Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

►"Aylıq verginin artırılmasını tələb etdilər. Razılaşmadım. Vergi Auditi İdarəsinə göndərdilər. "

Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar yanvar ayının gəlişini böyük təşviş içərisində gözləyirlər. Onlar müvafiq olaraq 6 və 8 faizlik dövriyyədən verginin tətbiqi ilə vergi yükünün artacağından, bəziləri isə fəaliyyətlərini dayandırmağa məcbur olacaqlarından narahatdır.

Öz dükanında “qara fəhlə”

“Bu ilin əvvəlində Vergi partnyorluq sazişini bağlamazdan qabaq hər ay 170 manat vergi ödəyirdim. Partnyorluq sazişi “boyunduruğuna” qoşulmağa məcbur ediləndən sonra vergi 400 manata çıxdı. Yeni qəbul edilən dəyişiklikdən sonra nə olacağını isə bilmirəm. Bəlkə dükanı bağlayası oldum. Çünki, qiymətlər elədir ki, ticarət dövriyyəsinə görə istənilən halda 6 faizlik qrupa düşməli olursan. Bu halda sadələşdirilmiş verginin məbləği ən azı 2 dəfə yarım artacaq. Belə cıxır ki, dükandakı satıcıdan fərqim olmayacaq və qazandığımın hamısını vergiyə ödəyəcəm”.

Bunu Bakıda kiçik mağaza işlədən 45 yaşlı icarəçi Vüqar Qaraçaylı deyir.

Onun sözlərinə görə, bir neçə il qabaq, yəni iri supermarketlər hələ şəhərdə geniş yayılmamışdan qabaq, az-çox alveri vardı, vergi məmurlarını da “yola sala” bilirdi və dolanışıqdan narazı deyildi. Supermarketlər göbələk kimi artan gündən isə çörəkpulunu çıxarmaq da çətin olub. Bir supermarket də onun dükanının yanında açılıb.

“Dükanda 3 satıcım var, xadimə də saxlamaq lazımdır. Elektrik, su, nəqliyyat, təmir, sosial müdafiə və s. Nə deyim, xərclər o qədərdir ki... 2015-ci il girər-girməz vergi yoxlaması başımın üstünü kəsdirdi. Aylıq verginin artırılmasını tələb etdilər. Razılaşmadım. Vergi Auditi İdarəsinə göndərdilər. Orada isə “ticarəti” xoşlamırlar. Cox çək-çevirdən sonra aylıq 400 manat vergi ödəməyə boyun oldum. Əlacım nə idi? Əks halda əvvəlki illərdə olduğu kimi, bir şey tapıb ağır cərimə yazacaqdılar. İndi hesablayıram ki, mənim aylıq şəxsi qazancım heç satıcıya ödədiyim 350 manat qədər də deyil”, deyə Vüqar gileylənir.

Vergilər Nazirliyinin təklif etdiyi alternativ, yəni ƏDV ödəyicisi olmaq da Vüqar kimi ticarətçilərə əl vermir.

“Əlavə dəyər vergisi ödəyicisi olmaq əslində mənim üçün göydəndüşmə olardı. Amma ticarətin əhəmiyyətli bir hissəsi elə mallardır ki (alkoqollu içkilər, siqaret, şəkər və s.), onların qaimələrini təchizatçılardan ala bilmirik. Çünki ya mal qaçaqdır, ya da qaimədə göstərilən qiymətlə faktiki alış qiyməti arasında bir neçə dəfə fərq var. Qaimələri toplaya bilmədikdə isə 18 faizlik ƏDV-ni vergi orqanları ilə əvəzləşdirə bilmirsən. Odur ki, bizə ƏDV yoluna çıxarmaq istəyənlər əvvəlcə buradakı çatışmazlıqları aradan qaldırsınlar”.

Buna da bax: Günel Mövlud. Niyə hamı sevinir?

Gömrükdə “qonaq ol” prinsipi qalacaq?

Vergi Məcəlləsinə edilən başqa bir yeniliyə görə, alkoqollu içkilərin satışı nağdsız qaydada aparılmalıdır. Bundan isə həm idxalçılar, həm də pərakəndə ticarətçilər narahatdırlar. Onlar hesab edirlər ki ki, “yuxarılarda” ədalətli oyun qaydalarını təmin etmədən, “aşağıdan” bazarı tənzimləmək başqa, heç də yaxşı olmayan niyyətdən xəbər verir.

Azərbaycana araq idxalı ilə məşğul olan şirkətlərdən birinin sahibi Rahim deyir ki, əgər gömrük əvvəlki “oyun qaydalarından” əl çəkməsə, nağdsız hesablaşmaya keçid bir tərəfdən bazarın

inhisarlaşmasını dərinləşdirəcək, başqa bir tərəfdən isə saxta, kustar üsulla hazırlanmış alkoqollu içkilər bazarı bürüyəcək.

“Mən ildə bir neçə TIR Rusiya istehsalı olan araq gətirirəm. Bütün vergiləri, rüsumları, “şapkanı” artıqlaması ilə ödəyirəm. Mal bir dəfə leqal keçəndə, ikinci dəfə gömrükdə “qonaq ol” deyirlər. Yox, “şapka”dan keçmirlər. Mala yenə əvvəlki qaydada haqq ödəyirsən, amma o, ölkəyə qaçaq mal kimi daxil olur. Malın rəsmiləşməsini təsdiq edən hər hansı sənəd təqdim olunmur. Belə olan təqdirdə şirkət də ticarət şəbəkəsinə qaimə və uyğunluq sertifikatı verə bilmir. Nəticədə həm idxalçı, həm də ticarətçi vergi məmurlarının girovuna çevrilir”.

Buna da bax: Elmar Məmmədyarov: Ermənistan nəyi gözləyir?

Ölkəyə araq gətirən Rahim belə deyir.

O güman edir ki, alkoqollu içkilərin ticarətində nağdsız hesablaşmaların tətbiqi onun kimi kiçik idxalçıları bazardan sıxışdırıb çıxarmaq üçün bir vasitə ola bilər, çünki bu bazarın qara və ağ dövriyyəsi 100 milyonlarla manatla ölçülür.

Buna görə də Rahim düşünür ki, ölkənin qapılarında - gömrükdə qayda-qanun yaradılmadan vergi dərəcələrinin artırılması, nağdsız hesablaşmalara keçid haqsız rəqabətə şərait yartmaqdan başqa bir şey olmayacaq.

Şimal “küləyidir”

Rusiyanın Krasnoyarsk vilayətində mağaza sahibi olan Müşfiq Qarayev isə deyir ki, ticarət və ictimai iaşə sistemində 6 və 8 faizlik vergi dərəcələrini Vergilər Nazirlyi Rusiyadan əxz edib. Orada da mərkəzi regionlarda məhz bu vergi dərəcələri tətbiq olunur. “Amma Rusiyada xarici ticarət sərbəstdir və pərakəndə ticarətdə ticarət əlavəsi 50 faizə çatır. Bundan başqa, iri təchizatçılar ticarət şəbəkəsinə malın satışının təşkilinə görə iri məbləğlərlə ölçülən bonuslar ödəyirlər. Azərbaycanda isə malın üzərinə qoyulan ticarət əlavəsi ən yaxşı halda 11 faiz təşkil edir. Bu vəziyyətdə isə dövriyyədən 6 faiz vergi soyğundan başqa bir şey deyil”. M. Qarayev belə hesab edir.

Nazir təkzib edir

Ticarət və ictimai iaşə sektorunda vergi dərəcələrinə yenidən baxılmasının vergi yükünün artırılması ilə nəticələnəcəyi haqda fikirlərlə Vergilər Nazirliyində razılaşmırlar.

Nazir Fazil Məmmədov mətbuata açıqlamasında deyib ki, dəyişiklik vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adıçəkilən vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli şəkildə azaldılması, eyni zamanda ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma bazasının genişlənməsi ilə nəticələnəcək.

Bakıda mikrorayonda ərzaq dükanı işlədən Məmməd isə bunun əksini sübut etmək üçün öz nümunəsində bildirir ki, indiyədək rübdə 360 manat vergi ödəyirdisə, gələn ildən onun vergisi 3 dəfədən çox arta bilər.

Buna da bax: Maşın bazarı çökür

Kababın ətindən kəsək?

Binəqədidə restoran işlədən Mehman indi papağını qabağına qoyub fikir çəkməkdədir. Deyir ki, dövriyyədən 8 faiz ödəməyə razıdır. Amma restoranların bir çoxu nazir oliqarxların, məmurların əlindədir. Onlar da bu şərtlər altında işləsələr, vergi versələr, qiyməti bir qədər, yəni bir şiş kabab üçün 4 manatdan 4,30 manata qaldırıb vəziyyətdən çıxmaq olar. Amma bu baş verəcəkmi?

“Axı, hamı bilir ki, generalların restoranlarına vergi müfəttişi yaxın dura bilmir. Belə olduqda rəqabətə tab gətirmək üçün ya kababın ətindən kəsməlisən, ya da müştərini itirməmək üçün başqa bir şey fikirləşməlisən”.

Günün bütün mövzuları

XS
SM
MD
LG