Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Qərb, eləcə də Rusiya mətbuatı Ukraynanın raket sınaqlarının Moskvanı qəzəbləndirdiyini yazır.

Bu gün – dekabrın 1-də Ukrayna Müdafiə Nazirliyi Qara dənizdə raket sınaqlarına və hərbi təlimlərə başlayıb. Sınaqlar ölkənin Xerson regionunda, Rusiyaya ilhaq olunan Krım yaxınlığında keçirildiyindən Moskva havadan müdafiə və raket əleyhinə sistemlərin hazırlıq vəziyyətinə gətirilməsi haqda göstəriş verib. TASS agentliyi Krımdakı silahlı qüvvələrin gücləndirilmiş rejimə keçdiyini yazır.

RAKETLƏRİ KRIM YAXINLIĞINA ATARSA...

Rusiya Müdafiə Nazirliyi bir az öncə xəbərdarlıqla çıxış edib ki, Ukrayna silahlı qüvvələri raketləri Krım yaxınlığına atarsa, Rusiya həmin raketləri məhv edəcək. «Reuters» agentliyi Kremlin sözçüsü Dmitry Peskov-dan sitat gətirir: «Biz Ukraynanın beynəlxalq qanunları pozmasını və Rusiya ərazisi, eləcə də yaxın regionların hava məkanında beynəlxalq uçuşlara təhlükəli durum yaratmasını istəmirik».

Ukrayna Müdafiə Nazirliyi sınaqların plan üzrə aparıldığını, bütün beynəlxalq tələblərə və öhdəliklərə əməl edildiyini bildirib. «Ölkəmizin müdafiə sistemini gücləndirmək işini davam etdirəcək, raket sınaqları və təlimlərini təkrarlayacağıq». Bunu Ukraynanın Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Oleksander Turchynov təlimlərdən öncə söyləyib.

Kiyevdə hərbi parad

Kiyevdə hərbi parad

Ukrayna Müdafiə Nazirliyi hələ noyabrın 25-dən təlimlər barədə xəbərdarlıq edib, Qara dəniz üzərindəki hava məkanının da sınaqlarda istifadə olunacağını bildirib.

Rusiyanın müdafiə və xarici işlər nazirlikləri isə Kiyevin sınaqlarının təxribat olduğunu, Rusiyayla münaqişəni genişləndirmək, Qərbin diqqətini çəkmək məqsədi daşıdığını söyləyir.

MDB-nin Havadan Müdafiə Sisteminin keçmiş rəhbəri, general-leytenant Aytech Bizhev gazeta.ru-ya müsahibəsində Ukraynanın texniki vasitələrə malik olmadığını, bu təlimlərin parodiyadan başqa bir şeyə bənzəməyəcəyini bildirib.

GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİ

TASS agentliyi yazır ki, Krım rəhbərliyi də sınaqların gərginliyi artırmaq niyyəti ilə aparıldığına əmindir.

«Bütün hallarda, hərbçilərə görə, bu, real təhlükə hesab olunur, bu səbəbdən Rusiyanın Krımdakı havadan müdafiə qüvvələri ciddi iş rejiminə keçiblər». Krımdakı hərbi mənbələrdən TASS-a verilən məlumatda belə deyilir.

Bu ilin sentyabrında Rusiya da bütün cənub ərazilərində və ilk dəfə olaraq Krımda hərbi təlimlər keçirmişdi.

Rusiya Qara dəniz donanmasını yerləşdirdiyi Krım vilayətini 2014-cü ildə tutub, öz ərazisinə ilhaq edib. BMT-yə üzv ölkələrin, demək olar ki, hamısı bu addımı pisləyir, AB buna görə Rusiyaya sanksiyalar qoyub.

Ukraynanın Qara dənizdə raket sınaqları iki gün çəkəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG