Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Dopinqdə suçlanan Azərbaycan idmançısı: 'Ancaq vitaminlər qəbul etmişəm'


31 yaşlı ağırlıqqaldıran İntiqam Zairov
31 yaşlı ağırlıqqaldıran İntiqam Zairov

“8 ildən sonra dopinqə düşməyim düz deyil, axı... Bunu niyə vaxtında demirdilər? Mən 2008-ci ildə yarışa çıxmışam. 2016-cı ildə mənə deyirlər ki, dopinq qəbul eləmisənmiş. Niyə vaxtında yoxlamırdılar? Bəlkə yoxlamamaq üçün rüşvət vermişəm? Bu gün çıxan telefonlarla 8 il, 10 il əvvəlin telefonları arasında çox fərq var, o ki qala idman... Laboratoriya təkmilləşibsə, mən neyləyə bilərəm?”.

31 yaşlı ağırlıqqaldıran, iki dəfə olimpiya oyunlarına qatılan İntiqam Zairov qanında dopinq aşkar olunduğundan 8 il yarışlardan kənarlaşdırılıb. Dopinq ucbatından, bütövlükdə, Azərbaycanın 18 ağır atleti 4 və 8 illiyə yarışlardan diskvalifikasiya olunub. Elə dopinq qalmaqalından sonra Azərbaycan builki Rio Olimpiadasında iki yerindən məhrum edilib.

Buna da bax:​ Parlament dopinqlə mübarizə qanunu qəbul edir

Vitaminsiz idman yoxdur?

İntiqam Zairov dopinqlə bağlı bütün testlərdən keçdiyini söyləyir:

İntiqam Zairov: '8 ildən sonra dopinqə düşməyim düz deyil, axı... Bunu niyə vaxtında demirdilər?'
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00
Direct-ə keçid

“Mən ancaq vitaminlər qəbul eləmişəm. Vitaminsiz idman yoxdur. Vitamin qəbul eləməsəm, o ağırlığı qaldırmaq olmaz. Mən gündə tonlarla yük qaldırıb qoyuram ki, o nəticəyə gəlib çıxım. Alma şirəsiylə, yemək yeməklə bunu bərpa eləmək olmaz. Bəlkə də arasına nəsə qatılıbmış, ancaq bizim qəbul elədiklərimizin hamısı vitaminlər olub. Yarışlara çıxmamışdan da analizlər verib getmişəm. Sadəcə, bu, Rusiyaya qarşı olan bir oyun idi”.

Milli Antidopinq Agentliyi nə edəcək?

İndi Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılması nəzərdə tutulur. Bu barədə parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib. Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını, adıçəkilən yeni layihənin artıq birinci oxunuşa hazır olduğunu bildirir:

Fuad Muradov: 'Bizim gənclərimiz dopinqdən istifadə etməsinlər. Edərlərsə, bilsinlər ki, cəzaları var'
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

“İdman sahəsində böyük iddialarımız var. Biz Birinci Avropa Oyunları, Şahmat Olimpiadası keçirmişik. Gələn il İslam Olimpiadasını keçirəcəyik. Bu gün böyük beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Ona görə də, buna uyğun olaraq, həmin istiqamətdə qanunvericilik təşəbbüsü irəli sürmüşük. Bu istiqamətdə iş gedir. Həmin qanunda Milli Antidopinq Agentliyinin yaradılması da nəzərdə tutulur. Antidopinq Agentliyi də müxtəlif federasiyalar, idman klubları ilə bu istiqamətdə həm nəzarət funksiyaları, həm də maarifləndirmə işləri, kütləvi tədbirlər keçirəcək ki, bizim gənclərimiz dopinqdən istifadə etməsinlər. Edərlərsə, bilsinlər ki, cəzaları var. Bizim federasiyalar, idman klubları da bu qanunu rəhbər tutaraq, Milli Antidopinq Agentliyinin tələblərinə uyğun şəkildə həmin işləri öz federasiyalarında görsünlər. Başqa ölkələrlə müqayisə etsək, bizdə dopinqdən istifadə məsələsi elə də ciddi deyil. Burda söhbət təksə istifadə etməkdən yox, eyni zamanda qarşısını almaqdan gedir. Beynəlxalq Antidopinq Agentliyinin 7 minədək dərman və dopinq preparatları siyahısı var. Bu siyahılar ildə bir neçə dəfə yenilənir. Ola bilsin ki, bəzi yerlərə gedib çatmır. Bizim agentlik də bu işləri görməlidir”.

Buna da bax:​ Azərbaycanda adı dopinq qalmaqalında ən çox hallananlar danışır

“Bu qədər atlet dopinqdə ilişdi, heç kim həbs olunmadı”

İdman jurnalisti İntiqam Məmmədov deyir ki, ölkədə belə bir qurumun yaradılması faydalı olar. Ən azı, idmançılar nəzarətin olduğunu bilərlər:

İntiqam Məmmədov: 'Azərbaycanda bu qədər atlet dopinqdə ilişdi, heç kim həbs olunmadı...'
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

“Hamı gördü. Bizim ağır atletlərin hamısı dopinq qurbanı oldu. Olimpiya lisenziyaları da əllərindən alındı. 18-19 atlet dopinqə görə 4-8 il müddətinə cəzalandırıldı. Bu baxımdan lazımdır. Həm də ciddi nəzarət lazımdır. Azərbaycanda idman haqqında qanunda dopinqlə bağlı maddə var. O maddəyə görə, dopinq qəbul eləmək hər hansı məşqçinin, idmançının günahından olarsa, azadlıqdan məhrumetmə də tətbiq edilə bilər. Amma bu qədər atlet dopinqdə ilişdi, heç kim həbs olunmadı. İndi belə agentliyin yaranmasıyla, yəqin ki, nəzarət güclənər”.

Gənclər və İdman Nazirliyinin tərkibində də antidopinq sektoru fəaliyyət göstərir. Həmin sektorun müdiri İradə Rüstəmzadədən hər hansı məlumat almaq, hələlik, mümkün olmadı, çünki onun telefonu susdu. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə bu mövzuda məlumatlı olmadığından danışa bilməyəcəyini söylədi.

Buna da bax:​ 'İdmançılarımızın dopinqdə ilişməsinin səbəbi bax budur'

Gənclər və idman naziri Azad Rəhimov nazirliyin tərkibində fəaliyyət göstərən Antidopinq Komissiyasını beynəlxalq antidopinq təşkilatlarının tanımadığına diqqət çəkib: “Ancaq yaranacaq yeni qurum beynəlxalq idman təşkilatları və andidopinq qurumları tərəfindən tanınacaq və onlarla bu sahədə sıx əməkdaşlıq ediləcək”. Nazir yeni qurumun beynəlxalq idman təşkilatlarının tələbi əsasında yaradıldığını da bildirib.

“Məndən ötrü gecdir”

Dopinq testinə görə yarışlardan kənarlaşdırılmış Azərbaycan idmançısı İntiqam Zairovsa deyir ki, agentliyin yaradılması yaxşıdır, ancaq artıq ondan ötrü gecdir:

“Olmağı yaxşıdır. Yoxlamalar da burda olar. Bizdə yoxdur, Rusiyada, Qazaxıstanda var. Ancaq 8 ildən sonra mənim üçün gec olacaq. Mənim 20 il stajım var. 8 ildən sonra təzədən idmana qayıtmaq mümkün olan şey deyil. İdmançı idmanla, uzağı, 35 yaşınadək məşğul olar. Ondan o tərəfə... Yalandan durum deyim ki, 40 yaşında belə idmançı olacağam, belə uğurlarım olacaq, yalan olar”..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG