Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Dövlət qulluğuna qəbulda bunu soruşurlar


İstanbul
İstanbul

«Forbes» dərgisi türkoloq Yekaterina Chulkovskaya-nın «İslam və Erdoğan: Türkiyədə mühafizəkar dəyərlər insanlara necə sırınır» adlı məqaləsini dərc edib.

Məqalədə deyilir ki, çoxsaylı məscidlərin tikilməsi, dini məktəb tələbələrinin sayının artması, kontrasepsiyadan imtinaya çağırış, dövlət qulluğuna qəbul zamanı insanların İslama sədaqətinin yoxlanması bugünkü Türkiyənin reallığıdır.

İSLAM KİMLİYİ

Bu gün get-gedə daha çox insan öz kimliyini İslamla bağlayır. Uzun zaman «türk cəmiyyətinin birləşdiricisi» olmuş Atatürk kultu isə keçmişdə qalır. Onun yerinə hazırkı prezident Recep Tayyip Erdoğan kultu gəlir. Türk cəmiyyətindəki bu dəyişikliklər hakimiyyətin iştirakı olmadan baş vermir. Hakimiyyət yavaş-yavaş mühafizəkar dəyərləri xalqa sırımaqdadır. İyuldakı çevriliş cəhdi hakimiyyətin işinə yaradı. «Ölkədə demokratiyanı xilas etmiş» Erdoğan-ın şəxsiyyəti, az qala, müqəddəsləşdi.

Türkiyənin mövcud hökuməti mühafizəkar dəyərlərə sadiqliyini heç vaxt gizlətməyib. 2011-ci ilədək islamyönlü Ədalət və İnkişaf Partiyası (AKP) ehtiyatlı davranır və özünü demokratiya tərəfdarı kimi qələmə verirdi. 2008-ci ildə AKP ictimai yerlərdə hicab qadağasının ləğvinə nail oldu. Qadağanın aradan götürülməsi AB nümayəndələri və türk liberalları tərəfindən müsbət qarşılanmışdı. Ancaq kamalistlər bundan narazı qalmışdılar. Onlar hicabın dünyəvi dövlətin əsaslarına zidd olduğunu düşünürlər.

2011-ci ildə növbəti parlament seçkilərində üçüncü ardıcıl qələbəsini qazanan AKP xalqın dəstəyinə arxalanaraq öz ideologiyasını yeritməyə başladı.

546 MİN İMAM MƏKTƏBİ

2012-ci ildən ölkənin hər yerində dünyəvi məktəblər imam məktəblərinə çevrilməkdədir. On il ərzində belə məktəblərin sayı 7 dəfədən çox artdı. Əgər 2004-cü ildə onların sayı 73 min idisə, 2014-cü ildə artıq 546 mini keçmişdi. Özü də belə məktəblərdən birinin məzunu olan Erdoğan ötən il növbəti dini məktəbin açılışında çıxış edərkən fəxrlə bildirdi ki, dini məktəblərin şagirdlərinin sayı artır və hazırda 1 milyon 600 min nəfərə çatıb.

Türkiyədə ali məktəb
Türkiyədə ali məktəb

Hökumət məktəblərdə icbari «Din mədəniyyəti və əxlaq bilgisi» dərsini proqrama salıb. Dördüncü sinifdən ta məktəbi bitirənə qədər uşaqlar İslamın sünni məzhəbini və müsəlman dəyərlərini öyrənməli olurlar. Bu kursun proqrama daxil edilməsi dövlət tədris müəssisələri barədə qanuna zidd idi. Bundan başqa, dinin məktəblərdə uşaqlarına sırınmasını istəməyən ələvilər bu yeniliyə etiraz edirdilər. Türkiyədə bir milyonadək ələvi yaşayır.

2014-cü ildən Türkiyədə universitetlərin yanında məscidlər tikməyə başladılar. Həmin il Türkiyənin dini məsələlər üzrə idarəsi (Diyanet Vakfı) universitet kampuslarında 80-ə qədər məscidin tikiləcəyini elan etdi.

«DİNDARSINIZMI?»

Hökumət dini təhsil verməklə özünə sadiq yeni nəsil yetişdirməyə çalışır. Artıq indidən dövlət qulluğunda karyera qurmaq istəyən gənclər həmin «yeni nəsil»ə aid olduqlarını nümayiş etdirməlidirlər. Baş tutmamış çevriliş cəhdindən sonra gənclərin dövlət qulluğuna qəbulu zamanı xüsusi müsahibə tətbiq edilir. Bu müsahibədə namizədlərin hökumətə sədaqətinin dərəcəsi və İslama bağlılığı yoxlanılır. Bu müsahibələrdə namizədlərə bu tip suallar verilir: «Siz dindarsınızmı?». «Ramazan ayında oruc tutursunuzmu?». «Türkiyədə çevriliş cəhdi barədə nə düşünürsünüz?». «Çevriliş cəhdi zamanı nə hiss etdiniz?». «Hansı qəzetləri oxuyursunuz?». «Hansı proqramları izləyirsiniz?». Çox zaman 2013-cü ilin Gezi hadisələri barədə suallar verilir. Etirazlar zamanı namizədin harada olduğu, nə etdiyi, kimi dəstəklədiyi soruşulur. Bəzən namizəddən ölkədəki kürd problemi ilə bağlı fikirlərini soruşurlar. Bu «dindirmə»nin məqsədi namizədin hakim partiya və şəxsən Erdoğan-a nə dərəcədə sadiq olduğunu öyrənməkdir.

2012-ci ildə hakim partiya ölkədə doğum sayını artırmaqla bağlı qanun layihəsi ilə çıxış etdi. Qanun layihəsində hamiləliyin dördüncü həftəsindən sonra abortun yasaqlanması nəzərdə tutulurdu. Qanun qəbul edilmədi. Bu günə qədər Türkiyədə 1983-cü ildə qəbul olunmuş qanun qüvvədədir. Bu qanuna görə, onuncu həftəyə qədər aborta icazə verilir. Tibbi göstəriş olduğu hallarda isə daha gec həftələrdə də abort etmək olar.

AZI ÜÇ UŞAQ

Erdoğan-ın bu məsələyə yanaşması da narahatlıq doğurur. Abortları «qətl» adlandıran prezident onları, ümumiyyətlə, qadağan etməyə çağırır. «Uşağı ana bətnində, yaxud doğulandan sonra öldürmək arasında fərq yoxdur», - o deyir.

R.T.Erdoğan
R.T.Erdoğan

Erdoğan qeysəriyyə əməliyyatlarına qarşı da çıxış edir. Bu üsulla dünyaya yalnız iki uşaq gətirmək olar. Erdoğan-sa hesab edir ki, ailədə azı üç uşaq olmalıdır. Bu ilin mayında o, yenidən Türkiyə vətəndaşlarını dünyaya daha çox uşaq gətirməyə çağırıb. «Açıq bəyan edirəm: biz doğum sayını, əhalinin sayını artıracağıq. Ailə planlaması, doğuma nəzarət – heç bir müsəlman ailəsi bu düşüncə tərzini paylaşmayacaq», – Erdoğan deyib.

Türkiyədə abortlara qanunla icazə verilsə də, get-gedə daha çox klinika pasiyentlərə bu xidməti göstərməkdən imtina edir. İstanbulda yerləşən «Mor çatı» adlı qadınlara yardım fondu bildirir ki, ötən il 37 dövlət klinikasından yalnız 3-ü aborta razılıq verib. Fondun fəalları hesab edir ki, hakimiyyətin bu məsələ ilə bağlı mövqeyi və ritorikasına görə ölkədə abortlara, faktiki, qadağa qoyulub.

İDEOLOJİ KEÇİD

Tanınmış türk psixiatrı, «Yeni Türkiyə sindromu – diaqnozdan müalicəyə» kitabının müəllifi Cemal Dindar «Forbes»a müsahibəsində deyib ki, AKP-nin hakimiyyətə gəlişindən sonra ortaya çıxmış «Yeni Türkiyə» anlayışı 1923-cü ildə Atatürkün əsasını qoyduğu sistemin dəyişdirilməsini nəzərdə tutur. «Bu, bir növ dünyəvi ideologiyadan dini ideologiyaya keçiddir», – o deyib.

Türkiyənin «MetroPOLL» araşdırmalar mərkəzinin son məlumatlarına görə, baş tutmamış çevriliş cəhdindən sonra Erdoğan-ın reytinqi 20%-dən çox artaraq, sentyabrda 67.6%-ə çatıb. Bundan öncə onun reytinqinin heç zaman 50%-dən yuxarı olmadığı bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG