Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

►Ekspertlərin fikrincə, Mərkəzi bank yüksək faiz hesabına əhalinin banklara inamını bərpa etmək istəyir

Son 5 ayda əhalinin bank əmanətləri 1 milyard 928 milyon manat azalıb.

Vətəndaşlar pulunu ellikcə banklardan geri çəkir. Bir yandan da «batan» banklardakı əmanətlər sahiblərinə ödənilməkdədir.

Belə bir durumda Azərbaycan Mərkəzi Bankı (MB) banklara verdiyi kreditlərin uçot dərəcəsini 7 faizdən 9,5 faizə yüksəltdi.

Bəs MB-nin uçot dərəcəsini artırmasının real sektora, pul bazarına təsiri nə olacaq? Bankların depozit üzrə orta faiz dərəcəsi hansı həddədək arta bilər?

“Kəmərsıxma siyasətinin davamıdır”

Maliyyəçi Əfsun Ələkbər baş verənləri «kəmərsıxma siyasətinin» davamı kimi qiymətləndirir:

«Uçot dərəcəsinin artırılması pul bazasını və infilyasiya təzyiqlərini azaltmaq məqsədi ilə atılan addımdır. Bu, eyni zamanda yenə iqtisadiyyatın və maliyyə bazarının dollarlaşma meylinin qarşısını almağa yönəlib. Amma məsələ burasındadır ki, belə addımların maliyyə bazarları irəliləmiş ölkələrdə real təsiri olur. Bizdə isə maliyyə bazarına güvən qalmayıb. Devalvasiya bu güvəni sarsıdıb».

AzadlıqRadiosuna danışan Ə. Ələkbər indiki şəraitdə monetar addımların səmərə verəcəyinə şübhəylə yanaşır:

«Bəlkə də qısamüddətli (1-2 aylıq) təsiri oldu, amma uzunmüddətli dövrdə daha ciddi addımlar tələb ediləcək».

Ekspert: 'İnflyasiyanı pul siyasəti ilə tənzimləmək çətin olacaq'

“Axı 2 devalvasiyadan və “üzən məzənnə”dən sonra...”

Nazim Məmmədov

Nazim Məmmədov

İqtisadçı Nazim Məmmədov deyir ki, mərkəzləşdirilmiş uçot dərəcəsinin artırılması, birmənalı olaraq, pulun bahalaşması deməkdir. Özü-özlüyündə bunun real sektora mənfi təsiri qaçılmazdır:

«Kommersiya bankları MB-nin mərkəzləşdirilmiş resurslarından istifadə edirlərsə, bu, onların kredit portfelinin qiymətini artırır. Zəncirvari şəkildə depozitlərin də faiz dərəcələri yüksəlməlidir. Belə amillər fonunda «əhalinin banklara etibarı artacaqmı» sualına müsbət cavab vermək çox çətindir. Axı iki devalvasiyadan, eləcə də «üzən məzənnəyə» keçiddən sonra manata inam, etibar çox azdır. Əmanətçilərin bağlanan banklardan pullarını geri alarkən yaranan xroniki problemlər də bu inamın zəiflədilməsində öz neqativ rolunu oynayıb».

Nazim Məmmədov əminliklə deyir ki, uçot dərəcəsinin ucuzlaşdırılması iqtisadi fəallığı yüksəltmədiyi kimi, onun bahalaşmasının da bu hala təsiri çox az olacaq. Səbəb - bankların aktivində MB-dən götürülmüş resurs həcminin onların umumi öhdəliklərinin az bir hissəsini əhatə etməsidir.

Ekspert məhz buna görə, uçot dərəcəsini artıran Mərkəzi Bankın nəzəriyyəyə kökləndiyini, bu addımın, elə həmişəki kimi, praktik fayda gətirməyəcəyini düşünür.

Maliyyə eksperti Cəbrayıl Vəliyev də bu fikirdədir ki, uçot dərəcəsinin qaldırılması real sektora müsbət təsir göstərməyəcək. Bu addımın yalnız pul bazarına cuzi təsiri ola bilər.

Buna da bax: “Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır”

Manatla depozitlərin «qaçış sürəti»…

O, MB-nin sözügedən addımının inflyasiyanı önləmək, manat depozitlərinin «qaçış sürətini» azaltmaq məqsədi güddüyünü deyir:

«Banklar da öz növbəsində, yəqin ki, manatla cəlb olunan əmanətlər üzrə faiz dərəcəsini eyni nisbətdə artıra bilər. Amma real iqtisadiyyatdakı durğunluq onu deməyə əsas verir ki, təkcə pul siyasətində manevr etməklə iqtisadi canlanmaya, banklara etimadı yüksəltməyə nail olmaq mümkün deyil».

Maliyyə bazarları mütəxəssisi Faiq Əhmədov manatın aramsız dəyərsizləşməsinə diqqət yönəldərək, AzadlıqRadiosuna deyir ki, bu şəraitdə uçot dərəcəsinin indiki səviyyəsi son olmaya bilər:

«Əhalinin davranışı buna adekvat olacaq. Başqa sözlə, depozitlərin azalması meyli sabitləşəcək, ardından əllərdəki pullar yenə banklara axışacaq».

Daxili istehsal zəif və orta sinif yoxsa...

Eksperin fikrincə, banklara güvənin bərpasını hədəfləyən cəhdlər qiymətlərin artması, yəni inflyasiya ilə nəticələnir. O bunu Azərbaycanda daxili istehsalın aşağı səviyyədə olması və orta sinfin formalaşmaması ilə izah edir.

Hazırda Azərbaycan bankları əhalidən illik 12 faizdən çox olmamaqla əmanət cəlb edirlər. Bank kreditləri üzrə faizlərsə 24-30 faiz arasındadır.

İyunun 1-nə bank əmanətlərinin ümumi həcmi 7 milyard 565,9 milyon manatdır. Bunun təxminən 70 faizi dollarla olan əmanətdir.

Vaxt vardı 15 faiz idi...

Son 10 ildə MB Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddini (15 faiz) 2008-ci ilin iyununda, ən aşağı həddini (2 faiz) 2009-cu ilin mayında müəyyənləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG