Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

-

Putin siyasi səhnəni «sterilizə» edib; Hər gün 1000 əfqan didərgin düşür – 19 may Qərb mediasının icmalı.

«The National Interest» dərgisi azərbaycanlı təhlilçilər, Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Kamal Qasımov və Fuad Çıraqovun məqaləsini dərc edib.

Yazıda Rusiya mediasının bu yaxınlarda Azərbaycanla bağlı yaydığı iddialardan söz açılır. Belə ki, Dağlıq Qarabağda son toqquşmalar gedən vaxt «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması yaraqlılarının guya Azərbaycan tərəfdən savaşması iddiaları ortaya atıldı. İddiaya görə, 50-70 azərbaycanlı silahlı Raqqadan Qarabağa gəlib ki, döyüşlərə qatılsın.

*Hər gün yeni videolar hazırlayırıq - abunə ol, maraqlı videoları izlə

Rusiya və Ermənistan mediası İŞİD-çilərin bu münaqişədə iştirakına dair ortaya dəlil qoya bilməsə də, maraqlıdır ki, İranın bəzi internet mənbələri də bu informasiyanı tirajladı.

«İŞİD-in Qarabağda döyüşdüyünü iddia etməyə güclü təxəyyül lazımdır. Birincisi, Azərbaycan dünyəvi şiə dövlətidir, İŞİD isə şiələrə «kafir» deyir, İraq və Suriyada şiə icmalarıyla vuruşur. İkincisi, Azərbaycan terrorçuluqla mübarizə və regional təhlükəsizlik məsələlərində ABŞ-ın tərəfdaşıdır. Üstəlik, İŞİD və digər terrorçu qrupları təbliğ edənlər daima Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidməti tərəfindən təqib olunur. Bundan savayı, İŞİD millətçiliyin bütün əlamətlərini rədd edir, BMT üzvü olan, müasir beynəlxalq hüququ tanıyan müsəlman dövlətlərini qanunsuz və «kafir» adlandırır», - müəlliflər yazır.

Yazıda vurğulanır ki, cihadçı qrupun dünyəvi əsaslı, yəhudilər, xristianlar və ateistlərin ordusunda birlikdə xidmət etdiyi bir ölkənin ərazi bütövlüyü uğrunda savaşması real deyil. İŞİD-in cihadçıları Azərbaycana müharibəyə getməyə dilə tutmasını da təsəvvürə gətirmək çox çətindir.

«Bütün bunları nəzərə alaraq, döyüş zonasında hər hansı qəddarlıq oxşar iddiaları əsaslandıra bilməz. Təhlilçi Didier Chaudet-nin sözlərilə desək, beynəlxalq cihadçılıqla mübarizənin geosiyasi oyunlarda manipulyasiya edilməsi çox ciddi və təhlükəli bir işdir».

RBC

RBC

RUSİYANIN MEDİANI NEYTRALLAŞDIRMASI

«The Washington Post» qəzeti redaksiya məqaləsində Rusiyada azad mediaya təzyiqlərdən yazır. Milyarder Mikhail Prokhorov-a məxsus RBC şəbəkəsi son iki ildə Rusiyada indiyədək eşidilməmiş işlərlə məşğul olurdu. Araşdırıcı jurnalistikaya baş vurur, bunu geniş auditoriyaya çatdırırdı. Ancaq mayın 13-də onların da dövranı bitdi. Media qrupunun üç redaktoru istefa verdi. Bəzi media orqanları yazır ki, onlar istefaya məcbur ediliblər, çünki Kreml qurumun yaydığı informasiyalardan, onun artan populyarlığından rahatsız olmağa başlayıb.

«Prezident Vladimir Putin Rusiyada müstəqil xəbərləmənin kökünü tamamilə kəsməyib, onu sıxışdırıb. Bəzi liberal media orqanlarının işləməsinə imkan verib, ancaq, demək olar, bütün media orqanları özünüsenzurayla məşğul olub. Putin-ə meydan oxuyan qurum dərhal neytrallaşdırılıb. Nə vaxtsa NTV televiziyasının, 2014-cü ildə Lenta.ru saytının başına gələnləri indi də RBC yaşayır», - qəzet yazır.

RBC Rusiya Pravoslav Kilsəsinin mülkiyyətindən, Ukraynadakı Rusiya əsgərlərindən, Mədəniyyət Nazirliyində korrupsiyadan, tabu mövzu sayılan, Putin-in ailəsindən, qızlarından yazırdı. Qurum ofşor sərvətləri üzə çıxarmış «Panama Sənədləri»ni də işıqlandırdı.

«Putin-in adamları müxalifətçiləri susdurmaqdan ötrü zorakılıqdan istifadə edirlər. Bu yaxınlarda kremlyönlü qrup korrupsiyaya qarşı çıxan fəal Alexei Navalny-ya və tərəfdarlarına hücum edib. Putin-in stili düşmənlərinə eyni vaxtda hücuma keçməkdir. Hədəf isə qorxu yaratmaqdır. «Levada» sorğu mərkəzindən Lev Gudkov deyir ki, Putin siyasi səhnəni «sterilizə» edib, adamların sosial problemləri ictimai şəkildə müzakirəsi üçün heç nə saxlamayıb».

«The Washington Post» yazır ki, cənab Putin avtoritarizmə aparan yolu seçib, baxmayaraq ki, vaxtilə Rusiya demokratiyasını qeyd-şərtsiz qoruyacağını deyirdi. Əvəzində, şəxsiyyətə pərəstiş yaradıb və burada Rusiyanın gələcəyi riskə qoyulub.

Əfqan qaçqınlar Yunanıstanda

Əfqan qaçqınlar Yunanıstanda

HƏR GÜN 1000 ƏFQAN DİDƏRGİN DÜŞÜR

Bu ilin əvvəlindən hər gün 1000 əfqan evindən didərgin düşüb. Onlar, əsasən, ağır döyüşlərin getdiyi Kunduz, Herat və Uruzqan əyalətlərindən qaçırlar. Bu barədə BMT yeni hesabat yayıb.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə Ofisinin (OSHA) yaydığı hesabatda deyilir ki, ilin ilk dörd ayında 118 min əfqan canını qurtarmaq məqsədilə evini-eşiyini qoyub qaçıb.

Özəlliklə, Kunduz əyalətində durum ağırdır, 22 min 400 məcburi köçkün yaranıb. Problem ondadır ki, təhlükəsizliyə görə bu insanlara humanitar yardım çatdırılmasında da problemlər var.

Zorakı döyüşlərdən qaçanlara ailə üzvləri, qonşuları qapını açır. «Bir evdə altı ailənin yaşadığının şahidi olduq», - qurumun təmsilçisi Syed Zaheer deyir.

Ancaq humanitar agentliklər gündəlik ərzaq, qida məhsulları, sığınacaq, qeyri-ərzaq və tibb ləvazimatlarını çatdırmağa çalışırlar.

«Kunduzda 2-3 dəfə didərgin düşən ailələr var», - qurumun başqa bir təmsilçisi Gift Chatora deyir. «Onlara humanitar yardım çatdırmaq çətindir, uşaqlar təhsildən kənar qalır, qidalanmır, valideynləri ailəni saxlaya bilmir...».

Həmçinin izlə: AzadlıqRadiosu Youtube Kanalında baxın:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG