Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Ukrayna məmurlarının bəyannamələri dərc olunub [siyahı]


Ukraynalı zəngin məmurların bahalı əşyaları

Ukraynalı zəngin məmurların bahalı əşyaları

Bu ilin martından bəri Ukraynanın siyasətçi və məmurları öz əmlakları barədə bəyannamə təqdim etməlidirlər. Bütün məmurlar oktyabrın 31-dək öz gəlirləri barədə məlumat verməliydilər.

Yanlış məlumat verənə 2 il həbs cəzası nəzərdə tutulur. Ukraynanın Milli Antikorrupsiya Bürosu bəyannamələrin hamısını öz saytında dərc edib.

Təqdim olunan bəyannamələrdən görünür ki, Ukrayna siyasətçiləri iri məbləğlərdə nağd pul saxlayırlar. Bir çoxları bəyannamədə standart maşın, mənzil, şirkət kimi əmlakla yanaşı, çox maraqlı əşyalar göstəriblər.

Ali Radanın üzvü Sergei Melnichuk bəyannaməsində bir trilyon qrivna və ya 38 milyard dollara yaxın nağd pulu olduğunu yazıb. Deputatın illik maaşı 3 min dollardır. Melnichuk-un daxil olduğu deputat qrupunun mətbuat xidməti bunu "uğursuz zarafat" kimi qiymətləndirib. Deputat sonradan bəyannamədə düzəliş etməyə söz verib.

Buna da bax:​ Məmurlar gəlirlərini niyə bəyan etmirlər?

Qalmaqallı siyasətçi, Radikal Partiyanın sədri Oleg Lyashko-nun bəyan etdiyi əşyalar arasında yaba da var. Onun siyasi reklamlarında deyilir ki, o və birlikdə yaşadığı xanımı banklarda və nəğd formada bir milyon dollaradək pul saxlayır. Bundan başqa, onların 3 avtomobili (“Mercedes-Benz S 500L”, “Mazda CX-5”, “Toyota Land Cruiser”, xarici qızıl və gümüş sikkədən ibarət 5 kolleksiyası, "Breguet", "Ulysse Nardin", "Audemars Piguet", "Vacheron Constantin" markalı saatları var.

Onun partiyadaşı Andrei Lozovoy-sa öz bəyannaməsində "içində XIII əsrə aid müqəddəs nəşin olduğu xaçşəkilli enkolpion", XIX əsrə aid mebel, 8 rəsm əsəri, biri XVI əsrə aid, 73 ikonadan, və XI-XX əsrlərə aid 32 soyuq silahdan ibarət kolleksiya bəyan edib. Bəyannaməyə əsasən, onun 200 min dollar nağd pulu da var.

Daxili işlər naziri Arsen Avakov-sa avtomobil bəyan etməyib. Əvəzində bunları göstərib: - şəkil və qravürlər kolleksiyası (78 ədəddən çox); - 760 şüşə "Mouton-Rothchild" şərabı və etiketi; - XIX - XX əsrlərə aid 7 ədəd soyuq silahdan ibarət kolleksiya; - video və səs yazısı kolleksiyası (5 minədək disk, kaset, val, lent); - XVIII-XXI əsrə aid 8 min nüsxədən ibarət kitabxana; - "Chateau Lafite-Rothschild" şərabının kolleksiyası; - xəz, cəvahirat və başqa qiymətli əşyalar.

Buna da bax: Vəzifəli şəxslərin gəlirini öyrənmək mümkün olacaqmı?

"Müxalifət blokundan" deputat Nestor Shufrich öz bəyannaməsində 9 mənzil, 3 avtomobil və 9 milyon dollar nağd pulla yanaşı, bunları göstərib:

– rəsm əsərləri kolleksiyası (287 ədəd); – qədim çini qablar (121 ədəd); – 17 saat; –156 ədəd odlu silahdan ibarət kolleksiya; – 578 ədəd,əsasən, qədim soyuq silahdan ibarət kolleksiya; – əntiq bürünc heykəl və daş saat kolleksiyası (37 ədəd); – heraldika (herblər) kolleksiyası (438 ədəd); – 51 qədim ikona və 71 qədim kitab.

Deputat Oles Dovgiy qaynanasına olan 888 min qrivna (35 min dollara yaxın) borcunu bəyan edib. O bu pula "Lexus LS 460" avtomobili alıb. Onun bəyannaməsində onlarla rəsm əsəri və bir neçə heykəl də var.

Dneprin icra başçısı Boris Filatov öz bəyannaməsində yapon incəsənətinə aid və toplam dəyəri 6,4 milyon dollara yaxın əşyalardan (618 ədəd) ibarət kolleksiyanı qeyd edib. Bəyannamədə onun 2009-cu ildə "Virgin" şirkətindən aldığı kosmosa bilet də göstərilib.

Buna da bax: ​Nazirlər bahalı maşınları neçəyə alırlar?

Kiyev meri Vitaly Klichko isə öz bəyannaməsində 7 velosiped, "FineCustomPuncher" markalı motosiklet, ağ rəngli "Yamaha" royalı və tanınmış markalardan olan saatları qeyd edib. Klichko-nun özünün avtomobili yoxdur, ancaq arvadının "Toyota Sequoia" və "Land Rover Discovery 3.0" tipli iki avtomobili var.

Ölkə prezidenti Petro Poroshenko bank hesablarındakı 27 milyon dolları, 104 şirkəti, bir neçə torpaq sahəsini, bir neçə bina və mənzili bəyan edib. Prezidentin "Patek Phillip" və iki ədəd "Hublot" qol saatı, XIX - XX əsrlərə aid rəsm əsərləri kolleksiyası (65 ədəd), XIX - XX əsrə aid heykəl kolleksiyası (6 ədəd), royalı, çantaları və mebeli var.

"Petro Poroshenkonun bloku" parlament fraksiyası sədrinin müavini Anatoly Matvienko öz bəyannaməsində Vinnisk vilayətində bir kilsəsinin olduğunu göstərib. Onun bir neçə torpaq sahəsi, iki avtomobili və dörd mənzili də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG