Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:45

"Bizim binanın altı təzək, üstü bəzəkdir"


Illüstrasiya
Illüstrasiya

►“Üzlədikləri binanın içərisini də düzəltsinlər”

“Gənclik" metrosunun üstündəki binaların yanından keçəndə bəlkə də bu binalarda yaşayanlara paxıllıq edənlər çox olur.

Düşünürlər ki, hökumət necə də qeydlərinə qalıb... Yaşadıqları binanı göz oxşayacaq qədər təmir edib.

Amma qapısından keçib binanın içəriləri ilə tanış olsalar, yanıldıqlarını anlayarlar.

Buna da bax: Hökumət idman xərclərini 2 dəfə artırır

SEVİNC ÇOX ÇƏKMƏDİ...

Səriyyə Həsənzadə Atatürk prospektindəki 3 saylı binada yaşayır. Deyir, 2 il əvvəl Nərimanov rayon İcra Hakimiyyəti fəhlələri həyətlərə tökəndə sakinlərin sevinci yerə-göyə sığmırmış. Səbəbsə onlara binaların əsaslı təmir olunacağı müjdəsinin verilməsi olub:

“36 ildir bu binada yaşayıram, hələ indiyədək divarına rəng çəkildiyinin də şahidi olmamışam. Su, kanalizasiya, işıq xətləri çürük-çürükdür. Elə ki, iş başlandı, sevindik ki, nəhayət, şəraitimiz düzələcək. Bir də məlum oldu ki, fəhlələr yalnız binaların üzlənmə işlərini görüb gedəcəklər. Əksinə, olan-qalan təmizliyi də fəhlələr əlimizdən aldılar”.

Binanın başqa sakini Vahid Qasımov deyir, həyət bərbad gündədir. Üstəlik, fəhlələr üzlənmə işləri görəndə mənzillərə də xətər yetiriblər:

"Bizim bina pis də çıxmasın, altı təzək, üstü bəzəkdir. Üstünə heyran olursan, içərisinə isə ayağın da gəlməz daxil olasan. Eyvanları söküb təzədən tikdilər, indi yağış yağanda təzə eyvana vanna, vedrə düzürük. Bir azdan payız yağışları başlayanda yenə işimiz artacaq, əsəblərimiz pozulacaq. Təmirli evlər də bərbad günə qaldı”.

Buna da bax: Elif Şafakdan həbsdəki Xədicə İsmayıla

VƏSAİT ÜZLƏNMƏYƏ AYRILIB

Sakinin sözlərinə görə, binalarda üzlənmə işləri aparılarkən fəhlələrin başının üstündə dayananlar evlərə baxış keçirəndən sonra “işlər yekunlaşsın, sonra da evlərin içərisinə əncam çəkərik” desə də, işlər bitən kimi qeybə çəkiliblər.

Nərimanov rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidəki binalarda üzlənmə işləri yekunlaşandan sonra bəzi mənzillərin sakinləri quruma mənzillərinə zərər dəyməsi ilə bağlı müraciət ediblər. Qurum da qüsurları aradan qaldırıb.

Binadakı kommunikasiya və sair xətlərin köhnəliyi ilə bağlı sakinin dediklərinə gəlincə, qurumdan deyirlər ki, vəsait yalnız fasadların üzlənməsinə ayrılıb və həmin işlərə də sərf olunub.

Sakinlərsə yerli icra hakimiyyətinin ərazidəki binalara təkrar diqqət ayırmasını istəyirlər. Bu dəfə çölünə yox, içərisinə...

XS
SM
MD
LG