Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

Ailə başçısı elə bu vaqondaca canını tapşırıb...


Vaqonda yaşayanlar
Vaqonda yaşayanlar

“Bir adamın ki ayağının altında döşəmə, başının üstündə tavan yoxdur, səncə, onun yaşayışına insan yaşayışı demək olarmı? Dediyim odur ki, mənim qaldığım paslanmış, çürümüş vaqona məmur öz itini də bağlamağı qıymaz”.

Bənövşə Quliyeva Laçın rayonundan məcburi köçkün düşüb. 16 ildir ki, İsmayıllının Diyallı kəndində vaqonda yaşayır. Vaqon həyatı Bənövşə xanımın və iki övladının canına “qənim kəsilib”. Ananın ayaqları tutulub, övladlarının böyrək və ciyərləri sıradan çıxıb.

Buna da bax:​ 'Ana bir də xəbər tutub ki, siçovul uşağın barmağını gəmirib'

“Elə ölənəcən belə yaşayacağıq?”

Ailənin başçısı 7 il əvvəl, elə bu vaqonda xəstəlikdən canını tapşırıb. Əziyyətin gerisi Bənövşə xanımın çiyinlərinə düşüb. O, illərdir, yarıqaranlıq, sınıq-salxaq vaqonda övladlarıyla bərabər yaşam mücadiləsi verir:

“Hərdən düşünürəm, biz elə ölənəcən beləmi yaşayacağıq? Bu qədər allahsızlıqmı olar?! Gedirəm icra hakimiyyətinə, deyirəm, gəlin, görün nə vəziyyətdə yaşayırıq!.. İnanın ki ərindiklərindən hələ də gəlib çıxmayıblar. Yağış yağanda vaqonun içində corablarımızacan suya batırıq. Su vaqonun çürük yerlərindən içəri – döşəməyə axır. Odun alıb canımızı isitməyə pulumuz yoxdur”.

“Aldana-aldana...”

Ailənin ev əşyaları da qohumların evindədir. Bənövşə xanım vaxtilə ona cehiz verilən avadanlıqdan gözüdolusu yararlanmayıb. Deyir, məşəqqətli vaqon həyatı onu ruhən çox qocaldıb:

“Hərdən o qədər bezirəm ki... Məcburi köçkünlərə hər dəfə ev tikiləndə aldadırlar ki, “evdən qalmadı, səbirli ol, gələn dəfə sənə də düşər”. Aldana-aldana həyatımızı yola veririk. Heç olmasa, övladlarımı nəzərə alsınlar, onların gələcəyini düşünsünlər”.

Buna da bax:​ Xırdalanda vaqonda yaşayan köçkün ailəsi

“Qaçqınkom”: “Yaxın günlərdə maraqlanacağıq”

İsmayıllı rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Bənövşə xanımı yaşayış yeri ilə təmin etmək “Qaçqınkom”un vəzifəsidir. Komitədənsə “Qaynar xətt”ə bildirilib ki, yaxın günlərdə köçkün ailəsinin durumu ilə maraqlanacaqlar.

Bu il prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılsın...

Buna da bax: Köçkün: Deyirlər, yaşadığım vaqonu dənizə atacaqlar…

Suallar qalır

...Həmin vəsaitdən Quliyevlər ailəsinin payına nə düşəcəyini, ailənin hisli-paslı vaqon həyatından qurtulub-qurtulmayacağını zaman göstərəcək.

XS
SM
MD
LG