Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

-

Prezident İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunmasına dair sərəncamında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayırıb. Sərəncam çoxlu sual doğurub:

Özünüməşğulluq nədir? Bunun eyni nazirliyin illər öncə gerçəkləşdirdiyi «Özünüdəstək» layihəsindən hansı prinsipial fərqləri var?Özünüməşğulluğa çıxmaq imkanı qazananların hər biri nə qədər vəsait alacaq? Vəsait kimlərə ayrılacaq? Vəsait hansı göstəricilərə görə, ayrılacaq?

Həmin suallara, hələlik,qismən də olsa, nazir Səlim Müslümovun açıqlamasındacavab tapılır.O açıqlamanın mahiyyətini belə ifadə etmək olar: prezidentin ayırdığı 6 milyon manatla 68 rayonun hər birindən 20 aztəminatlı ailə (bütövlükdə təxminən 1400 ailə) 4 min manat alacaq və bu pula öz biznesini quracaq. Seçim aparılarkən ünvanlı sosial yardım alan ailələrə, özəlliklə, ən azı, 2 nəfəri əməkqabiliyyətli olan ailələrə üstünlük veriləcək. Onlara layihə çərçivəsində ayrılacaq təsərrüfat gərəkləri, mal-qara və s. sığortalanacaq.

«NAZİRİN ELƏ DEMƏSİ YANLIŞDIR...»

İqtisadçı ekspert Qalib Toğrul nazirin vəsaiti nədən aztəminatlı ailələrə verəcəyinin dəqiqləşdirilməsini istəyir vəsərəncamda «özünüməşğulluq» sözünün işsiz əhaliyə ünvanlandığını vurğulayır: «Oxucularımıza aydın olsun deyə baxaq, hansı ailələr aztəminatlı ailə sayılır. «Ünvanlı dövlət sosial yardımı» qanununun 1-ci maddəsində yazılır: aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. Ehtiyac meyarı isə sosial yardımın verilməsi üçün istifadə olunan bir anlayışdır və hazırda onun məbləği 105 manatdır. Nazirin əvvəlcə «vəsait aztəminatlı ailələrə veriləcək», sonra «ünvanlı sosial yardım alanlara üstünlük veriləcək» deməsi yanlışdır. Niyə? Axı mənim, sənin, onun aztəminatlı ailə olduğumuzu təsdiqləyən yeganə sübut ünvanlı sosial yardım almağımızdır. Əksini iddia edənlərə sual verirəm: hansısa dövlət orqanı ünvanlı sosial yardım almayan ailəyə arayış verə bilərmi ki, o,aztəminatlı ailədir? Sərəncamda söhbət əhalidən, təbii ki, işsizlərdən gedir. Sənəddə nə «aztəminatlı ailə» sözü var, nə də ümumiyyətlə «ailə» sözü var».

Qalib Toğrul

Qalib Toğrul

«BU, AİLƏYƏ ŞAMİL OLUNAN BİR ANLAYIŞ DEYİL»

Ekspert bildirir ki, «özünüməşğulluq» ailəyə aid edilə bilməz: «Nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində özünüməşğulluq ailəyə şamil olunan bir anlayış deyil. Bu, elə bizim qanunvericilikdə də deyildiyi kimi, əməkqabiliyyətli işsizlərin heç kimdən asılı olmadan müstəqil surətdə iş qurmasıdır. Bir az da xırdalasaq, hansısa işəgötürənin yanında muzdlu əməklə məşğul olmamasıdır. «Məşğulluq haqqında» qanuna görə, özünüməşğulluq - əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir.

Söhbət işsizə gəldisə, demək, bu layihəni nazirliyin sosial təminatı şöbəsi yox, məşğulluq siyasəti şöbəsi və ya nazirliyin strukturuna daxil olan Dövlət Məşğulluq Xidməti, - daha doğrusu da, elə budur, - həyata keçirəcək».

«ÖZÜNÜMƏŞĞULLUĞUN» «ÖZÜNÜDƏSTƏK»DƏN FƏRQİ

Ekspertin fikrincə, rəsmi çıxışlara baxılınca, «özünüməşğulluq» və «özünüdəstək» arasında gözəçarpan fərq tapılmır: «Yenə də vəsait aztəminatlı ailələrə veriləcək, yenə də kəndliyə inək, qoyun almaqdan danışılır. Amma fərqini deyim. «Özünüdəstək» ailənin özünü lazım olan ərzaqla və ya minimum fizioloji tələbatı ödəməyə imkan verən vəsaitlə təmin etməyə hesablanmış sosial layihə idi. «Özünüdəstək» layihəsindən fərqli olaraq «özünüməşğulluq» bir sahibkarlıq layihəsidir və işsizin sahibkarlıq fəaliyyətinə başlamasına imkan verir. Bu səbəbdən ona qarşı tələblər olmalıdır».

«BU HALDA... HEÇ BİR SƏMƏRƏSİ OLMAYACAQ»

Ekspert vurğulayır ki, özünüməşğulluq mütləq ünvanlı sosial yardım proqramından ayrılmalıdır: «Əks halda onun heç bir səmərəsi olmayacaq. Sosial yardımdan ayırmaq deyəndə, yenə də eyni bazaya yığılmış insanların içərisindən seçim aparmaqla auditoriyanı məhdudlaşdırmaq cəhdlərini nəzərdə tuturam və pisləyirəm. Bu halda özünüməşğulluğun heç bir səmərəsi olmayacaq».

Şərhləri göstər

XS
SM
MD
LG