Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:55

Bakı xarabalıqlarından pul qazananlar- [Fotolar]


►“Bir müddət yaxşı söküntülər vardı, gözləyirdik ki, "Kubinka" da sökülsün. Ancaq “manat öləndən” sonra yəqin sökməzlər”

Son vaxtların söküntüləri həm şəhərin kənarında, həm də mərkəzdə çoxlu xarabalıqlar yaradıb. Ancaq uçulub dağılmış bu yerlərin də öz “sakinləri” var. Buralarda gecələyənlər də var, nəsə tapmaq ümidiylə gəzib dolaşanlar da.

Kimsə bu dağıntılarda qazsız, istiliksiz Bakı kəndlərində satmaq üçün taxta yığır, kimsə köhnə qab-qacaq, lazımsız stol, stul axtarır. Kitab tapanlar da var.

Bakı kəndlərinin “istilik təchizatı”

Adının Fərman olduğunu deyən 35-40 yaşlarında bir kişi dağıntıların içindən topladığı iri taxta parçalarını səliqə ilə üst-üstə yığır. Arada soyuqdan qızarmış əllərini ovuşdurur. Deyir ki, onun işi taxtaları ayırıb yığmaqdır. Sabah “şəriki” gəlib yığdığı taxtaları Qobu və Güzdək kəndlərinə aparacaq:

“Oralarda qaz yoxdur. Bu taxtaları aparıb orda ucuz satırlar. Mənim işim burdakı taxtaları yığmaqdır”.

Fərman deyir ki, topladığı taxtaların az-çoxluğundan asılı olaraq, şəriki ona 5-10 manat verir.

Onun adını çəkməyən başqa bir “həmkarı” isə söyləyir ki, söküntülərin əvvəlində yaranan bütöv, qırılmamış taxtalar daha çox işə yarayır:

“Adam tanıyıram ki, hətta Bakıda evlər təzə-təzə sökülən vaxt həmin taxtaları yığıb aparıb ev tikirdi. İndi qalanlar ancaq yandırmaq üçündür”.

Buna da bax: Azərbaycan iqtisadi artımda Ermənistandan da geri qalır

Dağıntılardan “bit bazarı”na

Sürücü işləyən Kamandar Əliyev Bakıda Füzuli küçəsi sökülən vaxtlardan ev sahiblərinin qoyub getdiyi əşyaları yığır. Aparıb Sabunçuda köhnə pal-paltar, işlənmiş əşyalar satılan bazarda satır:

“Basin küçəsində, sonra Bayıldakı söküntülərdə çox şey yığmışam. Nə bilim, pal-paltar, qab-qaşıq. Elə adam olub, özü çağırıb verib ki, “köçürəm, bu divanı aparmıram, atmağa da ürəyim gəlmir”, verib mənə. Mən də 20 manata satmışam. Oyuncaqlar, pal-paltar yığıb “bit bazarında” satmışam. İndi arada “Sovetski”yə gedirəm, orda da nəsə tapmaq olur. Ancaq oralarda hələ çox yerdə yaşayış olduğuna görə axşamlar gedirəm”.

Füzuli küçəsində sökülmüş evlərin yerində park salınsa da, bir-iki yerdə kiçik dağıntılar, yarısökülmüş evlər qalır. Qonşular deyir ki, buralar axşamlar evsiz-eşiksizlərin sığınacaq yerinə çevrilir.

Qırmızı kreslo, bir cüt ayaqqabı, atılmış kitablar...

Milli Dram Teatrının arxasında sökülmüş evlərin yerindən indi də nələrsə axtarıb tapırlar. Bakıdakı bazarlarda yük daşıyan ahıl kişi də bura tez-tez gəlir. Deyir, neçə gündür dağıntıların içindəki qırmızı kreslonu gözü tutub: “İndi fikirləşirəm ki, onu necə gəlim götürüm. Tək apara bilmərəm, gərək iş yoldaşlarımdan birini özümlə gətirim”.

Burda yaşayanlar qonşuluqdakı söküntülərə tez-tez yad adamların gəldiyinə görə qapılarına müxtəlif məzmunlu xəbərdarlıq elanları yazıb yapıdırır. Həmin xəbərdarlıqlarda həyətlərə girənlər polislə hədələnir.

“Onsuz da o köhnə oyuncaqla bir cüt ayaqqabı neçə vaxtdır orda qalıb. Ya da o ipdəki paltar sancaqları. Demək ki, kiməsə lazım deyil. Ona görə götürsəm, kiməsə ziyan vurmaram”.

Bunu isə dağıntıların içində eşələnən yaşlı qadın deyir.

Daş-kəsək altından kitab yığanlar da var. Köhnə əşyaların satışı ilə məşğul olan Teymur kimi. O, xarabalıqlardan tapdığı kitabları təmizləyib 10-20 qəpiyə bukinistlərə verir:

“Elə olub ki, zibilin, palçığın içindən çox qiymətli bir kitab tapmışam. Silib təmizləmişəm. Qurudub 2 manata satmışam. Yadımda deyil hansı kitabdır. Tibbə aid idi, ruscaydı”.

Buna da bax: “Charlie Hebdo” tanrının da karikaturasını çəkdi

“Kubinka”nın sökülməsini gözləyirmiş...

“Şəhər kənarında sökülən qaçqın yataqxanalarının yerindən isə qiymətli, lazımlı əşya tapmaq olmur. Qaçqınlar gedəndə hər şeyi özləriylə aparırlar. Bir də ki yazıqların nəyi var ki, qoyub getsinlər”. Əhmədlidə sökülmüş yataqxana binalarının arasında eşələnən kişi gileylənir: “Buralarda uzaqbaşı yandırmağa taxta parçası tapmaq olur. Bir də ora-bura yamaq vurmaq üçün qum, daş qırıntıları”.

Taxta yığan Fərman söyləyir ki, səbirsizliklə “Kubinka”nın sökülməsini gözləyirmiş. Ancaq manatın ucuzlaşması arzusunu ürəyində qoyub: “Bir müddət yaxşı söküntülər vardı, gözləyirdik, "Kubinka" da sökülsün. Ancaq “manat öləndən” sonra yəqin sökməzlər”.

Bakıda söküntülər 2010-cu ildən başlayıb. Neftçilər prospektində, “Xutor” qəsəbəsində, Heydər Əliyev Mərkəzinin ətrafında, Füzuli küçəsində, Bayraq Meydanı ərazisində onlarla ev sökülüb. Köhnə “Sovetski” küçəsində söküntülər hələ davam edir.

Yasamal rayon icra hakimiyyətindən bildirdilər ki, söküntülərdə oğurluq hallarının baş verməməsi üçün ərazilər hasara alınır. Bakı şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən isə bu mövzuda danışan tapılmadı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG