Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 17:26

►İşsizliyin yayıldığı Gəncədə velisoped təmirçiləri çoxalır

“Velosipet təmiri” yazılmış plakat düz sexin qarşısındadır. Önündə velosipedlər sırayla düzülüb, içəri də doludur. Amma təkcə velosipedlə yox, həm də onların köhnə ehtiyat hissələriylə. Uşaql-böyüklü – çoxlarının hobbisinə çevrilən velosiped Ramiz Abbasovla Rza Rəbyevin çörək ağacıdır.

“Neçə il maşın təmir elədim, kiminsə diqqətini çəkmədi. Velosiped təmir edəndən ASAN Xidmət velosiped yürüşünə çağırır, jurnalist gəlir”

Buna da bax: İsmayıllı velosipedləri bazara çıxır

“Maşın təmirçisi problemlə üzləşir”

Söhbətinə zarafatla başlayan Ramiz Abbasov 3-cü ildir ki, hər yaz-yay mövsümündə sexini velosipedçilərin üzünə açır. Deyir, onlar daha çox bu vaxtlar işləyirlər, çünki Gəncədə velisoped sürənlər yaz-yay aylarında çoxalır.

Usta Ramiz velosiped təmirinin bir üstünlüyünə də toxunur:

“Mən maşında vuruq, əzilmiş, çürümüş yerləri düzəldirəm. Amma bunun üçün yol polisi kağız verməlidir. Axı bu kağız olmasa, maşın təmir edən usta problemlə üzləşir. Velosiped yaxşıdır, dəyib-toxunan olmur”.

“Bir də görürsən ki…”

Rza dayı

Rza dayı

Rza Rəbiyev birgə işdən razıdır:

“Günə 15-20 manat olur. Düzdür, bəzən ard-arda neçə gün heç nə olmur, elə boş-boşuna otururuq. Amma xidmətin qiyməti elə baha olmadığından, bir də görürsən ki, hardansa velisoped gətiriblər - yığılmış formada. Onu açıb, 4 manata quraşdırırıq”.

Dediklərinə görə, bəzən, baş qaşımağa vaxtları qalmır: “Şəhərdə velosiped sürənlər çoxalıb. Elə ustalar da”.

Ramiz Abbasov deyir ki, bu işi öyrənməyə gələn “şəyirdlər” - 13-14 yaşlı uşaqlar da var:

“Velisoped sürənlərin sayı çoxalır, axı. Hərdən təmirə ehtiyac yaranır”.

“Baxıb gülən də var, “halal olsun” deyən də…”

Ustaların hər ikisi işə də velisopedlə gedir. 60 yaşlarında olan Rza Rəbiyevin şəxsi avtomobili də var, amma sürmür:

“Maşın yatır qapıda. Hər yerə velosipedimlə gedirəm. Baxıb gülən də var, “qoca kişidi, velosiped sürür” deyən də, “halal olsun” söyləyən də. Amma bəlkə də 5-6 ilə Gəncədə velosiped sürməyən qalmaz. Balaca şəhərdi, maşındansa velosiped daha rahatdı”.

Ramiz Abbasovun ayrıca təklifi var:

Ramiz Abbasov

Ramiz Abbasov

“Şəhərdə velosiped yolları yoxdur, bir-iki dəfə hətta maşın da məni vurub. Avropadakı kimi küçələrdə də velosiped zolağı olsa, çoxu maşın sürməz”.

Ustalar danışır ki, velisoped sürməyə meyllənənlər arasında yaşlılar da var:

“Artıq 60-70 yaşlı kişilər sürməyə başlayıb. Çoxunu həvəsləndirmişik”, - usta Rza belə deyir və dərhal əlavə edir:”Hətta məmurlar da velisoped sürməyə başlayıblar. Birdə görürsən, sürücü gətirir, deyir, rəisin velosipedidir, diqqətli ol”.

“Made in Gandja” arzusu

Velosipedlər müxtəlif qiymətə olur, yaxşısı 100-150 manatdan başlayır. Ramiz usta deyir ki, onlar atılmış, istifadəyə yararsız velosipedlərin sağlam hissələrindən yenisini yığırlar:

“Yerimiz darısqaldır, ancaq təmirə künc-bucaq tapırıq. Boş olanda da yenisini yığırıq, 20 manata başa gəlirsə, 20 manat da üstünə qoyub satırıq. Amma imkan olsa, uyğun şirkətlərin biriylə danışıb, müqavilə bağlar, burada velosiped yığa bilərik. Məsələn, yerimiz olsa, vitrin düzəldər, velosipedi oraya qoyarıq”.

Ramiz Abbasov biznesini böyütməkdən ötrü banklara üz tutmaq istəmir, daha doğrusu, deyir, artıq kredit vermirlər. Ancaq inanır ki, günün birində xəyallarını gerçəkləşdirəcək və… Və üzərində “Made in Gandja” yazılmış velosipedləri müştərilərə təklif edə biləcək.

Buna da bax: Mədət Quliyev Bakının mərkəzində velosiped sürdü / 22.11.2015

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG