Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

'Üsyançı' müstəntiqə 10 il həbs istənildi


Rüfat Səfərov (sağ) və Bəhruz Bayramov, 07.09.2016

Rüfat Səfərov (sağ) və Bəhruz Bayramov, 07.09.2016

Ölkədəki qanunsuzluqlara etiraz olaraq müstəntiqlikdən istefa verdiyini deyən Rüfət Səfərovun məhkəməsi yekunlaşır. Onun işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sentyabrın 7-də məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış edərək, sabiq müstəntiqə qarşı rüşvət ittihamının sübuta yetirildiyini deyib və Rüfət Səfərovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

«OLMAYAN ŞEYİ NECƏ DEYİM?»

Bundan əvvəl isə məhkəmədə şahidlər dindirilib. Şahid Babək Hacıyev ifadəsində deyib ki, onun R.Səfərova kiminsə rüşvət verməsi barədə heç bir məlumatı yoxdur. İstintaqda bunun əksinin iddia olunduğu ifadəsinə gəlincə, şahid bildirib ki, həmin ifadəni müstəntiq yazıb, o da oxumadan imzalayıb: «Adamın Allahı var, mən olmayan şeyi necə deyim?!"

Buna da bax: 'Üsyankar' müstəntiq: Görünür, yaxşı rüşvət ala bilməmişəm

Şahid: «Adamın Allahı var, olmayan şeyi necə deyim?!»

Bu şahidin dindirməsi başa çatıb və məhkəmə prosesində fasilə verilib. Fasilədən sonra isə elan olunub ki, işin içində şahidin istintaqdakı ifadəsini təsdiqləməsi barədə ərizəsi var.

R.Səfərovun vəkili Bəhruz Bayramov buna etiraz edib və şahid B.Hacıyevin yoldan qaytarıldığını, ona hədə-qorxu gələrək, istintaqa ifadəsini təsdiqləməsi barədə ərizə alındığını bildirib. Vəkil buna görə Asim Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib:

«Belə çıxır ki, biz tək bir dövlət ittihamçısı ilə yox, dörd ittihamçı ilə mübarizə aparmalı oluruq. Bu cür yanaşma bəri başdan obyektiv, ədalətli qərar çıxarılmayacağının göstəricisidir».

Lakin etiraz qəbul olunmayıb.

Bundan sonra hakim Asim Hacıyev məhkəmə istintaqının yekunlaşdığını elan edib və prokuror çıxış edib.

Buna da bax: «YAP-a qoşulub, «ağıllansam»...»

Prokurorun çıxışından sonra vəkil B.Bayramov müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən bir neçə gün vaxt istəyib. Lakin hakim növbəti məhkəmə iclasını 8 sentyabr, səhər saat 9.30-a təyin edib. Müdafiəçi etiraz etsə də, xeyri olmayıb.

«ÇIXIŞA NECƏ HAZIRLAŞIM?»

Vəkil: «Bu gün məhkəmə axşam saat 7-yə işləmiş bitib, biz hələ Lənkəranda qalmağa bir yer axtarırıq, sabah səhər 9-a qədər çıxışa necə hazırlaşım?»

Bəhruz Bayramov AzadlıqRadiosu-na açıqlamasında baş verənləri R.Səfərova münasibətdə kobud qanun pozuntusu kimi qiymətləndirib: «Qanunda da göstərilib ki, müdafiə çıxışına, son sözə hazırlaşmağa ağlabatan müddət verilməlidir. Məhkəmənin bu cür davranışı Rüfət Səfərovu müdafiə hüququndan məhrum eləmək deməkdir. Bu gün məhkəmə axşam saat 7-yə işləmiş bitib, biz hələ Lənkəranda qalmağa bir yer axtarırıq, sabah səhər 9-a qədər çıxışa necə hazırlaşım? Belə çıxır ki, Azərbaycanın məhkəmə tarixində ilk dəfə olaraq, müdafiə çıxışı, son söz olmadan, Rüfət Səfərova hökm oxunacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçısının işinə baxılır, onun bütün hüquqları qorunur. Ona müdafiə çıxışına, son sözə hazırlaşmasından ötrü kifayət qədər də vaxt verildi. Rüfət Səfərov o qədər təhlükəli adamdır ki, ona qarşı bu cür davranırlar?»

Buna da bax: Rüfət Səfərov: «Niyə qorxursunuz?»

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermişdi...

B.Bayramov onu da əlavə edib ki, növbəti məhkəmə iclasında onlara hazırlaşmağa vaxt verilməsi üçün yazılı vəsatət verəcəklər.

Xatırladaq ki, ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də isə Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülərək, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edib.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Qeyd edək ki, Rüfət Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG