Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

Azərbaycanlı ekspertlər Rusiya-Ermənistan arasında hərbi sazişi şərh edirlər

Ermənistan parlamenti Rusiya ilə bağladığı Vahid Havadan Müdafiə Sistemi sazişini ratifikasiya eləyib.

Bu o deməkdir ki, artıq Ermənistan səmasında görünən hər hansı hərbi təyyarənin daha tez aşkarlanması, koordinatlarını müəyyənləşdirilməsi, hərbi cavab verməsi imkanları artır. Bəzi ekspertlər bu radarların, əsasən, Qarabağ səması üçün işləyəcəyini hesab edirlər.

Üstəlik, Rusiya ilə vahid havadan müdafiə sisteminə qoşulmaqla Ermənistanın Qarabağda hərbi və siyasi gücünün artdığını söyləyənlər də var.

Hərbi ekspert Üzeyir Cəfərov sonuncu rəyi bölüşür, deyir ki, bu, daha çox Rusiyanın Ermənistan vasitəsilə təzyiq üsuludur:

“Apreldəki qısamüddətli döyüşlər Rusiyanı narahat etdi, ona görə də Ermənistanı sığortalamağa çalışır. Əgər Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlamaq istəsə, o zaman Rusiya buna hüquqi əsas verən sazişi ortaya qoya bilər. Hərçənd bütün beynəlxalq hüquqi qanunlar bir ölkənin qoşunlarının başqa ölkənin ərazisində olsun”.

“Regionda gərginliyi artıracaq”

Üzeyir Cəfərov hesab edir ki, Rusiyanın Ermənistanla belə bir saziş imzalaması həm regionda gərginliyi artıracaq, həm də Ermənistanı təsir altında saxlamağa vadar edəcək.

Hərbi ekspertin fikrincə, Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərindən olan Rusiyanı xəbərdar etməlidir: sabah rəsmi Bakı Ermənistanın təxribatlarının qarşısını almaq istəyərsə və ya işğal olunmuş ərazilərində antiterror əməliyyatları keçirərsə, Rusiyanın hərbi aviasiyasının buna qarışması yolverilməzdir. Müsahibimiz vurğulayır ki, Ermənistanla belə bir sazişin imzalanması Azərbaycanın artan hərbi gücündən doğan narahatçılıqdır:

“Zənnimcə, bu, Azərbaycanı torpaqlarını hərbi yolla qaytarmaq fikrindən çəkindirməyə hesablanıb. Azərbaycan heç bir şəkildə öz torpaqlarını azad etmək fikrindən çəkinməməlidir, çünki, söhbət bizim dünyada tanınmış ərazi bütovlüyümüzdən gedir”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Tutaq ki, Azərbaycana daha güclü dövlət hücum elədi...”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bu sazişi Rusiyanın Ermənistana göstərdiyi hərbi dəstək addımlarından biri kimi qiymətləndirir. Deputat deyir ki, indiyədək Ermənistan “Rusiya bayrağı altında hərbi parad keçirir” və qonşu ölkənin ordusu elə Rusiya tərəfindən idarə olunur.

Fərəc Quliyev hesab edir ki, belə sazişlər Azərbaycanı işğal olunmuş ərazilərini azad etmək fikrindən çəkindirməməlidir:

“Tutaq ki, Azərbaycana daha güclü dövlət hücum elədi, Azərbaycan gerimi çəkilməlidir? Biz Konstitusiyamıza görə də, beynəlxalq konvensiyalara görə də, BMT-nin qətnamələrinə görə də torpaqlarımızı azad etməliyik. Ermənistanı kim gücləndirir gücləndirsin, biz öz müdafiəmizi aparmalıyıq”.

“Rusiya Ermənistanın müdafiəsini çoxdan öhdəsinə götürüb”

Sazişin siyasi tərəfini təhlil edən ekspert Şahin Cəfərli Rusiya-Ermənistanın əvvəlki razılaşmalarından bəzilərini xatırladır, deyir ki, əslində mahiyyət etibarilə yeni bir şey baş vermir, Rusiya bundan öncə də ikitərəfli və çoxtərəfli əsasda Ermənistanın müdafiəsini öz üzərinə götürüb:

“1997-ci ildə imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım" müqaviləsində hərbi təhdid qarşısında bu iki ölkənin bir-birinə qarşılıqlı yardımı təsbit olunub. Bundan başqa, 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərinin qorunmasını öz üzərinə götürüb. 2001-ci ildən Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında iki ölkənin birgə hava hücumundan müdafiə sistemi hərbi növbətçiliyə başlayıb. Təbii ki, Rusiyanın ermənilərin köməyinə ehtiyacı yoxdur, burada söhbət Ermənistanın təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunmasından gedir”.

____________________________________________________________

Bunlara da bax:
'Ayaqsız' dilənçi ifşa olundu- [Video]
Zaqatalada uşaq ölümü – günah öləndədir?

____________________________________________________________

“Rusiya bütün MDB-ni vahid hava məkanında birləşdirmək istəyir”

Şahin Cəfərli əlavə edir ki, sazişin qüvvəyə minməsinin mövcud güc balansını dəyişəcəyindən və hazırda davam edən danışıqlar prosesinə ciddi təsirindən bəhs etmək doğru olmaz. Baş verənlər çoxdan mövcud olan Rusiya-Ermənistan müttəfiqliyi çərçivəsində atılan addımlardan biridir. Onun sözlərinə görə, vahid havadan müdafiə sistemi də Rusiyanın MDB çərçivəsində birləşmiş hava hücumundan müdafiə (HHM) sistemi yaratmaq planının bir hissəsidir:

“Rusiya komandanlığının məqsədi MDB daxilində HHM sistemlərinin regional prinsip əsasında inteqrasiyasına hesablanıb. Bu regional sistemlər (Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz) Rusiyanın nəzarətində vahid HHM sistemini əmələ gətirəcək. Yəni söhbət əslində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məkanında vahid hava hücumundan müdafiə sisteminin yaradılmasından gedir. Sistem Rusiya tərəfindən idarə olunacaq. Bu, Ermənistan hava məkanının tamamilə Rusiyanın nəzarətinə keçməsi deməkdir”, o bildirir.

“Ermənistana hərbi zərbələr endirə bilmərik”

Ancaq ekspert hesab ki, bu addımlar Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil. Şahin Cəfərlinin fikrincə, Azərbaycan Ermənistana birbaşa hərbi təhdid yarada bilməz, hətta Dağlıq Qarabağda iki ölkə arasında müharibə başlayarsa, “biz Ermənistan ərazisinə hərbi zərbələr endirə bilmərik, çünki Ermənistan Rusiyanın təminatı altındadır”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Müsahibimiz vurğulayır ki, bu atmosfer Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərmir, üstəlik, Ermənistanın Rusiya sarıdan təhlükəsizlik zəmanəti olduğu halda, Azərbaycanın istər ikitərəfli, istərsə də çoxtərəfli əsasda hər hansı təhlükəsizlik təminatı yoxdur:

“Bu, Azərbaycanın müstəqilliyinin qorunması baxımından risk yaradan bir durumdur. Azərbaycan öz təhlükəsizlik problemlərini həll etmək məsələsi üzərində ciddi şəkildə düşünməlidir”.

Azərbaycanın Müdafiə Nazirliyi AzadlıqRadiosunun bu sazişlə bağlı suallarını, hələlik, cavablandırmayıb.

Buna da bax: Adi plastik taslardan elektrik generatorları

Buna da bax: Maşınsatan: Diz çöküb yalvardıq, mağazamızı sığortalamadılar

Günün bütün mövzuları

XS
SM
MD
LG