Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

Öldürülən işadamının əmlakı hərraca çıxarılıb


Venera Rüstəmova mərhum həyat yoldaşı ilə

Venera Rüstəmova mərhum həyat yoldaşı ilə

►Həyat yoldaşı: “İcra hakimiyyəti torpaqlarımızı paralayaraq azı 15 vətəndaşa satıb. O əmlakın sahibi öldürülsə də, vərəsələri var – mən və övladlarım…"

“Həyat yoldaşım qətlə yetiriləndən sonra nəyimiz vardısa, əlimizdən alıblar”.

Venera Rüstəmova AzadlıqRadiosuna danışır ki, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən 1 hektar sahə əlindən alınıb. Halbuki, xanımda həmin sahəyə hüquqlarını tanıyan bütün sənədləri olub.

“ELMAR VƏLİYEV DEDİ, “TORPAQ SƏNİNDİR””

“Həyat yoldaşım Rövşən Rüstəmov işadamı idi. 2011-ci ildə qətlə yetirildi. Ailəmizin və yaxınlarımızın başı hadisəyə, yas mərasiminə qarışdı. Həmin vaxt Gəncədən mənə zəng edərək dedilər ki, adıma olan torpaq sahəsini icra hakimiyyəti hərraca çıxarıb satır. Əlimdə dövlətin qanuni sənədi var idi deyə, düzü, ciddiyə almadım. Sonra bu barədə başqa bir qohumdan da eşitdim və durub Gəncəyə getdim. Torpaq sahəmə baş çəkəndə gördüm ki, sahə bu başdan o başa tabaşirlə işarələnib”.

Xanımın sözlərinə görə, ona bildirilib ki, torpaq sahəsi Gəncə şəhər İcra Hakimiyyəti və Nizami rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif ölçülərdə ayrı-ayrı vətəndaşlara ev tikmək üçün satılıb. O da dərhal Gəncənin Nizami rayonunun o vaxtkı icra başçısı Məharət Mustafayevin və Gəncənin icra başçısı Elmar Vəliyevin qəbuluna düşüb:

“Hər iki başçıdan hesab sordum ki, məndən xəbərsiz torpağıma niyə giriblər? Hansı ixtiyarla torpağımı parçalayıb ona-buna satıblar? Elmar Vəliyev dedi, “torpaq sənindir, onu heç kim sata bilməz”. Məni arxayın edib yola saldılar. Bakıdaydım, bir də xəbər tutdum ki, torpaq sahəsində müxtəlif tikililər tikməyə başlayıblar. İcra hakimiyyətinə müraciətlərim cavabsız qaldı. Hətta Elmar Vəliyevin qəbuluna da düşə bilmədim. Tikinti işi aparan vətəndaşlar isə deyirdilər ki, pullarını ödəyib torpağı icra hakimiyyətindən alıblar. Əllərində sərəncamlar olduğunu da söylədilər”.

“MƏHKƏMƏ PROSESİNİ UZADIRLAR”

Bundan sonra məhkəməyə üz tutub. Gəncə şəhər Nizami rayon icra hakimiyyəti başçısının sərəncamlarının ləğv edilməsi haqqında Gəncə Inzibati-İqtisadi məhkəməsində iddia qaldırıb. Deməsinə görə, Gəncə şəhər İcra Hakimiyyəti hər vasitəylə məhkəmə prosesini uzatmağa çalışıb. Torpaq sahəsinə aid sərəncamların təqdim edilməsi barədə məhkəmə sorğusuna yalnız 3 ildən sonra cavab alınıb. Ancaq bu cavab onu qane etməyib:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Məktubda yalandan göstərilirdi ki, torpaq sahəmdə tikinti işinin layihələndirlməsi barədə heç bir sərəncam verilməyib. Halbuki, həmin qanunsuz sərəncamlardan səkkiz ədədini mən özüm vətəndaşlardan əldə etmişdim. Gəncə şəhər İnzibati-İqtisadi və Apellyasiya məhkəmələri iddia tələbimi təmin etsə də, icra hakimiyyətinin verdiyi kassasiya şikayəti əsasında Ali Məhkəmə aşağı məhkəmələrin qərarını ləğv etdi. İşi yenidən baxılması üçün geri qaytardı”.

İş Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin icraatındadır. Prosesin ilk mərhələsində məhkəmə qərar çıxararaq torpaq sahəsində tikinti aparılmasını qadağan etsə də, qərara əhəmiyyət verilmədən tikinti işləri davam etdirilir.

“TİKİNTİ APARANLARLA MƏHKƏMƏ DAVASI AÇMALIYDI”

Vəkili Sadiq Əfəndiyev deyir, bu günədək işə baxan məhkəmələr Venera Rüstəmova ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti arasındakı mübahisəyə qanuni nəticə verə bilməyiblər. Əsas səbəb birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən xanımın xeyrinə çıxarılmış qərarın Ali Məhkəmə tərəfindən ləğv olunmasıdır:

“Uzunmüddətli məhkəmə araşdırması Avropa Konvensiyası tərəfindən vətəndaşlarımıza verilmiş ədalətli məhkəmə araşdırması hüququ ilə bir araya sığmır. Ona görə də məhkəmələr bu mübahisəyə mülkiyyətin toxunulmazlığı prizmasından yanaşaraq, mübahisənin tez bir zamanda qanuni həllinə nail olmalıdırlar”.

Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti isə deyir, torpaqdakı tikililər qanunsuzdur, Venera xanım tikinti aparanlarla məhkəmə davası açmalı idi:

“Ümumiyyətlə, bu mübahisə məhkəmələrə çıxarıldığından hamıya son qərarı gözləmək qalır”, - icra hakimiyyətindən bildirilib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG