Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

«The Wall Street Journal» Sohrab Ahmari-nin Türkiyənin Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşması və bunun əngəllənməsinin vacibliyi barədə məqaləsini dərc edib.

Müəllif yazır ki, Türkiyədə hər an nəsə baş verir. Sonuncu həyəcan siqnalı cümə axşamı günü ölkənin dünyəvi müxalifət lideri Kemal Kılıçdaroğlu-na qarşı sui-qəsd cəhdi ilə bağlıdır. Kılıçdaroğlu ölkənin şimal-şərqinə yollandığı zaman onun konvoyu atəşə tutulub, təhlükəsizlik işçilərindən biri atışmada həlak olub. Ancaq Kılıçdaroğlu-nun özü xəsarət almayıb və helikopterlə evakuasiya edilib. Qəsdçilər qaça biliblər. Amma Kılıçdaroğlu-nun köməkçiləri deyirlər ki, ola bilsin, cangüdənlər onlardan birini öldürüb.

«ANKARA DAHA QƏRBƏ KÖKLƏNMƏYƏCƏK»

«Bizə hücum edilsə də, inandığımız yola qətiyyətlə davam etdirəcəyik», - Kılıçdaroğlu bir gün sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahında jurnalistlərə deyib. Separatçı Kürdüstan Fəhlə Partiyası (PKK) hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb, ancaq bildirib ki, onların hədəfi Kılıçdaroğlu yox, hökumətin təhlükəsizlik qüvvələri olub.

Bugünkü Türkiyədə belə insidentlər xəbər başlıqlarına çıxsa da, bir neçə saatdan sonra onları digər oxşar hadisələr əvəzləyir. Elə Kılıçdaroğlu-na qarşı sui-qəsd cəhdindən bir neçə saat sonra, cümə günü Suriya sərhədi yaxınlığında yük maşınının partlaması nəticəsində 11 polis nəfəri həyatını itirib. PKK bu hücuma görə də məsuliyyəti üzərinə götürüb.

Ölkədə şəxsi azadlıqlar bütövlükdə regiona nisbətən daha çox təmin olunsa da, hazırda insanların əhvalı yaxşı deyil. İyuldakı çevriliş cəhdi, üç milyon suriyalı qaçqın, ölkənin cənub-şərqində yeni PKK hücumu, «İslam Dövləti»nə qarşı mübarizə... Bütün bunlar türklərə ağır yükdür.

Yazıda qeyd olunur ki, baş verən bu çoxsaylı böhranlar Türkiyəni daha təcrid olunmuş, paranoik və qeyri-liberal ölkəyə çevirir. Bu isə o deməkdir ki, bundan sonra Ankara daha Soyuq müharibədən bəri olduğu kimi, güclü şəkildə Qərbə köklənməyəcək. Vaşinqton bu dəyişikliyə görə prezident Recep Tayyip Erdoğan-ı günahlandırır. Ancaq məsuliyyət təkcə Erdoğan-ın üzərinə düşmür.

R.T.Erdoğan və F.Gülen

R.T.Erdoğan və F.Gülen

İCTİMAİ RƏY NECƏ YARANDI

15 iyul çevriliş cəhdi baş verən zaman Erdoğan artıq xeyli müddət idi ki, hakimiyyətin prezidentin əlində cəmləşdirilməsi layihəsi üzərində işləyirdi. Türkiyədə yetərincə ciddi adamlar çevriliş cəhdinə görə Pensilvaniyada yaşayan Fethullah Gülen-in davamçılarını günahlandırırlar. 2013-cü ilə qədər «gülençi»lər Erdoğan-ın Ədalət və İnkişaf Partiyasının (AKP) avtoritar köməkçiləri idi. 2013-cü ildə bu iki islamçı düşərgənin yolları ayrıldı. Hələ Erdoğan və Gülen cənablarının müttəfiq olduğu 2000-ci illərin ortalarında «gülençi»lər ölkənin ədliyyə sistemindəki ümumi düşmənləri - köhnə sekulyar (dünyəvi) isteblişmenti sıxışdırıb kənarlaşdırdılar.

Baş tutmamış çevriliş cəhdi Erdoğan-ın qətiyyətini daha da artırıb. O, həm də öz ritorikası ilə ölkənin xeyli hissəsini öz ardınca aparmağa nail olub. Həm sekulyar, həm də inanclı türklər özlərini xəyanətə məruz qalmış hiss edirlər.

Bundan başqa, hökumətyönlü media çevriliş cəhdində ABŞ-ın əli olduğunu iddia edir. Müxalifət lideri Kemal Kılıçdaroğlu deyir ki, hakim partiyanın media üzərində dominantlığı onun ictimaiyyəti yönləndirdiyinə şübhə yeri qoymur. Bir Qərb diplomatının təbirincə desək, «hökumət ictimai rəyi formalaşdırır, sonra da həmin rəyin onu vadar etdiyini söyləyir».

Ancaq bu regionda öz taleyinə görə məsuliyyəti başqasının üzərinə qoymaq yeni şey deyil. Amerikanın milli maraqları baxımından vacib sual odur ki, strateji cəhətdən bu qədər əhəmiyyət kəsb edən bu ölkənin ABŞ-dan uzaqlaşaraq, Rusiyanın orbitinə düşməsinin qarşısını necə almaq olar.

Suriyada kürd qüvvələri

Suriyada kürd qüvvələri

OBAMA-NIN XARİCİ SİYASƏTİNİN FƏSADLARI

Müəllif yazır ki, bu məsələdə türklərin özlərinə qulaq asmaq lazımdır. Belə ki, Ankaranın Vaşinqtondan uzaqlaşmasına görə təkcə Erdoğan-ın sinikliyinə, ideoloji xudbinliyinə borclu deyilik. Sohrab Ahmari-nin fikrincə, bu uzaqlaşma qismən də Obama dövründə ABŞ-ın xarici siyasətində baş vermiş dəyişikliyin bütün dünyadakı müttəfiqləri silkələməsinin göstəricisidir. «Kiyevdən Qüdsə və Tokioya qədər bütün liderlər Ankaranın narazılığını anlayırlar», - məqalədə deyilir.

Türkiyə bu silkələnməni ən kəskin şəkildə Suriyada hiss etdi. 2011-ci ildə amerikalılar Bashar Assad-ın getməli olduğunu dedilər. Erdoğan da Obama-nın bu sözlərini ciddi qəbul etdi. O, həmçinin Obama-nın kimyəvi silahlarla bağlı qırmızı xətt barədə dediklərini də ciddiyə aldı. (2012-ci ilin avqustunda prezident Obama deyirdi ki, Bashar Assad kimyəvi silahlardan istifadə edərsə, qırmızı xətti keçmiş olacaq). İlk vaxtlar Türkiyə Suriyada düşməncəsinə siyasət yürüdürdü. O, üsyançıları dəstəkləyir və hətta cihadçıların ölkəyə daxil olmasına imkan yaradırdı. Ankara Vaşinqtonun öz ənənəvi müttəfiqlərini dəstəkləyəcəyini və digərlərini, yəni İran mollalarına, Assad-a və onların şiə müttəfiqlərinə arxa durmayacağını gözləyirdi.

Obama isə bu dost-düşmən qavramını bir qədər qarışdırdı. O, həmin o qırmızı xətt barədə deyilənlərə məhəl qoymadı. ABŞ-ın İranla apardığı gizli danışıqlarsa Tehranla nüvə sazişinin imzalanmasına və Amerikanın Assad-a qarşı əl-qolunun bağlanmasına gətirib çıxardı. Bu azmış kimi, ABŞ Suriyadakı kürd qüvvələrinə get-gedə daha çox meylləndi. Bu qüvvələrinsə Türkiyədəki PKK ilə sıx bağları var.

DƏRS

Bir türk rəsmisinin təbirincə desək, qəflətən beynəlxalq səviyyədə yaradılmış terrorçu qruplaşmalar «sivilizasiyanın müdafiəçisi» kimi görünməyə başladı. Düzdür, Suriya kürdləri sivilizasiyanı «İslam Dövləti»ndən cəsarətlə müdafiə etdilər. Ancaq türklər hesab edirlər ki, bu, səbəbsiz deyil. Suriyadakı qardaşlarının legitimləşməsini görən PKK daha da cəsarətləndi.

Müəllifin fikrincə, buradan çıxan dərs superdövlətin öz liderlik rolunu kənara qoyması və bunun yaratdığı destabilizasiya effektidir. Ağ Ev Türkiyəni qıcıqlandırdı, ancaq əvəzində Suriyaya müdaxiləsini minimal səviyyədə saxladı. Ancaq indi Suriya kürdləri ilə PKK-nın ayrı-ayrı məsələlər olması yalanı türkləri yalnız təhqir edəcək. Bu, artıq növbəti administrasiyanın işidir.

«Heç kəs Türkiyənin öz qapısının ağzında - Suriyada həm «İslam Dövləti», həm də PKK-nın dostu olan kürd qüvvələrinə qarşı vuruşmasına təəccüblənməməlidir. İstənilən türk hökuməti belə davranardı», - müəllif vurğulayır.

Müəllif həmçinin hesab edir ki, Vaşinqton Erdoğan-la ölkəsindəki avtoritar davranış barədə açıq danışmalıdır. Onun fikrincə, bir nəfərin nazına tabe olmayan Türkiyə Suriyadakı qüvvələrlə mübarizəyə daha hazırlıqlı olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG