binanın yanmasının səbəbi barədə sualı cavablandıra bilməyəcəyini deyib.

«NƏ LAZIM OLURDUSA, ALIRDIM»

Binanı üzləyən TNH şirkətinin əməkdaşı, Rusiya vətəndaşı Oruc İsmayılov da dindirilib. Şirkətin təchizat şöbəsində qeyri-rəsmi təchizatçı işlədiyini, 600 manat əməkhaqqı aldığını deyən şahid nə iş gördüyünü də danışıb. Deyib ki, üzlənmə işləri gedən sahəyə gərəkən avadanlıqlar alıb aparırdı: «Məsələn, ustalara əlcək və s. Sifarişi sahə rəisindən alırdım. Mühasibatlıqdan pulu alıb, bazara gedirdim. Nə lazım olurdusa, alırdım».

Bununla da məhkəmədə zərərçəkən və şahidlərin dindirilməsi mərhələsi yekunlaşıb.

Noyabrın 22-də keçiriləcək məhkəmə iclasında iş materiallarındakı sənədlər tədqiq olunacaq.

XATIRLATMA

Sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə, faktiki, rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələr doğuranda) maddələriylə ittiham edilirlər.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, «Astoriya» MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG