Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

'Hərbi hissədə vərəmə yoluxub gəldi'


Elşən Kazımlı
Elşən Kazımlı

“Əsgərin çənəsi yerə dəyməyənədək müalicəyə göndərilmir”

Lənkəranın Liman kənd sakini Sadiq Abdullayev AzadlıqRadiosu-na danışır ki, oğlu Elşən Kazımlı 2015-ci ilin yanvarından Pirəkəşküldəki hərbi hissədə əsgəri xidmətə başlayıb. 12 ay 24 gündən sonra ağciyərin vərəmi diaqnozu ilə Ələtdəki hospitala aparılıb. 3 ay 10 gün orada qaldıqdan sonra dispanser qeydiyyatına alınaraq “sülh dövrü üçün yararsız, müharibə dövrü üçün məhdud yararlı” sayılmaqla Lənkəran rayon şöbəsinin sərəncamına yazılıb və evə buraxılıb.

Buna da bax:​ "Hərbi hissədə bizi döyürdülər, amma şikayətçi deyilik"

Ata deyir, Elşənin səhhətində problemlər yaranan ilk vaxtlar tədbir görülsəydi, vərəm xəstəsinə çevrilməzdi:

“DURUMU AĞIRLAŞANDA HOSPİTALA GÖNDƏRİBLƏR”

“Bu vərəm elə bir xəstəlikdir ki, öncə əlamətləri üzə çıxır. Elşəndə də qızdırma, halsızlıq olub, qan tüpürüb, ancaq vaxtında diqqət göstərilməyib. Durumu tamam ağırlaşanda hospitala göndərmək haqqında düşünüblər. Yəni məsələni aylarla uzadıblar, hərbi xidməti başa vurmağa 5 ay qalmış hospitala göndəriblər, bunun da 4 aya yaxınını hospitalda qalıb. Əsgərlik başa çatana 1 ay qalmış evə buraxıblar. Onun vərəm xəstəsinə çevrilməsinin səbəbkarı əsgəri çənəsi yerə dəyənədək hərbi hissədə saxlayan komandirdir. Aylarla oğlumla əlaqə saxlaya bilməmişik. Nəhayət, 2015-ci il dekabrın 25-də narahat qalıb hərbi hissəyə getmişik, orda bilmişik ki, onu ağır vəziyyətdə hospitala götürüblər. Əsgər yerdən çıxmayıb, bunun ailəsi var, komandirin borcudur ki, vəziyyəti ağırlaşan əsgərin ailəsinə dərhal xəbər eləsin. Bəlkə elə hospitalda öləydi...”

20 yaşlı Elşən hazırda Lənkərandakı vərəm dispanserində qeydiyyatdadır, müalicəsini davam etdirir. Atanın deməsinə görə, bundan sonra Elşənin əmək fəaliyyəti ilə məşğul olması da mümkün deyil:

“Elşən qapıdan sapsağlam çıxmışdı, yarımcan qayıtdı. Bir var əsgərə düşmən gülləsi dəyə, yarımcan qayıda, deyəsən ki, oğlum torpağı qoruyanda yaralandı, bir də var, komandirin məsuliyyətsizliyi üzündən xəstəliyə tutulub qayıda...”

Buna da bax:​ ‘Kaş əsgər öldürənlərin cəzasını əsgər anaları verəydi...’

“SIĞORTA ÖDƏNİLSİN”

Ata oğlunun başına gələnlərlə bağlı Müdafiə Nazirliyinə və başqa qurumlara müraciət edib. O, gileyini bildirməklə yanaşı, həm də hərbi xidmətdə xəstəlik tapmış oğluna sığorta ödənilməsini tələb edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı əsgərin ailəsinə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyi məsləhət görür.

Hüquqşünas Vaqif Alıyevin sözlərinə görə, əgər Elşən Kazımlı hərbi xidmətdə olduğu müddətdə xəstəlik tapıbsa, ona sığorta ödənməlidir. “Bunun üçün məhkəməyə də müraciət edə bilər”, – hüquqşünas bildirib.

XS
SM
MD
LG