Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

►Yerli cins mal-qaraya üstünlük veriləcək

Azərbaycan əvvəlki kimi xaricdən damazlıq iribuynuzlu qaramal almayacaq. Səbəb manatın məzənnəsidir. Neft və manat dəyərdən düşdükcə kənardan cins heyvan almaq dövlətə baha başa gəlir.

Sonuncu dəfə prezident İlham Əliyev 2015-ci ilin avqustunda damazlıq heyvanlarının idxalı və güzəştli lizinqlə satışı məqsədilə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat vəsait ayırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Azadlıq Radiosuna deyib ki, bundan sonra yerli damazlıq təsərrüfatlarında yetişdirilən heyvanlara üstünlük veriləcək.

«Bu məqsədlə bu ilin oktyabrından yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırmaq üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə, onun sahiblərinə 100 manat subsidiya veriləcək. İlin sonunadək fermerlərə 1 milyon 250 min manat subsidiyanın veriləcəyi gözlənilir».

Buna da bax: Avropa inəklərinin Azərbaycan aqibəti...

4000 baş qaramal yoldadır

Ancaq, əvvəllər bağlanmış müqaviləyə uyğun olaraq sentyabrın ortalarından etibarən 4000 baş damazlıq heyvanın Avstriya və Almaniyadan gətiriləcəyi gözlənilir.

Bunu isə Azadlıq Radiosuna «Aqrolizinq» ASC-nin şöbə müdiri Kamil Şamilov bildirib. O, deyib ki, indiyədək qurumun xətti ilə xaricdən 21 500 baş qaramal gətirilib. Bunun 3255 başı bu il alınıb.

Xaricdən alınan qaramal bahalaşıb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin birinci yarısında Avstriya, Almaniya və Avstraliyadan 3038 baş safqanlı cins iribuynuzlu düyə, inək gətirilib. Bu, keçən ilin yanvar-iyun aylarındakı göstəricidən 2 dəfə azdır. Bu il bir baş qaramal 3060 ABŞ dollarına, ötən il isə bundan 691 dollar 20 sent ucuz alınıb.

Süni Mayalanma Mərkəzi tikilir

Hazırda Kənd Təsərrüfat Nazirliyi Respublika Süni Mayalanma Mərkəzinin tikintisi ilə məşğuldur. Mərkəzin və onun 12 regional bölməsinin yaradılması məqsədilə keçən ilin avqustunda nazirliyə 2,8 milyon, bu ilin iyununda isə 8,4 milyon manat vəsaiti ayrılıb. Süni Mayalanma Mərkəzinin nə vaxt hazır olacağı haqda, hələlik, bir söz deyilmir.

Buna da bax: Avropalı inəklərin Orta Asiya problemləri

Fermer pulun yarısını ödəyir

Şərtlərə görə, fermerlər damazlıq qaramalın xaricdən alış qiymətinin 50 faizini 3 il müddətində ödəyirlər. Pulun qalan hissəsi dövlət büdcəsindən verilir.

İndiyədək, xaricdən gətirilən damazlıq heyvanların bir hissəsi iri özəl heyvandarlıq təsərrüfatlarının yaradılması üçün istifadə olunub. Heyvanların bir qismini isə ailə-fermer təsərrüfatları alıblar. Mütəxəssislər idxal olunan həm südlük, həm də ətlik iribuynuzlu heyvanların məhsuldarlığın yüksək qiymətləndirirlər. Ancaq onların bəslənməsi xüsusi qayğı tələb edir.

XS
SM
MD
LG