Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

İran parlamentində 'Türk fraksiyası' yarandı


Ayətullah Xamneyi (Ali Khamenei)
Ayətullah Xamneyi (Ali Khamenei)

Şirvani Ədilli: “İstənilən halda türkün sözü parlamentdə səslənəcək”

İran parlamentində Türk Fraksiyası yaradılıb. Fraksiyanın 100 üzvü var. Azərbaycanda bu xəbəri sevinclə, böyük ümidlərlə qarşılayanlar da var, ona ümidsiz yanaşanlar da.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltanın Türk fraksiyasından böyük gözləntiləri yoxdur. O bu fraksiyanı “Xamneyi fraksiyası” adlandırır.

Buna da bax:​ İran parlamentində Türk Fraksiyası yaradıldı

“Fraksiyanın tərkibinə baxsanız...”

“Düzdür, fraksiya Türk adıyla yaradılıb, bunu indiki İran şərtlərində normal qəbul etmək olar. Amma Azərbaycan türklərinin milli hüquqlarının təmin edilməsi baxımından, bu fraksiya inanmıram ki, hansısa güclü təsir göstərsin. Hə, ola bilər ki, İran Ana Yasasının 15-ci maddəsi ilə bağlı hansısa məsələni qaldıra bilərlər, hansısa bir türkün pozulan haqqından-filandan danışarlar. Ancaq ciddi təsiri olacaq fraksiya deyil, istər dünya Azərbaycan türklərinin haqlarının təmin edilməsi baxımından, istərsə də ayrı-ayrılıqda Güney Azərbaycan əyalətlərinin iqtisadi-mədəni inkişafının güclənməsi, inkişafı baxımından”.

“Bədbinliyiniz nədən qaynaqlanır” sualını S. Soltan belə cavablayır:

“Fraksiyanın tərkibinə baxsanız, deputatların, istisnasız, hamısı Ayətullah Xamneyinin tərəfdarlarıdır. Əslində, bu fraksiya daha çox Ayətullah Xamneyinin fraksiyasıdır, nəinki Azərbaycan türklərinin milli haqlarını qoruyanların. Bu, hakimiyyətin, guya, İranda milli haqların təmin edilməsi yönündə tələblərə bir cavabıdır. Bölgədə hüquqları təmin edilməyən etnik qrupların oyanış hərəkatı başlanıb, o cümlədən İran da bundan kənarda qalmayıb. İran rəsmiləri özləri də dəfələrlə etiraf ediblər ki, bu ölkədə milli problem var. Dünya da gözəl bilir ki, İran parçalanmış millətlər həbsxanasıdır. Ona görə, gözdən pərdə asmaqdan ötrü bu gün Türk Fraksiyası yaradılacaq, sabah Kürd. Bu sayaq məsələlərlə baş aldatmaq istəyirlər”.

“Onları “pantürkist” elan edib Körfəzdə batırarlar”

Yüz nəfərlik fraksiyanın hansısa məsələni qaldırmaq və onu parlamentdən keçirmək imkanı olmayacaqmı?

Buna da bax:​ İran seçkilərində türklərin haqlarından danışan varmı?

Sədrəddin Soltan suala sualla cavab verir: “Onlar hansı məsələni qaldıra bilərlər? Məsələn, qaldıra bilərlərmi ki, Güney Azərbaycanda Azərbaycan türkcəsində bir məktəb yoxdur? Və ya onlar məsələ qaldıra bilərmi ki, Güney Azərbaycanda televiziya və radio verilişləri türkcənin ədəbi qrammatikasına uyğun yayımlansın? Bunlar sadaladığımız problemləri qaldırmaqda acizdirlər və qaldırsalar da, onları “pantürkist” elan edib körfəzdə batırarlar”.

“İstənilən halda türkün sözü parlamentdə səslənəcək”

Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının üzvü Şirvan Ədilli isə sözügedən fraksiyanın yaranmasına sevinir. Təmsil etdiyi qurumun da onun yaradılmasını “müsbət hadisə”, “irəliyə doğru addım” kimi qiymətləndirdiyini deyir:

“İllərdir bu ölkədə Güney Azərbaycan türkləri öz hüquqları uğrunda mübarizə aparıb və bu hərəkat bu gün də davam edir. Yüz nəfərdən ibarət Türk Fraksiyasının yaradılması bu hərəkatın qələbəsidir. Bu hərəkat mərhələlərlə irəliləyib. 2006-cı ildə may hadisələri olub, 2012-ci ildə məhbusların aclıq aksiyası, 2015-ci ildə 9 noyabr hadisələri öz sözünü deyib. Bu gün belə bir fraksiya yaradılması müsbət hadisədir. Biz əvvəl bunu ancaq arzulaya bilərdik, indi isə gerçəyə çevrilib. Mühafizəkarlar da, islahatçılar da eyni fraksiyada bir araya gəliblər. Bu, irəliyə bir addımdır”.

Buna da bax:​ Azərbaycanda ilk feministlər kişilər olub

İranda yaşayan etnik türklərin problemlərinin həlli baxımından yeni fraksiyanın faydası nə ola bilər? Şirvani Ədilli belə cavab verir: “İstənilən halda türkün sözü parlamentdə səslənəcək. Azərbaycan türkləri ilə yanaşı, İranda yaşayan digər türkdilli xalqların problemlərinin, xüsusən ana dilində təhsil probleminin bu parlamentin tribunasından səslənəcəyini gözləyirik”.

Şirvani Ədilli, bir qədər uzağa gedərək, günün birində fraksiyanın türk dilinin İranda rəsmi dil səviyyəsinə qaldırılmasına nail olacağına da ümid bəsləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG