Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:25

«Televiziya gəlib çəkdi, sonra hamısını yığışdırdılar»


Yanan bina təmirdən sonra.
Yanan bina təmirdən sonra.

-

Azadlıq prospektində 15 nəfərin həyatına son qoymaqla yanıb yararsız hala düşən binaya artıq sakinlərin köçü başlayıb.

Dörd aylıq təmir-tikinti işlərindən sonra bina təhvil verilib. 59 mənzilin hamısı tam təmir olunub, mebel və bəzi məişət avadanlıqları ilə təchiz edilib. Bloklardakı pilləkənlər mərmərlə üzlənib, lift sistemi yenidən qurulub. Binanın artıq havalandırma, yanğından mühafizə və fövqəladə hallara dərhal reaksiya verən siqnalizasiya, istilik sistemi var.

Təmir işlərini aparan «Azəraqrartikinti» şirkətinin əməkdaşları hələ də binanın önündədirlər, sakinlərin müraciətlərinə, mənzillərdə çıxan xırda-para problemlərə əncam çəkməyə çalışırlar. Elə onlara müraciət edən də az deyil.

Artıq binaya köçən 48 ailənin əksəriyyəti təmir işlərindən əsasən razı qalsalar da, çatışmazlıqlar da yox deyil.

«PREZİDENT DEMİŞDİ Kİ…»

«Biz köçə bilmirik, əsas da ona görə ki, soyuducu yoxdur. Bir az qurbanlıq ətimiz var, onu da gətirib burda xarab etmək istəmirik. Heç qab-qacağımız belə yoxdur. Halbuki o vaxt prezident demişdi ki, qab-qacağa qədər veriləcək».

Oqtay Həsənov şikayətçilərdən biridir. Deyir, real vəziyyət bəzi media orqanlarının çəkib göstərdiyindən, cəmiyyətə təqdim olunandan fərqlidir:

«Bir-iki mənzilə televizora kimi hər şey qoydular. Televiziya gəlib çəkdi, camaata göstərdilər, sonra hamısını yığışdırdılar. İndi heç bilinmir camaata nə verəcəklər, nə yox. Onsuz da biz bu hadisədən şoka düşmüşük, yoldaşım insult keçirib».

Oqtay Həsənov.
Oqtay Həsənov.

Bu məqamda söhbətə ərazidəki iş icraçılarından biri müdaxilə edir:

- Sizə kompensasiya ödənməyib bəyəm?

- 20 min manat verilib. Amma oradan nə qaldı ki? Elə xəstəxanalara verdik. Sonra yorğan-döşək düzəltdirdik, hələ nə qədər çatışmazlığımız var. O puldan yerdə nə qaldı ki?

Oqtay Həsənov mənzillərin təkcə paltaryuyan maşın və soba ilə təmin olunmasını yetərli saymır. Onu da deyir ki, 20 min manat kompensasiya həm mənəvi, həm maddi ziyanı ödəməyə hesablana bilməz:

«Biz burada iki ailə yaşayırdıq, iki kondisionerimiz, üç televizorumuz, kompüterimiz var idi. Hələ büllur lüstrdən, qalan əşyalardan danışmıram. Elektrik avadanlıqlardan ancaq soba və paltaryuyan verilib. Heç onlar da hələ tam yerinə otuzdurulmayıb. Bilmirəm ikisini bir cərəyana salanda hələ davam gətirəcək, ya yox. Təmir pis deyil, amma onda da bəzi çatışmazlıqlar var. Prokurorluqda bizdən siyahı istədilər ki, ziyanımız nədir. Bəs nəyə görə onu alırdılar bizdən? Demirəm ki, mənə iki soyuducumu verin, heç olmasa, iki soyuducudan birini və ya üç televizordan birini verərdilər».

«DEMİRİK Kİ, BİZƏ BAHALI SOYUDUCU ALIN»

Bina sakini Surxay Sadıqovun dediyinə görə, təxminən bir ay öncə sakinlər yığışıb prezident İlham Əliyevə məktub yollayıblar. Məktubda təmirdən razılıq etsələr də, onlara verilən vədin tam yerinə yetirilmədiyini bildiriblər, kömək istəyiblər:

Sakinlər təmir işlərindən əsasən razı qalsalar da, çatışmazlıqlar da yox deyil.
Sakinlər təmir işlərindən əsasən razı qalsalar da, çatışmazlıqlar da yox deyil.

«Biz prezidentə məktub yazdıq ki, təmir əladır, amma avadanlıqlarla da bizi təmin etsinlər. Heç olmasa, soyuducu versinlər. Düzdür, pul veriblər, amma hər şeyi də özümüz almalıyıq axı, heç qab-qacağımız da yoxdur. Bir aydır prezident aparatına yazmışıq, hələ xəbər yoxdur. Biz demirik ki, bizə böyük soyuducu verin, qoy ən ucuzunu versinlər. Axı alınmalı çox şeyimiz var, bir xalçamız belə qalmayıb».

Ərazidə olan iş icraçıları sakinlərin bu iradlarını öz ünvanlarına götürmürlər. Deyirlər ki, «bizim işimiz əsas təmirlə bağlı olub, o ki qaldı avadanlıqlara, nə verilibsə, biz də onları ünvanlara daşımışıq».«Azəraqrartikinti»nin sahə rəisi Vüqar Əliyev təmir işlərində rastlanan xırda-para qüsurları da inkar etmir:

«Dörd ay müddətində 500 nəfər burada 24 saat çalışıb. Bina dörd aya təhvil verilibsə... Məsələn, nəzərə alın ki, burada beş min su nöqtəsi var, ola bilər ki, onun üçündə-dördündə nəsə problem çıxsın. Amma biz fəhlələri işdən azad etməmişik, suvaqçıdan tutmuş elektrikə kimi burada 24 saat növbə çəkirlər ki, nəsə problem çıxsa, dərhal onu aradan qaldıraq».

«ÖLƏN ÖLDÜ, YEYƏN DƏ YEDİ»

İcraçılar «nə etsən də, bu camaat qurdalayıb problem tapacaq» deyir, sakinlər isə öz xoşlarına bu duruma düşmədiklərini və şikayətlərini dilə gətirməkdə haqlı olduqlarını bildirirlər.

Sakin: «Nədən razı olaq. Soyuducu yox, kondisioner yox...»

İcraçı: «Sən təmirdən danış, təmirindən razısan?».

Yanan binanın qarşısı.
Yanan binanın qarşısı.

Sakin: «50\50. Elə təmirdə də problemlər var».

İcraçı: «Biz bacardığımızı etmişik. Dörd ay burada ölümlə oynamışıq. Bütün tikinti materiallarını liftsiz yuxarı mərtəbələrə daşımışıq. Daş-kəsək yağış kimi başımıza tökülüb. Bütün bunları necə qiymətləndirməmək olar?».

Sakin: «Biz də günahkar deyilik. Gətirib o cındır üzlükləri bura yapışdıranda bilmirdilər ki, nə nədir. Ölən öldü, yeyən də yedi. Gör kimlər qazandı burdan».

İcraçı: «Bu məsələlərin bizə aidiyyəti yoxdur».

İcraçılardan əllərini üzən sakinlər indi Prezident Administrasiyasından onlara cavab veriləcəyini gözləyirlər.

Azadlıq prospekti, 200/36-da yerləşən 16-mərtəbəli bina bu il mayın 19-da yanmışdı, 15 nəfər ölmüşdü. Yanğına ilkin səbəb kimi binanın üzünə çəkilmiş penoplast üzlüklər göstərilir. Yanan material olan üzlük bir anda alovlanmış və ani yanğın bütün binanı bürümüşdü.

Prezidentin sərəncamı ilə yanmış binada təmir və yenidənqurma işləri aparılması üçün 5 milyon manat ayrılıb.

Hazırda hadisə ilə bağlı istintaq gedir, dörd nəfər həbs olunub.

XS
SM
MD
LG