Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

Keçmiş milli təhlükəsizlik naziri yenidən məhkəmə önündə


Vəli Ələsgərov, 2014
Vəli Ələsgərov, 2014

►"İttihamda göstərildiyi vaxtlar Vəli Ələsgərov məzuniyyətdə, ezamiyyətdə olduğu dövrə düşür"

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov yenidən məhkəmə qarşısına çıxarılıb. İyulun 26-da onun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Vüqar Xasayev bildirib ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıblar:

"Müəyyən adamlar var ki, onlar mütləq məhkəmədə dindirilməlidir, bir sıra orqanlardan sənədlər alınıb araşdırılmalıdır. Məsələn, Vəli Ələsgərovun 2013-2015-ci illərdə ayrı-ayrı vaxtlarda törədildiyi iddia edilən müəyyən cinayətlərdə ittiham olunur. Halbuki, ittihamda göstərildiyi vaxtlar Vəli Ələsgərov məzuniyyətdə, ezamiyyətdə olduğu dövrə düşür və həmin müddətdə o, ümumiyyətlə Naxçıvanda olmayıb. Bunu təsdiqləyən sənədlərin müvafiq orqanlardan alınması barədə vəsatət qaldırdıq".

Buna da bax: Keçmiş milli təhlükəsizlik nazirinə 14 il cəza kə sildi

"KEÇMİŞ EVLƏ BAĞLI MƏSƏLƏ ARAŞDIRILSIN"

Müdafiə tərəfinin daha bir vəsatəti keçmiş nazirin Naxçıvan MR Şərur rayonunun Biçənək kəndindəki evi ilə bağlı olub. Vəkilin sözlərinə görə, həmin ev Vəli Ələsgərovun həbsindən sonra Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin şöbə rəisinin atasının adına keçirilib:

"Vəli Ələsgərov özü də məhkəmədə bildirmişdi ki, onun həbsindən sonra özünün və yaxınlarının bütün əmlakları, hətta yaşadıqları evlər zorla əllərindən alınıb. Biz Biçənək kəndindəki evin Vəli Ələsgərova məxsus olması barədə sənədləri məhkəməyə təqdim etdik və bu məsələnin araşdırılmasını xahiş etdik. Həmçinin ona qarşı işgəncələrin araşdırılmasını istədik".

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Keçmiş nazirin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması qərara alınıb. Qərara əsasən, avqustun 1-nə təyin olunan məhkəmə baxışı qapalı keçiriləcək.

“PROSESİ İCTİMAİYYƏTDƏN GİZLƏDİRLƏR”

Vəkil məhkəmənin qapalı keçirilməsini də qanunsuz sayır:

"Bu, məhkəmə prosesini ictimaiyyətdən gizli saxlamaq məqsədi daşıyır".

Vəli Ələsgərov 15 il Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. O, 2015-ci ilin dekabrında vəzifədən uzaqlaşdırılıb. 2016-cı ilin martında isə həbs olunub. Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən Vəli Ələsgərov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.

Keçmiş nazirin 50-dən çox qohumunun işdən çıxarıldığı, əmlaklarının əllərindən alındığı bildirilir. Onun vəkillərinin bildirməsinə görə, sabiq nazir istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb.

Ancaq Azərbaycan və Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanları işgəncə iddialarını təkzib ediblər.

V.Ələsgərovun özünün də nazir işləyərkən işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG