Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:33

"Pul istəmirəm, mənə ikiotaqlı mənzil verin"


İllüstrasiya
İllüstrasiya

►Köçürülən yataqxananın sakinləri: Gedək, getməyək?

5 mərtəbəli binanın böyük hissəsi köçünü tutub gedib, təqribən 20 ailə hələ də binadan çıxmır

Xətai rayonu, Cavanşir küçəsi 10-da yerləşən və qəzalı olan 2 saylı yataqxananın sakinlərinin böyük hissəsi köçürülsə də, binanı tərk etməyənlər var.

Onlardan biri Atamoğlan Məmmədov deyir ki, yataqxanadan çıxmamasının səbəbi kompensasiya ilə razılaşmamasıdır:

“1 otaqlıya da 45 min, 2 otaqlıya da həmin məbləğ… Halbuki, burada yaşayanlara ikinci otaq ailə tərkibinin artmasına görə sonradan verilib. Deməli, ikinci otağın da kompensasiyası ayrıca olmalıdır. 45 min manat isə 1 otaqlı mənzillərə görə verilir”.

20 AİLƏ QALIB

Uzun illər idi ki, yataqxana sakinləri qəzalı və şəraitsiz binada əziyyət çəkirdilər. Bu il martın sonunda binanın 3-4 mərtəbələri arasındakı panellərin dağılması hökuməti hərəkətə gətirdi.

Apreldə Nazirlər Kabineti sakinlərə 45 min manat kompensasiya ödənilməsi barədə qərar qəbul etdi. 160 ailədən binada təqribən 20 ailə qalıb. Bu ailələr kompensasiya ilə razılaşmayanlardır.

Sədaqət Bəhlulova:

“Həyat yoldaşım 30 ildən çox toxuculuq kombinatında işləyib. Bu yataqxanada əvvəl 1 otağı olub. Uşaqların sayı artdıqdan sonra 1 otağı 2 otaqlıya dəyişmişik. Bizdə olan məlumata görə, qərarda 45 min manat 1 otaqlılara şamil olunub. Ancaq icra hakimiyyəti ikiotaqlı sakinləri də elə 45 min manatla yola salır. Mən bir söz demirəm, pul da istəmirəm, mənə ikiotaqlı mənzil versinlər, 4 uşağımı da yığım, gedim”.

____________________________________________________________

Bunlara da bax:
Mehriban Əliyevadan 10 min nəfərlik amnistiya təşəbbüsü
Naxçıvanda «sosialızm qurulub»

____________________________________________________________

“BİNANI TƏRK ETSİNLƏR”

Xətai rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, kompensasiya bərabər şəkildə hesablanıb:

“Nazirlər Kabinetinin qərarına görə, kompensasiya mənzillərin sahəsinə, otaqların sayına yox, ailəyə görə hesablanıb. Yəni hər ailəyə 45 min manat məbləğində. Sakinlərə 10 gün vaxt verilib. Yataqxana hər an uça bilər. Sakinlər oranı tezliklə tərk etməlidilər. Binanı tərk etsinlər, həyatları təhlükədən uzaq olsun, bundan sonra buyursunlar, kompensasiya məsələsini məhkəmədə mübahisələndirsinlər”.

2 saylı yataqxana 5 mərtəbədən ibarətdir. 1979-cu ildə inşa edilib. Əvvəllər H.Z.Tağıyev adına toxuculuq kombinatının balansında olub. Kombinat fəaliyyətini dayandırdıqdan sonra yataqxana Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilib. Hələ bir neçə il əvvəl qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilib. Bu ilin martında isə binanın bir hissəsi uçub. Bundan sonra sakinlərə 45 min manat kompensasiya ödənilməklə onların böyük hissəsi köçürülüb.

XS
SM
MD
LG