Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:42

Xaçmazda “Balaxanı” zibilliyi


Xaçmaz şəhərində yaşayış evlərinin yaxınlığında zibilxana.
Xaçmaz şəhərində yaşayış evlərinin yaxınlığında zibilxana.

►“İtləri vurub öldürürlər, leşlərini gətirib bura tökürlər. İt leşlərinin üstündəki milçəklər gəlir oturur evdə yediyimiz çörəklərin üstünə...”

Xaçmaz şəhərinin Dağıstan küçəsinin sakinləri təpədən dırnağa sözün gerçək mənasında zibilin içindədir. Neçə illərdir rayondakı dövlət və özəl müəssisələrin, üstəlik də küçələrin və evlərin məişət tullantıları bu əraziyə daşınır. Bir sözlə, bura ikinci “Balaxanı zibilliyi”dir. Zibil əvvəl 2, sonra azı 10 hektarı zəbt edib.

EVLƏRDƏ İKİ UŞAQDAN BİRİ XƏSTƏDİR

Rayon sakini Rauf Bəşirov 6 il əvvəl zibillik yaxınlığından torpaq sahəsi alıb, ev tikib. Həmin vaxt ona tezliklə ərazinin təmizlənəcəyini və zibillikdən əsər-əlamət qalmayacağını deyiblər. O da inanıb. İndi iki övladından biri xəstəliyə tutulub:

“Uşaqlar evdə qala bilmir. Yara-xora tökürlər... Məktəbə gedə bilmirlər. İndi də xalasıgildə qalırlar. Evdə milçəkdən oturmaq olmur. Gecələr pəncərəni aça bilmirik. İtləri vurub öldürür, cəsədlərini də gətirib bura tökürlər. İt leşlərinin üstündəki milçəklər gəlir oturur evdə yediyimiz çörəklərin üstünə... Xəstəlik də buna görə yayılır. İki uşağımdan biri astma xəstəsidir. Bax, o kişini görürsən? İki uşağı da xəstədir...”

Rauf Bəşirov, Xaçmaz sakini
Rauf Bəşirov, Xaçmaz sakini

Rayonda əhalinin sayı çoxaldıqca baş zibilxanası da, ora atılan tullantılar da artır. Zibil o qədər artıb ki, bu küçənin sakinləri üçün fəlakət mənbəyinə çevrilib. Burada hər şey görmək mümkündür – hətta xarab traktor da...

UŞAQLAR ZİBİLLİKLƏRDƏKİ “TƏAMLARDAN” DADIB ZƏHƏRLƏNİRLƏR

Bu məhəllədə əsasən gənc ailələr yaşayır. Hər ailədə də azı iki-üç uşaq böyüyür. Küçənin ən yaşlı sakini Aydın Pirimovdur. Deyir, ətrafda yaşayanların ən vacib gündəlik işi uşaqları nəzarətdə saxlamaqdır. Ancaq hərdən baş qarışıb nəzarətdən kənar qalan azyaşlılar zibillikdə gördüklərindən ağızlarına da atırlar, bu isə indiyədək az qala bir neçə uşağın faciəli ölümü ilə bitəcəkmiş:

“Bu küçədə hansı evə girsən, bir xəstə uşaq taparsan. Bütün Xaçmazın zibilləri bura daşınır. Qafqaz Konserv Zavodunun tullantıları, mağazalardakı istifadə müddəti ötmüş məhsullar, pivə, başqa içkilər... Hamısını gətirib tökürlər bura... Uşaqlar da anlamırlar. Götürüb yeyirlər, zəhərlənirlər. O gün gətirib bura nə qədər karamel töküblər... Axı bu uşaqlar nə bilirlər ki, təzədir, yoxsa köhnədir... Bu, əhaliyə qəsddir”.

Aydın Pirimov, Xaçmaz sakini.
Aydın Pirimov, Xaçmaz sakini.

Elə vəziyyətin dözülməz olmasından əlaqədar təşkilatlara ən çox yazan da Aydın Pirimovdur:

“Əvvəllər Xaçmazdan məktub göndərirdik, sonra başa düşdük ki, gedib ünvanına çatmır. 5 il əvvəl ekologiya ili elan olunanda gedib Bakıdan yolladım. O vaxt zibillik bu tərəfdə deyildi, yolun o biri üzündə idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldilər, həmin ərazini bağladılar, yaşıllaşdırdıq, qoruduq. Bir də baxdıq ki, zibilləri bu tərəfə daşımağa başlayıblar. Bir sözlə, zibili bığdan götürüb saqqala qoydular. O evlərin ətrafını təmizlədilər, bu evlərin ətrafını zibilxanaya çevirdilər”.

ƏS EY KÜLƏK, ANCAQ ƏKS İSTİQAMƏTƏ...

Son 2-3 ayda yazılan məktublardan sonra 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən gələrək sakinlərlə danışıb gediblər.

Burada yaşayanlar hər gün dua edirlər ki, külək əks istiqamətə əssin:

“Tüstünü görürsüz? İndi külək o tərəfədir, tüstünü vurub aparır. Külək bu tərəfə olanda o tüstü evimizin içərisində olur”.

Xaçmaz şəhərində yaşayış evlərinin yaxınlığında zibilxana.
Xaçmaz şəhərində yaşayış evlərinin yaxınlığında zibilxana.

Bir az da səslərini çıxaranda sakinləri hədələyirlər:

“Deyirlər, evlərinizi sökəcəyik, ərlərinizi tutacağıq. Ətrafımızda it leşləri, iyindən evdə oturmaq olmur. Bir tərəfdən də diri çaqqallar evlərimizə hücum edir. Başqa yerdə torpaq versinlər, sökək evimizi, daşlarımı daşıyaq başqa yerdə evimizi tikək. Kasıb adamlarıq, gedib ikinci dəfə hardasa torpaq almağa, ev tikməyə imkanımız yoxdur”.

ZİBİLLİYİ NƏZƏRƏ ALAYDILAR

5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən bölgə müxbirinə bildiriblər ki, ərazidəki evlər qanunsuz tikililərdir. Adamlar ev tikəndə gərək zibilliyi də nəzərə alaydılar.

Hüquqşünas Fuad Hüseynov deyir, əgər ərazi sakinlərin oradan yaşayış yeri kimi istifadəsinədək ərazi zibillik kimi fəaliyyət göstəribsə, indi məsuliyyət həmin torpaqları adamlara satan bələdiyyənin üzərinə düşür. Məhkəməyə müraciət edib başqa yerdə torpaq sahəsi ilə təmin olunmaq barədə iddia qaldıra bilərlər, tikiliyə çəkdikləri xərcləri də tələb edə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG