Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Çərşənbə günü Türkiyədə 2 mindən artıq polis əməkdaşı, yüzlərlə hərbçi, Türkiyə İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTK) üzvləri işdən çıxarılıb. Həmin şəxslərin ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-lə əlaqələri olduğu bildirilir. Türkiyə hakimiyyəti Gülen-i 15 iyul çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen bunu təkzib edir.

2 MİN 360 POLİS

«Reuters» agentliyi xəbər verir ki, sərəncamlar «Resmi Gazete»də dərc olunub. Bir sərəncamla TIB telekommunikasiya təşkilatı bağlanır, daha bir qərara görə, Silahlı Qüvvələrin rəhbərini də prezident təyin edəcək.

Türkiyədə fövqəladə vəziyyət rejimində daha öncə çıxarılan sərəncamlarla minlərlə təhlükəsizlik əməkdaşı işdən kənarlaşdırılıb, Gülen-lə əlaqəli olmaqda şübhəli bilinən minlərlə özəl məktəb, xeyriyyə qurumu, digər müəssisə qapadılıb.

Son sərəncamlar isə 2 min 360 polis əməkdaşının, 100-dən artıq hərbi personalın və 196 BTK işçisinin işdən çıxarılmasını nəzərdə tutur.

Çevriliş cəhdindən sonra 35 mindən artıq adam saxlanıb.

ERDOĞAN-IN GÜMANI

Əgər prezident Recep Tayyip Erdoğan ordunu təmizləməklə onun bir daha çevriliş etməyəcəyinə inanırsa, yanılır. Onlar bununla yalnız ordunu zəiflədəcək, ölkəni isə güclü müttəfiqi olan Vaşinqtondan uzaqlaşdıracaqlar. Bunu isə «NBC News» saytında Matt Bradley yazır.

Erdoğan Türkiyə tarixində ən qanlı çevriliş cəhdini «Allahın hədiyyəsi» adlandırıb, bunun ordunu təmizləməyə fürsət yaratdığını söylədi. Erdoğan son bir ay ərzində Silahlı Qüvvələrdən, ədliyyədən, akademiyadan, hətta idmandan 60 mindən çox kadrı ya işdən çıxarıb, ya da həbsə atdırıb. O, hətta ölüm cəzasının bərpası ideyasını ortaya atıb ki, bu addım Türkiyənin Avropa Birliyinə üzvlük səylərini birdəfəlik əngəlləmiş olar.

Buna da bax - 'Qartalın başını kəsmək': Türkiyə Silahlı Qüvvələrinin sonu gəlib?

50 VAKANSİYA

«Ordunu təmizləməyin, hələlik, yeganə təsiri Silahlı Qüvvələri parçalamaqdan ibarətdir», - Vaşinqtondakı Atlantika Şurasında Türkiyə üzrə ekspert Aaron Stein deyir.

Silahlı Qüvvələrin 325 general və admiralının 46 faizi işdən çıxarılıb, onlardan çoxu həbs olunub. Türkiyə Ali Hərbi Şurası boşalmış postları doldurmağa 99 zabiti irəli sürüb, amma ordunun yüksəkçinli postlarında hələ də 50 vakansiya boş qalır.

«Nə qədər əsaslandırılmasından asılı olmayaraq, istənilən təmizləmə ordunun işinə təsir göstərir, yaxud bu barədə suallar yaradır», - bunu isə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Türkiyə layihəsinin direktoru Bülent Alirıza deyir. «Ümid edək ki, bu yeni təyinatlar tezliklə işi tələb olunan səviyyəyə çatdıracaq».

Amma müəllif vurğulayır ki, Türkiyə tarixi bu cür təmizləmələrin daha artıq daxili itaətsizlik yarada biləcəyini göstərir.

DAHA SƏRT YOXLAMA

1960-cı ildən bəri ordu dörd dəfə seçilmiş hökuməti hakimiyyətdən kənarlaşdırıb və hər dəfə də özündə struktur dəyişiklikləri aparılıb. Bu, Türkiyədə ordu rəhbərliyinin inadkarlığını və solçular, dünyəviçilər və Gülen tərəfdarlarından gələn hədələrə qarşı durmaqda çətinliyini göstərir.

Stein ordu daxilində əsl siyasi islahatlar təklif edir. Məsələn, bəzi zabitlər daha güclü yoxlamadan keçsəydi, indi çevrilişin arxasında durmaqda suçlananlar yüksək rütbələrə çatmazdı, - o deyir.

Müəllif Türkiyənin Qərblə münasibətlərinin soyumasına da diqqət çəkir. Məsələn, Erdoğan çevrilişdən sonra ilk səfərini NATO tərəfdaşı olan ölkəyə deyil, Moskvaya etdi. Türkiyədə belə bir fikir yayılır ki, Vaşinqton bu ölkəni diplomatik baxımdan tərk edib, Gülen-i dəstəkləyib.

RUSİYAYA DOĞRU?

«İlk dəfə olaraq, Ankarada bəziləri Türkiyənin NATO üzvlüyü barədə sual qaldırır, «dost» ölkə olan Rusiyaya doğru getməyi müzakirə edirlər», - Vaşinqtonda Yaxın Şərq Siyasəti İnstitutunda Türkiyədə təhlükəsizlik məsələləri üzrə ekspert Soner Çağaptay deyir.

Elə son bir ayda irəli çəkilən zabitlər də ABŞ və NATO ilə münasibətlərə şübhəylə yanaşanlar, Rusiyayla daha sıx münasibət istəyənlərdir. Bu qrup üzvləri Türkiyənin 2003-cü ildə İraqa müdaxilə edən ABŞ-a yardımını əngəlləyib.

Müəllif yazır ki, işdən çıxarılanlar içində Amerika və NATO-ya meylli, ekspertlərin «atlantikaçılar» adlandırdığı kadrlar var. Onlar Erdoğan-ı İncirlik bazasını Amerika təyyarələrinin üzünə açmağa çağırırdılar. «İndi o zabitlər də yoxdur, Vaşinqton Erdoğan-ın təmizləmə əməliyyatı ilə bir arada nüfuzunu tamamilə itirə bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG