Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04

Prokurorluq Xədicə İsmayılın iddiasını qəbul etmir


Xədicə İsmayıl vəkili Yalçın İmanovla

Xədicə İsmayıl vəkili Yalçın İmanovla

►Vəkil: “İztirabları anlamaq çoxmu çətindir?”

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın 29 min 30 manatlıq kompensasiya tələbilə qaldırdığı iddianı prokurorluq qəbul etmir.

Bunu Bakı şəhər prokurorunun köməkçisi Günel Əkbərli sözügedən iddia üzrə avqustun 24-də keçirilən məhkəmə iclasında deyib.

İddiaya Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baxılır.

Xədicə İsmayılın nümayəndəsi Yalçın İmanov bir daha iddianı müdafiə edib və deyib ki, Bakı şəhər prokurorluğunun CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə elan etdiyi ittiham əsasında 2014-cü il dekabrın 5-də jurnalistin barəsində həbs-qətimkan tədbiri seçilib. Jurnalist 2015-ci il martın 6-na qədər – 91 gün ərzində yalnız bu ittihamla həbsdə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi isə həmin ittiham üzrə ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də həmin hökmü qüvvədə saxlayıb.

X.İsmayıl qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyanı 20 min, maddi ziyanı isə 9 min 30 manat hesablayıb.

“MADDİ ZİYAN KİMİ HESABLANA BİLMƏZ”

Vəkil qeyd edib ki, maddi ziyana Xədicə həbsdə saxlanılarkən ailəsinin onun yanına aparılan sovqata, təcridxanaya gedib-gəlmək üçün taksi xidmətinə xərclədiyi vəsait, vəkillərə ödənilən xidmət haqqı, işləmədiyinə görə məhrum olduğu əməkhaqqı və s. xərcləri hesablayıb. Yalçın İmanov maddi ziyanla bağlı müəyyən sənədləri məhkəməyə təqdim edib.

Cavabdeh Bakı Şəhər Prokurorluğunun nümayəndəsi bildirib ki, iddianı qəbul etmirlər.

"Xədicə İsmayılova barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar kifayət qədər əsaslı olub. İddianın təmin olunmamasını xahiş edirik", – Günel Əkbərli qeyd edib.

Üçüncü tərəf qismində prosesə cəlb olunmuş Maliyyə Hazirliyinin nümayəndəsi isə iddia edib ki, X.İsmayıl qanunsuz sahibkarlıq ittihamı ilə məhkum olunduğuna görə onun həbsdə qaldığı müddətdə məhrum olduğu qazanc da maddi ziyan kimi hesablana bilməz:

"Xədicə İsmayılova barəsində bəraət hökmü çıxarılmayıb. Onun üzərindəki qanunsuz sahibkarlıq ittihamı ilə bağlı hökm qüvvəyə minib. Yəni onun əmək fəaliyyəti qanunsuz sahibkarlıq kimi qiymətləndirilib. Belə olan halda, qanunsuz sahibkarlıqdan əldə olunmuş qazanc əldən çıxmış gəlir sayıla bilməz. Dəymiş maddi və mənəvi ziyan yetərincə əsaslandırılmadığına görə iddia təmin olunmamalıdır".

Bunlara da baxın:

“İZTİRABLARI ANLAMAQ ÇOXMU ÇƏTİNDİR?”

Jurnalistin nümayəndəsi Y.İmanov həm prokurorluğun, həm də Maliyyə Nazirliyinin nümayəndələrinin dediklərinə etiraz edib:

"Biz həbs-qətimkan tədbirinin qanuni olub-olmadığını mübahisələndirmirik. Söhbət Xədicənin bəraət aldığı ittihamla 91 gün nahaqdan həbsdə saxlanılmasından gedir. Məhkəmə məhz bu ittiham üzrə ona bəraət verib. Xədicə İsmayıl AzadlıqRadiosu ilə yanaşı, bir sıra başqa layihələrdə də çalışıb, əldə etdiyi qazancdan vergi ödəyib. Qanunsuz həbsdə saxlanıldığı müddətdə isə həmin gəlirlərdən məhrum olub. Məhkəmə də həmin gəlirləri qanunsuz sahibkarlıq fəaliyyətinin nəticəsi kimi qiymətləndirməyib. Mənəvi ziyana gəlincə, bir insanın 91 gün günahsız yerə həbsdə saxlanılması nəticəsində çəkdiyi iztirabları başa düşmək çoxmu çətindir?!"

Vəkil X.İsmayılın gəlirləri və ödədiyi verginin məbləği barədə Vergilər Nazirliyindən alınmış arayışı da məhkəməyə təqdim edib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə CM-nin 125-ci maddəsilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Avqustun 8-də X.İsmayılın üzərindəki şərti cəzanın müddəti 2 il 3 aya endirilib.

X.İsmayıl ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG