Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:34

Valyuta ehtiyatlarının tükənməyinə nə qədər qalıb? [video]


Azərbaycanın pulu deyiləndən tez qurtara bilər
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Azərbaycanın pulu deyiləndən tez qurtara bilər

Son iki ildə Azərbaycan 15 milyard dollar itirib. Oktyabrın əvvəlinə Mərkəzi Bankın xəzinəsində təxminən 4 milyard dollar qalıb, Neft Fondunun aktivləri isə 36 milyard dollara yaxındır.

Müstəqil ekspertlər düşünürlər ki, neft 50 dollar həddində qalarsa, bu ehtiyatlar 2 ilə tükənə bilər.

Buna da bax:​ Neftdən gəlir 123 milyard dolları keçdi

Neft Fondunda nə qədər vəsait qalıb?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əslində Neft Fondunun aktivləri rəsmi göstəriləndən daha azdır. Əvvəla, aktivlərin bəzi hissəsi daşınmaz əmlakda, qızılda, borc kağızlarında da saxlanır. Natiq Cəfərlinin fikrincə, bu aktivlər nağdlaşdırılarsa, Fondun aktivləri azı 15 faiz azala bilər:

"Məsələn, Moskvada 187 milyon dollara aldıqları binanın indiki bazar qiyməti 80 milyon dollardır, Çin Yuanı 10 faizə qədər, Rus rublu 2 dəfəyə qədər dəyər itib. Qiymətli kağızları nağdlaşdırmaq aldığından daha ucuz başa gələcək. Qızılın 1 unsiyası 1400 dollar olanda 30 ton qızıl alıb, indi 1 unsiya qızıl 1200 dollardır. Yəni, bütün bu itkilərdən başqa Neft Fondu daxili problemlərin həlli üçün ciddi vəsait xərcləməyə məcburdur. Çünki büdcənin formalaşması, xarici öhdəliklərin icrası, büdcədən kənar layihələr Neft Fondundan asılıdır. Son dövrlərdə isə bank sektorunda yaranan problemlərin yükü də neft fondunun üzərinə qoyuldu. Son bir ildə 1 milyarda yaxın Beynəlxalq Banka vəsait yatırdı. Görünən odur ki, bu vəsaitin geri qayıtması mümkün deyil".

Buna da bax:​ Valyuta bazarı dəfələrlə kiçilib

Natiq Cəfərli düşünür ki, Neft Fondundakı vəsaitlə Azərbaycan daxili problemlərini bir-iki il qarşılaya bilər. Yox əgər, Neft Fondunun üzərinə xarici layihələr - TAP və TANAP və ya Şahdəniz-2 layihəsinin icrası ilə bağlı öhdəliklər qoyularsa, bu vəsait 1 ilə də tükənə bilər.

Adambaşına düşən xarici dövlət borcu

Azərbaycanın adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə 782,6 dollardır.

2016-cı ilin iyuluna olan məlumata görə dövlətin daxili borcu 7,3 milyard manatdır.

Ölkənin valyuta ehtiyatları Mərkəzi Bankda və Neft Fondunda toplanır. Lakin 2014-cü ilin payızından bəri Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollardan 4 milyard dollara qədərə “əriyib”.

Bu vəsaitin manatı sabit saxlamaq üçün xərcləndiyini düşünənlər var.

Buna da bax:​ 'Ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb'

Neft Fondu özü bəs nə deyir?

2016-cı ildən etibarən isə Neft Fondu hərraclar vasitəsilə ilə bazara dollar çıxarıb. “İndiyə kimi hərracda nə qədər dollar satılıb”, “hərracların keçirilməsi Mərkəzi Bankın ehtiyatının azalması kimi Neft Fondunda da vəsaitlərin “əriməsi”nə səbəb olmaz ki” - bu və digər suallarla Fonda müraciət etdik.

Neft Fondu 2016-ci ildə 4,3 Milyard ABŞ dolları satıb

Neft Fondu 2016-cı il ərzində bazara ümumilikdə 4,3 milyard ABŞ dolları məbləğində valyuta çıxarıb. AzadlıqRadiosu-nun sorğusuna cavabında Fond böyük həcmdə valyuta satışlarını öhdəliklərin vaxtında icrası ilə əsaslandırıb:

“Neft Fondunun büdcəsinin böyük hissəsini manatla olan ödənişlər (dövlət büdcəsinə transfert və digər ödənişlər) təşkil edir. ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadilə edilməsi zərurəti yaranır. Fond yalnız hər il üçün nəzərdə tutulmuş manatla olan xərc maddələrini icra etmək məqsədilə dollar satışını həyata keçirir”.

Buna da bax:​ Qubad İbadoğlu: 'Qiymətlər daha sürətlə qalxacaq'

Neft Fondu neft gəlirləri azalandan bəri hər hansı layihələrin icrasını təxirə salmayıb. Amma vəsaitlərin artırılması məqsədi ilə xərclərinin tədricən azaldılması istiqamətində tədbirlər gerçəkləşdirir.

Belə ki, Fondun xərclərinin böyük hissəsini dövlət büdcəsinə transfert təşkil etdiyindən, transfertin azaldılması hökumətin növbəti illər üçün atdığı ən önəmli addımlardan biri hesab edilir.

2014-cü ildən etibarən Fondun dövlət büdcəsinə transfert ilə bağlı xərcləri tədricən azaldılır.

Buna da bax: Əksər ekspertlərin proqnozu özünü doğrultdu

Belə ki, 2013-cü ildə dövlət büdcəsinə transfertin məbləği 11 350 milyon manat təşkil etdiyi halda, 2014-cü ildə bu məbləğ 9 337 milyon manat, 2015-ci ildə 8 130 milyon manat, 2016-cı ildə 7 615 milyon manat, 2017-ci ildə isə 6 100 milyon manata qədər azaldılmışdır. Xərclərin davamlı olaraq azaldılması Fondun vəsaitlərinin artmasına şərait yaradacaqdır.

Fond vəsaitlərin səmərəli idarə edilməsi məqsədi ilə 2012-ci ildən etibarən investisiya portfelinə səhmlər (özəl səhmlər daxil olmaqla), daşınmaz əmlak, qızıl kimi maliyyə alətlərinin mərhələli şəkildə əlavə edilməsinə başlayıb. Bununla həm də eyni zamanda uzunmüddətli dövr ərzində Neft Fondunun vəsaitlərindən əldə edilən gəlirlərin dayanıqlılığını təmin etməkdir.

Buna da bax: Mərkəzi Bankın valyuta ehtiyatı azalır

Dünya bazarında dolların durumu

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Qubad İbadoğlu isə düşünür ki, Neft Fondu öz aktivlərinin böyük bir hissəsini - 47,6 faizini dollarda saxlayır. Dünya bazarında dolların möhkəmlənməsi isə o deməkdir ki, Fondun durumu o qədər də pis deyil:

"Neft Fondu hazırkı çətin makro-iqtisadi və maliyyə durumunda xeyli müsbət nəticələr əldə edib. Aktivlərin və valyuta idarəetməsindən gəlirlərinin əhəmiyyətli artımı, xərclərinin, xüsusilə də idarəetmə xərclərinin kəskin azalması menecmentin düzgün qurulması və məsrəflərinin rasionallaşdırılmasının göstəricisidir. Bu digər büdcə təşkilatları üçün nümunə ola bilər. Cari ilin 9 ayında Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri hardasa 735 milyon manat olub ki, bu da manat ifadəsi ilə ötən ilin eyni dövründən 15 dəfəyədək, dollar ifadəsi ilə 10 dəfəyədək çoxdur".

Buna da bax:​ İlin sonu gəldi – manatın taleyi ilə bağlı ekspertlər nə deyir...

Amma Natiq Cəfərli o qədər də nikbin deyil. O düşünür ki, ölkənin əksər yükləri Neft Fondunun üzərinə qoyularsa, Fondun aktivləri qısa müddətdə “əriyə” bilər.

"Hökumət indi ciddi borclanmaya getmək istəyir. Bu borc mənbələri tapılmasa, vəsait 12 aya bəs edə biləcək. Bu hələ ən yaxşı ssenaridir. Neft qiyməti yenidən 30 dollar həddinə düşsə, bu ehtiyatlar daha tez tükənə bilər. Hökumət anlamalıdır ki, tək Neft Fonunda, neftə güvənməklə ölkəni böhrandan çıxarmaq mümkün deyil. Ciddi şəkildə real sektorun inkişafı üçün addımlar atılmalıdır".

Ölkənin valyuta ehtiyatını necə qorumaq olar? Bakı sakinlərinin fikirlərini eşidək:

Ölkənin valyuta ehtiyatını necə qorumaq olar?
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Neft Fondu vəsaitinin hardasa 83 faizini dollar və avroda saxlayıb. Yerdə qalan vəsait manat, ingilis funtu, qızıl, rus rublu və digər valyutalardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG