Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:33

Köhnə Xaçmazın köhnə dərdləri (Video)


Köhnə Xaçmazın köhnə dərdləri
Gözlə

No media source currently available

0:00 0:05:35 0:00

Köhnə Xaçmazın köhnə dərdləri

Bu kəndin sakinləri, əlikameralı birini görüncə, ən xırda detalın da görüntülənməsini istəyirlər

“Dövlətin basdırdığı dirəklərdir. Məftillər o qədər aşağıdan keçir ki, az qalır adamın başına dəysin.. Hələ bu birinə bax... Necə aşağıdan çəkilib naqillər... Köhnə, çürük naqillərdir”.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

KƏNDƏ VİDEOÇƏKƏN GƏLİB

Xaçmaz rayonunda adı kimi problemləri də çoxdan köhnəlmiş Köhnə Xaçmaz kəndində yaşayanların sanki əlinə girəvə düşüb - AzadlıqRadiosunun bölgə müxbirini üzük qaşı kimi dövrəyə alıb həyət-həyət gəzdirirlər. Deyirlər, hələ bu kəndin dərd-səriylə maraqlanan olmayıb. Elə o üzdən əlikameralı birini görüncə, ən xırda detalın da görüntülənməsini istəyirlər.

Burada əsas problemlərdən biri elektrik naqilləridir. O naqillər ki kəndin hər bir sakininə böyük təhlükə törədir:

“Şəxsən mən ölümdən qurtarmışam... Həyətimdə ağacları sulayanda, cərəyan vurdu... Hamı da şahiddir ki, ölümdən qurtardım...”.

Kənd sakinlərindən Murad Baloğlanov belə deyir və sözünü yekunlaşdırır:

“Görürsünüz? Çürüyüb… Yıxılacaq... Özbaşına dayanıb…”.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

NAQİLLƏRİN AYAQDA SAXLADIĞI DİRƏKLƏR

Hər elektrik dirəyindən, azı, 10 evə uzanan naqillərə uzatsan, əlin çatar. Çürük, istismar müddətini çoxdan başa vurmuş naqillər hər an istənilən ailənin işığını söndürməyə “hazır” görünür.

Yalnız naqillərin hesabına “ayaq üstə” dayanan elektrik dirəkləri də var. Bir balaca külək qalxdımı, bu dirəklərin aşacağından qorxan köhnə xaçmazlılar burunlarını evdən bayıra çıxara bilmirlər.

Köhnə Xaçmazın dərdi dirəklə bitsə nə vardı ki… Bu kəndin su, qaz, kanalizasiya və yol sarıdan da bəxti gətirməyib:

“Supulu yığırlar. Mən 500 manat xərc çəkib bağın başına su vurdurmuşam. Tək mən yox, bu kənddə yaşayanların hamısı su problemini öz cibinə həll etməyə çalışır. Yayda, ümumiyyətlə, su olmur. Qurumayan bağ qalmayıb. Dövlətə isə yalnız pul yığmaq qalır”.

Buna da bax: Kim kimi harda necə öpdü?

“BİLMİRİK BƏLƏDİYYƏ NƏ İLƏ MƏŞĞULDUR”

Kəndilər rayon mərkəzinə rahat gedib-gəlsin deyə, iki il əvvəl Qudyalçayın üzərindəki körpü yenilənib. Ancaq köhnə xaçmazlılar bunun xeyrini görə bilməyib, axı çaya gedən yolu bağlayıblar.

85 yaşlı Nazim Gülmirzəyev dərdini belə təzələyir:

“Bu kənddən kəsə yolla bazara 2 kilometr idi. Bələdiyyə çayın yolunu bağladı, indi bazarın yolu 8 kilometr uzanıb. Ümumiyyətlə, biz bilmirik ki, bələdiyyə nə ilə məşğuldur… Gəlir ki, torpaq vergisi ver, ev vergisi ver… Eləcə yığır.. Gəlsin görək, bu yığdıqlarını hara xərcləyir?”

Nazim kişi sonra üzünü həmkəndlilərinə tutub deyir: “Ay camaat, yığdıqlarından 1 manat bu kəndə xərcləyir?”

Yerbəyerdən:

- Yoxxx, yoxxx...

Nazim kişi sözünə davam edir:

“Üstünə nə üçün gedirsən, deyir, mənlik deyil… Su gəlmir, gedirik, deyir, mənlik deyil. Körpü yıxılıb, gedirik, deyir, mənlik deyil. A kişi, bəs bu kənddə sənlik nə var? Kim baxmalıdır bu kəndə?.. 5 il o biri işğal etdi kəndi, 1 ildir bunun əlində qalmışıq…”.

Kənd sakinlərindən Güləli kişi:

“Baxmırlar bizə... Biz də insanıq, axı... Yollarımıza baxın... Hələ işığı demirəm. Bir az külək əsən kimi işıq kəsilir”.

“58 ildir burda yaşayıram. Görünən kəndə bələdçi lazım deyil. Gələn də, gedən də bu kəndi görür. Bu dəqiqə qaz yoxdur. Deyirlər, meşəyə girmə, kəsmək olmaz… Anladıq, bəs qaz niyə verilmir? Yayın təmir işini qışa saxlayırlar. Qaz xətti də var, işıq xətti də... Ancaq hamısı bərbad vəziyyətdə… Hər ay gəlirlər ki, işıqpulu ver… Adamlar bel taxtasından dirək düzəldib işıq çəkir burda… Eləcə pul yığmaqla məşğuldurlar. Gəlib maraqlanan yoxdur. Külək olan kimi qısaqapanma baş verir, işıqlar keçir. Deyirlər transformator dövlətindir, nəbadə əl vurasınız… Olsun, əl vurmuruq, ancaq özləri də gəlib düzəltmirlər, axı... Ümumiytyətlə, bu kəndə baxan yoxdur”.

Köhnə Xaçmaz bələdiyyəsindən kəndlilərin giley-güzarına münasibət bildirən tapılmayıb.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

“BU YAXINLARDA…”

Xaçmaz rayon işıq idarəsindən soraq alınıb. Bildiriblər ki, Köhnə Xaçmazdakı qəzalı elektrik dirəkləri dəyişdiriləcək: “Əməkdaşlarımız kənddə dayaqlara baxış keçiriblər. Bu yaxınlarda köhnə dayaq və naqillər yeniləri ilə əvəz olunacaq”.

İcra hakimiyyətindənsə bildiriblər ki, regionların iqtisadi-sosial inkişafı planına görə, kəndlərdə insanların yaşayışının yaxşılaşdırılması, sosial problemlərin həlli mərhələli şəkildə həyata keçirilir. Kənd sakinlərinin tam anlayacağı dilə çevrilsə, bu o deməkdir ki, bir neçə kənddən sonra sıra Köhnə Xaçmaza da çatacaq…

Bax belə. Bu kəndin sakinləri qırılsa, başlarına düşəcək cərəyan naqillərindən, yolsuzluq və susuzluqdan qurtaracaqları günü hələ gözləməli olacaqlar…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG