Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:50

İsmayıllı velosipedi Azərbaycan iqtisadiyyatına nə verəcək?


Arxiv fotosu
Arxiv fotosu

İsmayıllının Diyallı kəndinin sakinləri sevinir: avqustun 10-da açılan velosiped zavodu kənddə yeni iş yeridir. Kənd sakini Gülbəniz xanım ağızdolusu danışır: “Əlbəttə, sevinirik, nə qədər adam burda işləyə biləcək”.

Kənd icra nümayəndəsi Rəfael Məmmədov da artıq sakinlərindən 20 nəfərinin velosiped zavodunda işləməyə ərizə verdiyini söyləyir. O, AzadlıqRadiosuna deyir ki, rayon rəhbərliyi də bunu tapşırıb: “Cənab başçı da tapşırıq verib, işçilərin çoxu bizim kənddən olacaq”.

İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndində inşa olunmuş “İsma Bikes” velosiped zavodunda ilkin mərhələdə 60 nəfərin calışacağı gözlənir.

*** Buna da baxın: İsmayıllı velosipedləri bazara çıxır


İldə 30 min velosiped istehsalı gözlənir

Zavodun məxsus olduğu “Synergy Group”dan AzadlıqRadiosuna bildirilib ki, onlar il ərzində 30 min velosiped buraxmağı nəzərdə tuturlar: “Velosiped zavodunun tikintisini zəruri edən əsas amil ölkədə bu sahənin perspektivi, inkişafına münbit şəraitin və geniş istehsal imkanlarının olmasıdır. Yerli istehsal sayəsində bazara daha aşağı qiymətlə yüksək keyfiyyətli velosipedlər çıxarılacaq”.

Azərbaycanda velosipedə tələbatın son illərdə yüksəlməkdə olduğunu bildirən “Synergy Group” hesab edir ki, ölkədə illik tələbat 50-60 mindir və “zavodun məqsədi Azərbaycanda yüksək keyfiyyətli yerli məhsullar istehsal edərək bazarda öncül yer tutmaqdır”.

Zavod bəzi hissələri, özəlliklə, sürət və əyləc sistemini xarici şirkətlərdən alacaq. Məhsulun satış coğrafiyasını isə qonşu ölkələr və MDB-yə qədər uzatmaq istəyir: ““İsma Bikes” zavodunun məqsədi Azərbaycan brendi olaraq, sadəcə, yerli bazarda deyil, qonşu ölkələrə və MDB məkanına çıxmaqdır. Növbəti illərdən məhsulların ixracı gözlənilir”, AzadlqRadiosuna göndərilən cavabda deyilir.

Zavod ilkin satış razılaşmaları əldə edibmi? Velosipedlərin qiyməti neçə olacaq? “Synergy Group” bu sualları cavablandırmayıb.

Arxivdən: Bakı Bulvarında velosiped sürməyin şərtləri (Məqalənin mətni videodan sonra davam edir)

Bulvarda velosiped sürməyin şərtləri
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00



İllik ticarət dövriyyəsinin cəmi 0,05 faizi...

Azərbaycan velosiped idxalçısıdır, əsasən, Çin, Rusiya, Almaniya mallarını ölkəyə gətirir. Ancaq ildə ölkəyə nə qədər velosiped gətirilir, bu rəqəmlər Gömrük Komitəsinin və Azərbaycan Statistika Komitəsinin ixrac hesabatında əksini tapmayıb. Ölkədə il ərzində nə qədər velosiped satıldığını isə Statistika Komitəsinin illik ticarət dövriyyəsi hesabatında görə bilərik.

Ölkədə 2015-ci ildə pərakəndə ticarət dövriyyəsi 26 milyard manat olub, bunun da 12 milyon manatı velosiped və mopedlərə aiddir. Velosiped satışı 2011-ci ildən bəri artan xətlə gedib, ancaq velosiped alqı-satqısı pərakəndə ticarət dövriyyəsinin cəmi 0,05 faizini təşkil edib.

2011-ci ildən 2015-ci ilə qədər artım faizi də cəmi 0,02 faizdir.

*** Buna da baxın: Zavod açıldı, qaldı velosiped yolları...​

Valyuta gələcəkmi?

Bəs, yeni tikilən zavod bu rəqəmi dəyişdirə biləcəkmi? Tikintisinə və texniki avadanlıqlarına 7 milyon manat xərclənən zavod Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Synergy Group” hesab edir ki, əsasən ixracı stimullaşdırmaqla xarici bazara çıxacaqlar: “Bununla “İsma Bikes” zavodu ölkənin ixracına əlavə təkan verəcək və xarici valyutanın artımına şərait yaradacaq”, qrupdan AzadlıqRadiosuna verilən cavabda deyilir.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

...televizor, kompyuter buraxdıq, təbliğat aparıldı, axırda da bağlandı. İndi velosiped zavodu da eyni tale ilə üzləşəcək. Yəqin, əvvəlcə 2-5 min buraxacaqlar, sonra bu da bağlanıb gedəcək. Çünki Azərbaycanda eşşəyə minməyə üstünlük verirlər, nəinki velosipedə.

- Oqtay Haqverdiyev

​Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin keçmiş müdiri Oqtay Haqverdiyev velosiped ixracının ölkəyə valyuta gətirəcəyinə bir o qədər də inanmır. Onun fikrincə, zavod bəlkə Orta Asiyada özünə bazar tapa. İqtisadçı deyir ki, velosiped Azərbaycanda əyləncə vasitəsidir və tələbat o qədər yüksək deyil ki, bunun istehsalı ilə ayrıca məşğul olasan:

“Elə statistik rəqəmlər də göstərir ki, velosiped ticarət dövriyyəsinin çox cüzi hissəsini təşkil edir. Şərqdə velosipeddən istifadə o qədər də dəbdə deyil. Mən o vaxt da Azərbaycanda avtomobil istehsalı ilə bağlı fikrimi demişdim ki, “nonsensdir, heç lazım deyil”. Üstəlik, biz avtomobili istehsal etmirik, yığırıq. İndi də velosiped… Ölkədə əhalinin heç 10 faizi velosipeddən istifadə etmir. Bəlkə gələcəkdə artacaq. Ancaq ölkəyə diqqəti cəlb edən valyuta gətirəcəyinə inanmıram”.

“Bizdə televizor, kompyuter istehsalı olub, indi hanı?..”

İqtisadçı vurğulayır ki, əldə ediləcək az-maz valyuta da velosipedin xaricdə istehsal edilən hissələrinə xərclənər.

“Bizdə olub də, televizor buraxdıq, kompyuter buraxdıq, təbliğat aparıldı, axırda da bağlandı. İndi velosiped zavodu da eyni tale ilə üzləşəcək. Yəqin, əvvəlcə 2-5 min buraxacaqlar, sonra bu da bağlanıb gedəcək. Çünki Azərbaycanda eşşəyə minməyə üstünlük verirlər, nəinki velosipedə”, Oqtay Haqverdiyev əlavə edir.

*** Buna da baxın: Gəncədə velosiped bumu

“Ayrıca yollar salınsın”

Velosipedçilər Federasiyasının sözçüsü Pərviz Musayev ölkədə velosiped sürənlərin sayının ildən-ilə artdığını deyir. Amma o, ölkə yollarının velosipedə əlverişli olmadığını söyləyir. Musayevin fikrincə, ölkədə yerli velosiped istehsalına başlanırsa, yolları da velosipedə uyğunlaşdırmaq lazımdır ki, o, bir nəqliyyat vasitəsinə çevrilsin və tələbat da artsın.

İsmayıllının Diyallı kəndinin sakini Gülbəniz xanım da deyir ki, kəndin mərkəzə yaxın yolları asfaltdır, kəndiçi yollar daşlı-kəsəklidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG