Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

Ukraynanın baş naziri həmkarlarını daha cəsarətli olmağa, paraşütlə atlanarkən gözünü yumaraq tullanırmış kimi hərəkət etməyə çağırıb. Söhbət Beynəlxalq Valyuta Fondunun (BVF) yardımıyla həyata keçirilməli olan islahatlardan gedir. Plana əsasən, 50 minədək məmur öz sərvəti haqda bilgini oktyabrın 30-a kimi sistemə yerləşdirməlidir. Vaxta az qalıb, amma korrupsiya əleyhinə fəalların dediyinə görə, islahatları sabotaj cəhdləri hələ güclüdür.

Kremlə arxalanan lideri hakimiyyətdən salan, xalqı küçələrə, etiraz aksiyalarına çıxararaq idarəçiliyi ələ keçirən siyasi liderlər dəyişiklik etməyə, korrupsiyayla mübarizə aparmağa söz versələr də, BVF-nin islahat təşəbbüsünü əvvəlcədən neqativ qarşılayıblar.

TEXNİKİ VƏ FİZİKİ GÖZDƏNSALMA

«Reuters» agentliyi yazır ki, əslində, islahatın gerçəkləşmə prosesi avqustda başlamalı idi, amma bəzi rəsmilər texniki imkanları bəhanə edib gecikməyə nail oldular. Onlayn sistem sentyabrda hazır oldu, ancaq millət vəkilləri yenə də texniki nöqsanlardan şikayətlənir, anketi doldurmağın çətin olduğunu bildirdilər. Dizayner isə sistemlə bağlı problemlərin sistem hazır olandan sonra ortaya çıxdığını deyir. Ukrayna parlamentinin korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Viktor Chumak «Reuters»ə söyləyib ki, «sistemi texniki, fiziki cəhətdən nüfuzdan salmağa cəhdlər var».

İslahatın vaxtında gerçəkləşməməsi gözləntisi AB-ni Ukrayna parlamentinin spikerinə məktub göndərməyə məcbur edib.

BVF islahatın yerinə yetirilməsi vaxtını «strukturun dəyərləndirilməsi» kimi qiymətləndirir. Ümidlərin boşa çıxması Fondun Ukraynaya ayırdığı yardımla bağlı problem yarada bilər. BVF Ukraynaya 17.5 milyard dollarlıq subsidiya verir.

AB bu islahatı Ukrayna sakinlərinin Avropaya vizasız gediş-gəlişinə şərait yaratmaqla mükafatlandıracağını bildirirdi.

Prezident Petro Poroshenko BVF rəhbəri Christine Lagarde-ı qəbul edir.

Prezident Petro Poroshenko BVF rəhbəri Christine Lagarde-ı qəbul edir.

GÖRÜNMƏMİŞ AŞKARLIQ

Avropanın Yenidənqurma və İnkişaf Bankındakı Ukrayna təmsilçisi Artem Shevalev deyib ki, Ukraynada bu cür islahatların reallaşması mümkün görünmür, həm də ona görə ki, aşkarlığın səviyyəsi mislsizdir: «Yəni internetdə hər şey, hətta malik olduğun zinət əşyasının hissələri haqda məlumat verməlisən».

Bundan başqa, anketi dolduran adam ona miras qoymuş və ölmüş qohumunun pasport nömrəsini də qeyd etməlidir. Halbuki Ukraynada ölən adamın pasportu dövlət idarəsinə təslim edilir. Bəzi deputatların formanı doldurmaqdan imtinasının səbəbi pulun saxlandığı bankın adının qeyd olunması barədə tələbdir.

«Reuters» yazır ki, islahatın həyata keçirilməməsi Kiyev rəsmilərinin korrupsiya ilə mübarizəyə meyllənmədiyini göstərər. Agentlik başqa sahələrdə də, məsələn, dövlət şirkətlərinin özəlləşdirilməsi, gömrük xidmətinin təmizlənməsi sahəsində də islahatların təhlükə ilə üzləşdiyini qeyd edir.

«Belə çıxır ki, prezidentin sistemin tam işləyəcəyi barədə beynəlxalq ictimaiyyətə verdiyi vədlər sünidir, Ukraynanın öhdəliklərini yerinə yetirən ölkə imicini yaratmağa xidmət edir». Bunu Vətəndaş Lüstrasiya Komitəsinin sədri Oleksandra Drik deyib.

Volodymyr Hroysman

Volodymyr Hroysman

PREZİDENTLƏ BAŞ NAZİR ANKETİ DOLDURUR

Prezident Petro Poroshenko yerli televiziya ilə çıxışında anketi bəyənmədiyini, onun mükəmməl olmadığını bildirib. «Amma bu onu doldurmamağa əsas ola bilməz», - deyən prezident özü bilgilərini vaxtında yerləşdirəcəyini bildirib. Baş nazir Volodymyr Hroysman da anketi doldurmaq işini başa çatdırmaqda olduğunu deyib. Həftənin əvvəli tələb olunanlardan ancaq yarısı anketi doldurub bitirə biliblər.

Sistemə yalan məlumat yerləşdirənləri həbs cəzası gözləyir.

«Reuters» yazır ki, bu islahat vergiləri gözardı edən və kənar haqq-hesablarla inkişaf edən bir ölkədə siyasətçilərin, rəsmilərin, prokuror və hakimlərin gəlirlərini üzə çıxarmağın ən yaxşı yoludur. İki il öncə prezident Viktor Yanukovych ölkədən qaçandan sonra onun iqamətgahında aşkar edilənlər çoxlarını siyasətçilərin, rəsmilərin və biznes adamlarının var-dövlətinin fantastik həddə olduğuna inandırdı. Ovaxtkı energetika naziri Eduard Stavytsky-nin də evindən 42 kq qızıl, 4.8 milyon dollar tapılmışdı. Keçən il də Ukraynada iki prokurorun evində axtarış apararkən xeyli brilyant və pul aşkar etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG