Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Venesuelada tualet kağızı pasportla verilir və... qadınlar sterilləşdirilir


Venesuelada müxalifət hakimiyyət əleyhinə aksiya keçirir

Venesuelada müxalifət hakimiyyət əleyhinə aksiya keçirir

Oktyabrın 26-də Venesuelada hökumət əleyhinə etiraz nümayişi zamanı bir polis əməkdaşı öldürülüb. BBC və yerli hüquq müdafiə təşkilatları, azı, 20 nəfərin yaralandığını, 80 nəfərinsə saxlandığını bildirir.

Prezident Nicolas Maduro-nun vəzifəsindən kənarlaşdırılmasına dair referendum yasaqlanandan sonra ölkədə yüz minlərlə insan küçələrə axışıb. Hökumət etirazçıları polisə qarşı silah işlətməkdə suçlayır. Müxalifətsə olub-bitənlərin bütün məsuliyyətini hökumətin üzərinə qoyur və prezidenti hakimiyyəti zorla əlində saxlamaqda ittiham edir.

“Zorakılığa çağıranlar öz hərəkətlərinə görə qanun qarşısında məsuliyyət daşıyırlar. Bununla razılaşsalar da, razılaşmasalar da. Onlar üzr istəməli və ölkədən barışıq diləməli olacaqlar", - prezident Maduro belə deyib.

Buna da bax:​ Venesuelada etiraz aksiyaları keçirilir

Venesuelada nə baş verir?

Venesuela təsdiq olunmuş neft ehtiyatlarına görə dünyada birincidir, amma iki ildir ki, onun iqtisadiyyatı çox ağır böhran yaşayır. Ötən ilin sonunda keçirilən parlament seçkilərində qalib gələn müxalifət indi Venesuela parlamentinin 2/3-sini təşkil edir. Bu durum qanunverici və icraedici hakimiyyətlər arasında münaqişə doğurub. Parlament üzvləri vaxtaşırı Maduro və yaxın çevrəsinin fəaliyyətini tənqidə tuturlar. Referendumun təşəbbüskarı, insanları küçəyə çıxmağa səsləyən də elə müxalifətdir.

Bütün ölkədə prezidentin istefası tələbi ilə 1 milyon 800 min imza toplansa da, Maduro-nu dəstəkləyən məhkəmələr bu imzaların yalnız 400 minini təsdiqləyib. Beləcə, referendum təşəbbüsünü irəli sürən müxalifət saxtakarlıqda suçlanıb və referendum qərarı bloklanıb. Parlament, buna cavab olaraq, prezidenti dövlət çevrilişində, hakimiyyəti uzurpasiya etməkdə suçlayaraq, məhkəmə araşdırması tələb edib.

Şəxsiyyət vəsiqəsinin nömrəsi

Hökumət dərin böhran ucbatından, may ayında fövqəladə vəziyyət elan edib. Dükanların piştaxtalarından ərzaq, dərman və ən zəruri mallar yoxa çıxıb. İndi adamlar bu məhsulları ya qara bazarda dükan qiymətindən dəfələrlə baha alır, ya da əllərində pasport, uzun növbəyə düzülürlər. Ən zəruri malları ayrıca günlərdə şəxsiyyət vəsiqəsinin nömrəsini göstərməklə almaq olur. Əlbəttə, əgər onlar varsa. Həftənin birinci günü bu malları şəxsiyyət vəsiqəsinin nömrəsi 1, yaxud 2 ilə bitənlərə, ikinci gün 3 və 4-lə bitənlərə satırlar və s.

Buna da bax: ​Venesuelada dərman tapılmır

Bu ilin iyulunda sərhədlər bağlansa da, venesuelalılar gündəlik tələbat mallarını almaq üçün qanunsuz şəkildə Kolumbiyaya keçməyə başlayıblar.

"Öz ölkəmizdə heç nə almaq olmur, yemək də yoxdur. Acından ölürük, çarəmiz qalmayıb", - bir qadın “Radio Caracol”a belə deyib.

Artıq nəinki uşaqlar, ev heyvanları da bir qarın yemək tapa bilməyən venesuelalılara yük olmağa başlayıb. Ev heyvanlarını küçələrə buraxırlar. Qadınlar sterilizasiya olunurlar. Bunun pulunun bir qismini hökumət ödəyir. Xəstəxanalarda zəruri dərmanların 80 faizi tapılmır.

Rəsmi məlumatlara görə, son üç ildə inflyasiya 300 faizi aşıb. BVF ilin sonunda bu rəqəmin 700 faizə çatacağını proqnozlaşdırır.

Buna da bax:​ Venesuela və Azərbaycan neftin qiyməti barədə yalnız “dərdləşə” bilər

İndi ən yüksək dəyərli əskinasa - 100 bolivara yalnız 1 toyuq yumurtası almaq olur. Siqaretin dənəsi 130 bolivara başa gəlir. Adamlar başqa şeyləri almağa gedərkən, kisələrlə pul daşıyırlar. 100 bolivarlıq əskinası rəngli printerdən çıxarmağa elə 100 bolivar ödəməlisiniz. Ölkənin xarici borcu isə ÜDM-in yarısını üstələyir.

Çərşənbə günü - oktyabrın 26-da bank sektoru üzrə ixtisaslaşmış "deInmediato" nəşri öyrənib ki, Venesuela Mərkəzi Bankı 5 min, 10 min və 20 min bolivarlıq əskinaslar və min bolivarlıq sikkələr buraxılmasına sərəncam verib. Yeni pullar artıq bu ilin sonunda dövriyyəyə buraxılmalıdır.

Bəs neft necə oldu?

Venesuela iqtisadiyyatının 90 faizi neftdən asılı olduğundan, onun kəskin dəyərsizləşməsi ölkəni tənəzzülə sürükləyib.

Buna da bax: Bakı səfəri Maduroya düşmədi, onu 'impiçment edirlər'

Maduro tez-tez bəyan edirdi ki, ölkədə hasilatı dondurmaqla neftin dünyadakı qiymətini 70 dollara qaldırmağı planlaşdırır. Ancaq o, OPEC və neft istehsalçısı olan digər ölkələrlə Venesuelaya "uyğun" hasilat həcmi barədə razılığa gələ bilmədi. Ölkədə neft yataqlarının yerləşmə və özəllikləri neft hasilatının maya dəyərini artırır. Bu, əsas problemlərdən biridir. Venesuelada bir barrel neftin çıxarılması təxminən 20 dollara başa gəlir. Tutalım, Səudiyyə Ərəbistanında bu göstərici 10 dollardır.

Bu ilin qışında ölkə iqtisadiyyatını sabitləşdirməyə çalışan Nicolas Maduro benzinin qiymətini 60 dəfə qaldırsa və milli valyutanı dəyərsizləşdirsə də, heç bir nəticəyə nail ola bilməyib. 95 markalı benzinin litri cəmi 6 bolivara satılsa da, onu illərlə 0,1 bolivara alan insanlara bu məbləğ çox baha görünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG