Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:46

Azərbaycan Velosiped İdmanı Federasiyasının «Bizə yol verin!» aksiyasına başladığı bildirilir. «Turan»ın federasiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aksiyada məqsəd velosiped yollarının salınmasına nail olmaqdır.

«Bir çox ölkələrdə olduğu kimi, Bakı yollarında da velosipedçilər üçün ayrıca cığırların salınmasını istəyirik. Artıq bu məqsədlə müvafiq dövlət qurumlarına da müraciət edilib. Bakı Şəhər İcra Hakimiyyətinə 3 il öncə rəsmi məktubla da müraciət olunub. Amma heç bir fayda yoxdur. Heç cavab da verməyiblər», - deyə federasiyadan bildiriblər.

Xəbərə görə, federasiyada düşünürlər ki, Azərbaycanda velosiped istehsalı zavodunun açılması bu məsələni yenidən aktuallaşdıra bilər.

«Bu günlərdə İsmayıllı rayonunda velosiped zavodunun açılması və ölkə başçısının mərasimdə iştirakı ölkəmizdə velosipeddən istifadənin daha da genişlənəcəyinə bir işarədir. Amma, təəssüf ki, velosipedin nəqliyyat vasitəsi kimi inkişafını əngəlləyən əsas maneə lazımi infrastrukturun, yəni velosiped yollarının olmamasıdır».

Federasiya velosiped cığırlarının salınmasında Bakı Şəhər İcra Hakimiyyəti və «Azəravtoyol» ASC-dən fəaliyyət gözləyir.

Bu qurumlar, hələlik, aksiyaya münasibət bildirməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG