Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:46

Paytaxt Bakıda - “Azərbaycan” prospektinin başlanğıcında xeyli sayda barelyef var. Birinci binada kimlər yaşayıb-yaratmayıb? Dahi bəstəkar, publisist, dramaturq Üzeyir bəy Hacıbəyli, bəstəkarlar Tofiq Quliyev, Süleyman Ələsgərov, şairlər Əhməd Cəmil, Mirvari Dilbazir, musiqişünas və pedaqoq Əşrəf Abbasov, dövlət xadimi Şəmsi Rəhimov, filosof Heydər Hüseynov, generallar Hüseyn Rəsulbəyov, Akim Abbasov... Bir neçəsini çıxmaq şərtilə, əksəriyyətinin barelyefində portretləri əks olunub.

Kimlər yaşayıb, kimlər yaradıb...

İndi həmin binanın yan-yörəsini bahalı geyim dükanları, ərzaq mağazası, həyətini isə xarici markalı avtomobillər bəzəyir. Barelyeflərlə üzbəüzdə polis əməkdaşları yolu düzgün adlamayanları, qırmızı işıqda zolaqları tapdalayıb-keçənləri saxlayır və cərimələyir. Kimi dərddən başını yuxarı qaldırıb işıqfora baxmır, kimi də unutqanlıqdan yolun o biri üzünə doğru qaçır. Asayiş keşikçiləri onları saxlarkən, dilxoşluq edən də var, üzünü bozardıb-höcətləşən də. Qanqaraldan mənzərədir. Yəqin bu səbəbdən Üzeyir bəy üzünü yana çevirib, sanki hamıdan küsüb. Haqqı da çatır. Onun yerini başqa bir Üzeyirə (Mehdizadə) verdiyimizə görə bizdən inciməyə haqqı çatır.

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov

​O biriləri də gözünü başqa səmtə - bank faizlərini qaytarmaq üçün növbəyə düzülənlərə zilləyib. Yağışsa heykəllərin gözündən damcı-damcı yerə süzülür. Bu, həm də bankların əlində girova çevrilmiş insanların taleyinə axıdılan gözyaşlarıdır...

Abdulla Şaiqin baxışı, Mirəli Qaşqayın daşı...

Zinət əşyaları cərgəylə, muncuq kimi piştaxtaların üstünü bəzəyib. İçıl-işıl yanır, müştərinin gözünü qamaşdırır, ağzını sulandırır...

Abdulla Şaiq

Abdulla Şaiq

Dükan içi tez-tez dolub-boşalır. Gəlirlər, gedirlər. Cismən yaxınlıqda, ruhən başqa bir dünyada olan əliqabarıq qadın dilənir. Yoldan ötən adamlar, ayaq saxlamadan gedirlər. Tək Abdulla Şaiq onlardan baxışlarını çəkmir. Şair sol əlini qulağına pərçimləyərək tamaşa edir. Yaşlı qadının da elə sol əli məşğuldur... İrəli uzadıb qəpik-quruşun ovucuna sıxılacağı anı gözləyir...

Göydən çisələyən yağış suyu hamını aydınlığa çıxarır. Bir tək Abdulla Şaiqin barelyefini və başıaşağı dayanan dilənçi qadının üzünü yuya bilmir. Yəqin cəsarəti çatmır...

Əlində daş parçası olan geoloq Mirəli Qaşqay, acı-acı baxışlarla, bu mənzərəni seyr edir.

Mirəli Qaşqay

Mirəli Qaşqay

Mirəli Qaşqayın yaşayıb-yaratdığı binanın bir küncünə vurulan barelyefi o qədər də diqqət çəkmir. Turizm şirkəti və başqa bahalı geyim dükanları onun divara oyulan simasını görməzdən gəlir...

Bu binanın yerindəki bina

Ən dəhşətli mənzərə Mirzəağa Əliyev küçəsindədir. Şax qamətilə yeraltı keçiddən çıxanlar da, gecəyarısı yolda sürətlə şütüyən avtomobilləri süzən Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov da çox əsəbi görünür. Yəqin, barelyefində yazılanlar onu incidir.

Cahangir Zeynalov

Cahangir Zeynalov

“Azərbaycan Milli Teatrının banilərindən biri Cahangir Məşədi Rza oğlu Zeynalov 1865-1918-ci illərdə bu binanın yerində olan evində yaşayıb-yaratmışdı”.

Üzbəüzdə duran Füzuli də bu sözlərə görə illərdir başını aşağı salıb, pıçıltıyla “Söz” qəzəlini zümzümə edir:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz...

***

Mehdi Hüseyinzadə

Mehdi Hüseyinzadə

Mehdi Hüseynzadənin ətrafında telefon dükanları və gülsatan qız dolaşır. Heç kim ona - “Partizan Mixaylo”ya diqqət göstərmir. O isə dalğın-dalğın yola baxır. Sanki kimsə gələcək və onun nurlu simasınnın tamaşasına dalacaq...

Günün bütün mövzuları

XS
SM
MD
LG