Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

Xədicə İsmayılın 29 min manatlıq tələbi təmin olunmadı


Xədicə İsmayıl və vəkili Fariz Namazlı

Xədicə İsmayıl və vəkili Fariz Namazlı

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl prokurorluqdan 29 min 30 manat (20 min mənəvi, 9030 manat maddi ziyana görə) kompensasiya tələb edir.

Bu məbləği jurnalist CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə qanunsuz həbsdə saxlanıldığı 91 günlük müddətə görə istəyir. Həmin ittiham üzrə bəraət alan jurnalistin kompensasiya tələbinə üç aydır ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baxılırdı. Jurnalistin iddiası əsasında Maliyyə Nazirliyi də üçüncü tərəf qismində prosesə cəlb olunub.

Oktyabrın 18-də keçirilən yekun məhkəmə iclasında jurnalistin vəkili Yalçın İmanov iddianı müdafiə edib. Bildirib ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Bakı şəhər prokurorluğunda CM-nin 125-ci maddəsi ilə təqsirləndirilərək, Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Buna da bax:​ Xədicə İsmayılın apellyasiya şikayəti təmin olunmadı

“YAXŞI GƏLİRDƏN MƏHRUM OLUB”

O, 2015-ci il fevralın 13-nə qədər yalnız bu maddə ilə həbsdə saxlanılıb. Fevralın 13-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ona daha dörd maddə (qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə, mənimsəmə) ilə ittiham verilib. Ardınca da hər iki cinayət işi birləşdirilib. 2015-ci il martın 6-da Xədicə İsmayıla verilmiş yeni ittihamlarla əlaqədar həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Yəni, jurnalist dekabrın 5-dən martın 6-na qədər yalnız bir ittihamla (125-ci maddə) həbsdə saxlanılıb.

Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayıla 125-ci maddə üzrə bəraət verib. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bəraəti qüvvədə saxlayıb.

"Xədicə İsmayılın bəraət alması o deməkdir ki, o bu ittihamla həbsdə qanunsuz saxlanılıb. Qanunsuz həbsdə saxlanıldığı müddətdə isə ona həm maddi, həm də mənəvi ziyan dəyib. Biz vəkillərlə bağlanmış müqavilələrə görə ödənilən məbləğin qəbzini, Xədicənin gəlirləri barədə Vergilər Nazirliyinin arayışını məhkəməyə təqdim etdik. Arayışdan görünür ki, Xədicə İsmayıl 2011-2014-cü illərdə 103 min manat gəlir əldə edib və 4121 manat vergi ödəyib. Bu isə o deməkdir ki, onun kifayət qədər yaxşı gəliri olub və o, qanunsuz həbsdə saxlanıldığı müddətdə bu gəlirlərdən məhrum olub", – Yalçın İmanov bildirib.

Buna da bax:​ Xədicə İsmayıl: “Onları Azərbaycana mal-mülk bağlayır” (VİDEO)

SƏNƏDSİZ XƏRCLƏR

Vəkil Xədicə İsmayıl həbsdə olduğu müddətdə yanına aparılan sovqatlara, Kürdəxanıdakı istintaq təcridxanasına gedib-gəlmək üçün taksi xidmətlərinə çəkilən xərcləri də maddi ziyan kimi məhkəmənin nəzərinə çatdırıb: "Bunlar elə xərclərdir ki, onları hansısa sənədlə sübut eləmək mümkün deyil. Amma hamıya məlumdur ki, həbsdə saxlanılanların böyük əksəriyyəti yaxınlarının gətirdiyi ərzaq hesabına dolanır. İstintaq təcridxanasının, cəzaçəkmə müəssisələrinin qarşısında əllərində sovqat torbaları olan çoxlu insanlar da bunun göstəricisidir".

İş üzrə cavabdeh Bakı şəhər prokurorluğunun nümayəndəsi Günel Əkbərli isə iddianın təmin olunmamasını istəyib. Deyib ki, Xədicə İsmayılın təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsaslar olub.

Maliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov da iddianın əleyhinə çıxıb.

Buna da bax:​ R.Kauzlarich Vaşinqtonun Bakıdakı səfiri geri çağırmasını istəyir (Yenilənib - Video)

“ORTAYA ARQUMENT QOYMURLAR”

"Həm cavabdeh, həm də üçüncü tərəf iddianın təmin olunmamasını istəyir. Amma bu fikirlərini əsaslandıran heç bir arqument ortaya qoymurlar. Xədicə İsmayılın 125-ci maddə ilə qanunsuz həbsdə saxlanılması məhkəmə hökmü ilə təsdiqlənmiş faktdır. Biz də buna görə cavabdehdən 29 min 30 manat kompensasiya alınıb ona ödənilməsi barədə qərar çıxarmağınızı xahiş edirik", – jurnalistin digər vəkili Fariz Namazlı çıxışında deyib.

Hakim Azər Tağıyev bir neçə dəqiqəlik müşavirədən sonra iddianın təmin olunmadığını elan edib.

Buna da bax:​ Xədicə cəzanın azaldılması qərarından şikayət verib

Fariz Namazlı AzadlıqRadiosu-na bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə CM-nin 125-ci maddəsilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

X.İsmayıl ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG