Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Van Gogh qulağını qardaşı haqda xəbərdən sonra kəsibmiş...


Van Gogh

Van Gogh

Rəssamın öz qulağını kəsməsi onun dühası, ruhi xəstəlikdən əziyyət çəkməsi və nəhayət rəssam yoldaşı Paul Gauguin-lə mübahisəsi ilə əlaqələndirilir. Ancaq tarixçilər deyirlər ki, Vincent van Gogh-un bu dramatik qərarının səbəbi daha sadə ola bilərdi. Axı o, qardaşının nişanlanması xəbərini eşitmişdi.

Aparılan tədqiqat göstərir ki, Van Gogh öz qulağını kəsdiyi gün, yəni 1888-ci il dekabrın 23-də qardaşı Theonun nişanlanması xəbərini eşidib. Mütəxəssislər hesab edirlər ki, bu xəbəri eşidən rəssam tənha və pulsuz qalacağını düşünüb.

Buna da bax:​ Van Gogh kəsilmiş qulağını bu qıza hədiyyə edibmiş

ÖNCƏKİ TƏDQİQATLAR TƏKZİB OLUNUR

İncəsənət tarixçisi Martin Bailey deyir ki, bu xəbər Van Goghun dilxorçuluğunu artıraraq özünə xəsarət yetirməsinə yol aça bilərdi.

Bu hekayəni öz yeni kitabında nəql edən Bailey ailənin o dövrə aid çap olunmamış məktublarının tədqiqi zamanı bu nəticəyə gəlib.

Bundan öncəki tədqiqatlardan belə çıxırdı ki, Van Gogh özünə xəsarət yetirəndən sonra müalicə aldığı xəstəxanada olarkən qardaşı onu ziyarət edib və nişanlanması xəbərini ona bildirib.

Buna da bax:​ S.Baycan: Van Goghu kimlər anlaya bilər...

Rəssamın özünə xəsarət yetirməsi isə, adətən, onun Paul Gauguin-lə mübahisəsi ilə əlaqələndirilirdi. Van Gogh Muzeyinin saytında deyilir: “Vincent van Gogh Arlda olarkən birgə çalışdığı Paul Gauguin-lə mübahisə zamanı sol qulağını kəsib".

Bu il rəssamın öz kəsilmiş qulağını fahişəyə verməsi barədə hekayənin yalan olduğu qismən üzə çıxarılıb. Belə ki, aparılan tədqiqat həmin qadının fahişə yox, tibbi xərclərini ödəməkdən ötrü bordeldə işləməli olan xadimə olduğunu ortaya qoyub.

THEO-NU İTİRƏCƏYİNDƏN QORXURDU

Baileynin tədqiqatı bu əhvalata bir qədər də aydınlıq gətirir.

“Rəssamın özünə xəsarət yetirməsinin səbəbi, əsasən, görməzdən gəlinib. Van Gogh qulağını kəsməzdən cəmi bir neçə saat öncə Parisdən məktub almışdı. Məktubda onun qardaşının Parisi ziyarətə gəlmiş Johanna (Jo) Bonger adlı hollandiyalı qadınla tanış olduğu və bir neçə gün ərzində evlənməyə qərar verdiyi deyilirdi", – incəsənət tarixçisi özünün gələn ay çapdan çıxacaq "Cənubdakı emalatxana: Van Gogh Provansda" adlı yeni kitabında yazır.

Buna da bax: Van Goghun əsəri 61 milyona satılıb

“Vincent özünün ən yaxın dostu Theo-nu "itirəcəyindən" qorxurdu. Bu da onu bu destruktiv əmələ sövq etdi" - Martin Bailey yazır.

"O, həm də qardaşının maliyyə dəstəyini dayandıracağından narahat idi. Bu maliyyə yardımı onun həyatını sənətə həsr etməsinə imkan verirdi".

“NİŞAN XƏBƏRİ ƏSAS OLMAYA BİLƏR, AMMA...”

Kitabda daha sonra deyilir: “Van Gogh nişan xəbərindən sevinsəydi, üzləşdiyi çətinliklərə, hətta Gauguin-lə pisləşən münasibətlərinə baxmayaraq, onun ...bu xəbərdən bir neçə saat sonra qulağının bir hissəsini kəsməsi inandırıcı olmazdı".

“Nişan xəbəri əsas səbəb olmaya bilər, ancaq o, həmin destruktiv hərəkəti qızışdırıb" .

Buna da bax:​ «Van Gogh özünü öldürməyib, öldürülüb»

Van Gogh ailəsinin üzvlərinin Amsterdamdakı Van Gogh Muzeyində saxlanan məktubları göstərir ki, rəssam dekabrın 23-də Theo-dan maliyyə yardımı ilə bağlı məktub alıb.

Məktubun məzmunu günümüzə gəlib çatmayıb. Ancaq Jo Bongerin böyük qardaşı Henry-nin eyni gündə nişan xəbəri yazılmış məktub aldığı bəllidir. Bundan iki gün öncə Theo anasına məktub yazaraq evlənməyə icazə istəmişdi.

Theo Milad günü qardaşını xəstəxanada ziyarət edəndə rəssam ona artıq nişandan xəbərdar olduğunu demişdi.

Theo və Jo cəmi bir həftə nişanlı qalıb 1889-cu il aprelin 18-də evləniblər. İki il sonra Theo sifilisdən vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG