Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:50

Müqəddəs Valentinin “barmağı” İngiltərəyə necə gəlib?


Məsələ də burasındadır ki, tarixdə azı üç müqəddəs Valentine olub və "sevgi günü" ilə bunlardan hansının bağlı olduğunu müəyyən etmək çətindir

Hər il, fevralın 14-də bir çox ölkələrdə olduğu kimi Britaniyada da böyük bir şadlıqla qeyd edilən müqəddəs Valentine və ya “sevgililər günü”ndə ölkə mediası Koventri şəhərindən yazır.

Xəbər verilir ki, Koventridəki kilsələrdən birində müqəddəs Valentinin təbərrükü, daha doğrusu iddia edildiyinə görə barmağı nümayiş etdiriləcək.

Bəs görəsən, bu barmaq Britaniyanın sənaye şəhərlərindən birinə necə gəlib çıxıb?

Britaniya mətbuatı yazır ki, Koventri kilsəsində ipək şalın üstünə qoyulmuş barmaq görmək istəyənləri məyus etmək lazım gələcək, çünki barmağın bir parçası kiçik və naxışlı təbərrük sandıqçasının içində olacaq.

Bununla belə, kiləsnin baxıcısı Ann Tuesley ümid edir ki, adamlar, ələxüsus da sevgililər bu bazar günü səhər ibadətinə mütləq gələcəklər.

Tarixçilər deyirlər ki, müqəddəs Valentinin bir parçasının Koventridə olmasını güman etməyə heç bir ciddi tarixi əsas yoxdur. Lakin kilsə şurasının üzvü Cam Morgan deyir ki, “Koventri sülh şəhəri kimi tanınır və sülhü təbliğ edən bir müqəddəsin bu şəhərlə əlaqələndirilməsi tamamilə məntiqidir”.

Məsələ də burasındadır ki, tarixdə azı üç müqəddəs Valentine mövcud olub və sevgi ilə bunlardan hansının bağlı olduğunu müəyyən etmək çətindir.

“Romadan gələn təbərrük”

1800-cü illərdə Roma katakombalarının birində aparılmış qazıntı işləri zamanı müqəddəs Valentinin qalıqlarının aşkar edildiyi xəbər verilmişdi.

İlahiyyatçı Kenneth L. Woodward deyir ki, keşişlər müqəddəslərin sümük parçalarını paylaşmağa həmişə sevinclə hazır olublar. Onlar bunu “ruhani sərvət” hesab edirlər.

Bu da qeyd olunur ki, Koventridəki müqəddəs John kilsəsi mötəbər ibadət ocağı sayılır. Bu kilsə 1344-cü ildə kral 2-ci Edward-ın vəfatının ardınca onunxanımı, kraliça İsabella tərəfindən inşa etdirilib.

8-ci Henry-nin fərmanı ilə bütün katolik kilsələri kimi bu kilsə də 1546-cı ildə bağlanıb və yalnız 1734-cü ildə təkrar açılıb. Hərçənd bu dəfə Roma katolik kilsəsi kimi yox, anqlikan kilsəsi kimi.

Müqəddəs Valentinin təbərrükləri bütün dünya boyunca kilsələrə göndəriləndə, deyilənlərə görə onun barmağının bir parçası da müqəddəs John kilsəsinin payına düşüb.

“Məsələ imandadır”

Xanım Morgan deyir ki, onlar bu müqəddəs təbərrükü adətən gözdən iraq bir yerdə saxlayırlar, lakin Valentine günündə onun nümayiş etdirilməsi qərarına gəlinib.

Bakıda Valentin günü
Bakıda Valentin günü

Britaniya qəzetlərindən biri sual edir: “Bu, doğrudandamı müqəddəs Valentinin barmağıdır?”

“Yox - deyə cavab verir qəzetin yazarlarından biri, - Amma onun sənət nümunəsi olmasına şübhə yoxdur, çünki belə təbərrüklərin üstündə adətən şəhadətnamələr olur”.

Bu şəhadətnamələr Roma papasının ofisi tərəfindən verilir.

Bundan başqa təbərrükün sandıqçası əridilmiş mumla möhürlənib. Bu möhürün özü də həqiqiliyin təsdiqi sayılır.

Hətta xanım Morgan-ın özü də etiraf edir ki, bu, bütün hallarda bir iman işarəsidir.

Üç Valentine

Elə isə müqəddəs Valentine kim olub?

Katolik Ensiklopediyasında (Catholic Encyclopaedia) verilən məlumata görə, erkən şəhadət kitablarında və martiroloqlarda ölüm günü 14 fevrala təsadüf edən azı üç müqəddəs Valentine qeyd olunub.

Onlardan birinin Romada keşiş olduğu yazılıb. İkinci Valentine İnteramnada (İtaliyanın indiki Terni şəhəri) yepiskop kimi xidmət edib. Başqa bir Valentine isə Afrikada yaşayıb və elə orada da vəfat edib.

Britaniyada güman edirlər ki, Koventridəki “barmağın” sahibi Romada keşiş olan Valentindir.

Əfsanə

Əfsanə bundan ibarətdir ki, bu keşiş əsgərlər və onların sevgililəri üçün gizli kəbin kəsirmiş, beləki imperator hərbçilərin evlənməsini qadağan edibmiş.

Hökmdar düşünürmüş ki, evdəki arvad-uşaqlarından nigaran qalan əsgərdən əsgər olmaz.

Nəhayət gizli kəbin kəsən keşiş ələ keçib və zindana atılıb. Əfsanəyə görə o, burada məhbəs gözətçisinin kor qızının gözlərini açıb.

Məhbəsçi ilə müqəddəsin dostlaşmasına baxmayaraq, bir müddət sonra Valentini edam etməyə aparıblar. Deyilənlərə görə, o dar ağacına getməzdən əvvəl korluqdan xilas etdiyi qız üçün kiçik bir mesaj qoyub və “müqəddəs Valentine” imzası ilə qollayıb.

Ateistlərin də sevdiyi gün

Həqiqətin necəliyindən asılı olmayaraq bu gün Avropada Milad və Pasxa bayramları kimi, müqəddəs Valentine günü də son dərəcə kommersiyalaşıb.

London supermarketlərində bir dəstə qızılgülün qiyməti 3 funt sterlinqdən 20-25 funta qalxıb.

Elə həmin Koventridə artıq bir müddətdir ki, sevgililər üçün ən yaxşı kafe və restoranların reklamı edilir.

Bəzi ilahiyyatçılar isə deyirlər ki, fevralın 14-ü hətta bir çox ateistlərin də “müqəddəs” gününə çevrilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG