Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:43

►““İdxal klanı” hərəkətə keçib”

“Vergi müfəttişi hər zaman kassanın başını kəsib oturmur ki, əməliyyatların qeydiyyatını aparsın”

Vergilər Nazirliyi supermarketlərdə müşahidələrə başlayıb.

Bir neçə gün əvvəl 10-a yaxın supermarket rəhbəri İqtisadi İnkişaf Nazirliyinə müraciət edib gündəlik zəruri məhsullara ƏDV-in götürülməsini istəyib.

Nazirlik müşahidə aparır

Vergilər Nazirliyinin mətbuat xidmətindən deyirlər ki, əməkdaşları marketlərdə yoxlama yox, xronometraj müşahidə aparırlar.

Bunun mənasını açıqlayan mətbuat xidməti bildirir ki, bu, nəzarət növüdür, amma yoxlama deyil:

“Bu, vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə onların kassa əməliyyatları aparılan bölməsində müşahidənin təyin edilməsidir. Belə müşahidələrdə satılmış malların müqabilində çekin vurulması, müştəriyə verilməsi, çeklərdəki məbləğin ödənilmiş məbləğə uyğun olmasına nəzarət edilir. Bu, uçotdan yayınma halının qarşısını almağa xidmət edir. Xronometraj sahibkarlıq subyektinin normal fəaliyyətinə heç bir maneə yaratmır, çünki onun işinə qarışmır. Yalnız müşahidə edir”, mətbuat xidməti açıqlayır.

Mətbuat xidməti onu da bildirir ki, bir nəticə əldə etməkdən ötrü 15 günlük müşahidə lazımdır.

“Bu, supermarketlərin dövriyyəsinin gizlədilməsindən şübhələnməyə əsasların olduğuna dəlalət edirmi?” sualını Vergilər Nazirliyi cavablandırmadı.

“Dövriyyəni azaltmaq cəhdləri barədə siqnallar var”

Adının çəkilməsini istəməyən vergi məsələləri üzrə mütəxəssis AzadlıqRadiosuna deyir ki, 2015-ci ilin sonundakı devalvasiyadan sonra ticarət sektoru çətinliklərlə üzləşib.

Bir tərəfdən, devalvasiyanın yaratdığı iqtisadi çətinliklər, alıcı qıtlığı, əhalinin xərclərini azaltması, digər tərəfdən, qiymətlərin artırılması imkanlarının məhdudlaşdırılması, bir yandan da vergi orqanlarının bütün əməliyyatları sənədləşdirmə tələbləri problemləri artırıb.

Xüsusilə də, dövriyyələrin leqallaşdırılması istiqamətində tələblərdən sonra sahibkarlar daha çox vergi ödəməli olurlar:

“Nazirliyin orda yoxlama aparmasını bununla izah etmək olar ki, supermarketlərin öz dövriyyəsini azaltmaq cəhdləri barədə siqnallar var. “Batırıq” və “gəlirlər tükənib” kimi mesajar verən ticarət sektorunda əslində real mənzərənin necə olduğu bu yoxlamaların nəticələri açıqlanan zaman ortalığa çıxacaq”.

Axı supermarketlər dövriyyəni necə gizlədə bilərlər ki, hər alqı-satqı zamanı müştəriyə çek verirlər?

Müsahibimiz deyir ki, ticarətdə qanundan yayınma yolları çoxdur və bu yollara əl atmaq meyli də çox müşahidə edilir:

“Siz çek alırsız və elə bilirsiz ki, bu çekdir. Ancaq çox zaman kassa çeki əvəzinə malların kodları əks etdirilən qəbzlərlə kifayətlənirlər. Vergi müfəttişi hər zaman kassanın başını kəsib oturmur ki, əməliyyatların qeydiyyatını aparsın. Kassalarda bütün əməliyyatlar vurulmalıdır ki, gündəlik dövriyyə qeydə alınsın”.

“Vergi məmurları bir neçə dəfə qeyd ediblər ki, ticarət və xidmət sektoru vergi daxilolmalarının 25 faizindən çoxunu verməklə büdcənin formalaşmasında ən azı neftdən gələn gəlirlər qədər əhəmiyyətli rol oynayır”, - müsahibimiz əlavə edir.

___________________________________________________________

Bunlara da bax:
Məhkəmə: «Mənə zorla vəhhabi namazı qıldırmaq istəyirdi»
Ankara məhkəməsi 275 nəfərə qarşı ittihamları qaldırdı

___________________________________________________________

“Supermarketlərin arxasında böyük güclər durur”

Nazim Məmmədov

Nazim Məmmədov

“Supermarketlər adi iş adamlarına məxsus deyil, onların arxasında böyük güclər durur”. Bunu iqtisadçı Nazim Məmmədov deyir. Onun sözlərinə görə, “idxal klanı” hərəkətə keçib:

“Supermarketlərin satdıqları məhsulların 70 faizi idxal mallarıdır. Əgər idxal mallarının gömrük siyahısına baxsaz, ölkəyə daxil olan malın dəyəri ilə satışı arasında yüksək qiymət fərqi görəcəksiniz. Bununla da nə qədər vəsait dövlət büdcəsindən yayındırılır. Sahibkar ƏDV ödəyirsə, mütləq malın idxal qiymətini göstərən qaiməni təqdim etməlidir. Əksər hallarla, bu qaiməni almaq onlara nəsib olmur, ya da qaimələr proksi şirkətlər tərəfindən dəyişdirilir”.

Nazim Məmmədov deyir ki, supermarketlər qarşısında iki yol qoyulub – ya sadə vergi ödəyicisi kimi dövriyyəsindən vergi ödəsin, ya da gəlirindən vergi verməklə həm də ƏDV ödəsin.

“Gömrük Komitəsi ləğv edilməlidir”

İqtisadçı deyir ki, əslində Gömrük Komitəsi ləğv edilməli və idxal vergiləri birbaşa Vergilər Nazirliyinə ödənilməlidir:

“Gömrük prosedur xidməti də ASAN xidmətə verilir”, deyən Nazim Məmmədov supermarketlərdə vergi müfəttişlərinin müşahidə aparmasını normal sayır və əlavə edir ki, ticarət obyektlərində vergi sistemi şəffaflaşdırmalıdır ki, büdcə öz proqnozlarını yerinə yetirə bilsin.

Sahibkarlar manatın devalvasiyasından sonra gəlirin azalmasını, alıcı qıtlığı yaranmasını və buna görə də ixtisara getmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Gün ərzində müraciəti imzalayan marketlərin baş ofislərindən açıqlama almaq cəhdlərimiz nəticəsiz qaldı. Marketlərdən əlaqə saxlayacaqlarını və ya rəsmi məktubla cavab verəcəklərini desələr də, onlardan hər hansı münasibət ala bilmədik.

Buna da bax: ​ABŞ-la Meksikanı birləşdirən tunel

Günün bütün mövzuları

XS
SM
MD
LG