Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

Niderland xalqı 'türklər rədd olmalıdır' deyəni seçsə...


Niderland parlamentinin deputatı Geert Wilders (solda)

Niderland parlamentinin deputatı Geert Wilders (solda)

Oktyabrın 31-də, Niderland xalqının seçkilərə getməsinə dörd ay yarım qalmış ifrat sağçı Azadlıq partiyasının lideri Geert Wildersin məhkəməsi başlayır. O, mərakeşlilərə nifrət yaratmaqda ittiham olunur.

Gələn il Niderland, Fransa və Almaniyada seçkilərin keçiriləcəyini nəzərə alsaq, bu məhkəmə prosesi vacib dövrə düşür. Bu seçkilərin hər birinə populist sağçı qruplar da qatılacaq. Onlardan biri də Wilders-in Azadlıq partiyasıdır (PVV). Bu qəbildən olan digər partiyalar kimi, o da öz seçki kampaniyasında immiqrasiya məsələsini qabardır.

“SÖZ AZADLIĞINA QARŞI”

Cümə günü Wilders məhkəməni boykot edəcəyini söyləyib. O, karikatura adlandırdığı bu məhkəmənin "söz azadlığına qarşı" olduğunu deyib. "AD" qəzetində çıxmış köşə yazısında o, "çox sayda mərakeşlinin törətdiyi pozuntu və terrordan cana gəlmiş milyonlarla hollandiyalının" adından danışdığını yazıb: "Bu barədə danışmaq təhqirdirsə, onda Niderland daha azad ölkə yox, diktaturadır".

Buna da bax:​ «Alternativ axtaranın yeri həbsxanadır»-Mətbuat icmalı

2014-cü ilin martında Wilders-in partiyası Haaqanın şəhər şurasında ən çox yeri qazanmış partiya olacaqdı. Ancaq onlar cüzi fərqlə ikinci oldular. Bu zaman Wilders tərəfdarları ilə dolu zala müraciət edərək onların "daha çox, yoxsa daha az mərakeşli" istədiyini soruşub. Zalın "daha az" deməsinə Wilders belə cavab verib: "Yaxşı, biz bunun qeydinə qalarıq".

Wilders-in bu sözünə görə 6 mindən çox adam polisə rəsmi şikayət ərizəsi verib. Həmin hadisədən doqquz ay keçmiş ona irqi ayrıseçkilik və nifrət yayma maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə ən böyük cəza iki il azadlıqdan məhrumetmədir. Ancaq adətən cərimə və icbari iş cəzaları kəsilir.

AZALAN NÜFUZ

Bir ildi ki, Wilders gələn ilin martında keçiriləcək parlament seçkiləri ərəfəsində favorit sayılırdı. Ancaq son rəy sorğuları onun ya Liberallardan (VVD) geri qaldığını, ya da onlarla eyni faizlərə malik olduğunu göstərir. Liberallar partiyasının rəhbəri hazırkı baş nazir Mark Rutte-dir.

Buna da bax: ​Niderlandın dərdi: həbsxanalar boşalır

Wilders-in azalan nüfuzu Niderlanda gələn qaçqınların sayının ötən ildən bəri kəskin azalması ilə eyni vaxta düşür. Ötən il sığınacaq axtaranlara yeni mərkəzlərin tikilməsi barədə planlar açıqlananda şəhərlərin meriyaları qarşısında etiraz aksiyaları baş qaldırmışdı.

Buna baxmayaraq, Wilders seçki kampaniyası gedişində özünün antiislam və anti-AB mövqeyini daha da gücləndirdi. Partiyasının yaydığı manifestdə hər bir məscidi bağlamaq vəd edilir. Manifestdə həmçinin hökumət binalarında “Quran”ı və baş örtüyünü yasaqlamağa, Şengen müqaviləsini cırmağa, "Nexit" ("Brexit"in Niderland variantı) referendumunun keçirilməsinə çağırışlar var.

BAŞ NAZİR DƏ SƏRT İFADƏLƏR İŞLƏDİB

Wilders dəfələrlə ya namizədliyini geri götürməyə, ya da işlətdiyi ifadələrə görə üzr istəməyə çağrılıb. Ancaq o, həmin çağırışları rədd edib. Baş nazir Rutte bildirib ki, Liberal partiyası Wilders öz sözlərini geri götürənə qədər onun partiyası ilə əməkdaşlıq etməyəcək.

Buna da bax: ​Niderland parlamentində Ukrayna səsverməsi

Ancaq baş nazirin özü də miqrantlara qarşı sərt ifadələrdən çəkinməyib. O, bir televiziya müsahibəsində bildirib ki, iyulda Rotterdamda Erdoğanı dəstəkləyən nümayişlər keçirən türklər "rədd olmalıdırlar".

Haaqa məhkəməsi Wilders-i təqsirkar bilsə, seçicilər cinayətkar sayılan şəxsi özlərinə baş nazir seçib-seçməmək barədə qərar verməli olacaqlar.

Bu, Wildersin işlətdiyi ifadələrə görə mühakimə olunduğu ilk hal deyil. 2011-ci ildə o, bir müsahibəsində islamı "faşist" din kimi qələmə verdiyinə görə müsəlmanlara qarşı ayrıseçkilik və nifrət yaymaqda ittiham edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG