Türkiyədə terrorçuların hücumlarının çoxalması, digər tərəfdən çevriliş cəhdindən sonrakı fövqəladə vəziyyət buradakı yəhudiləri və xristianları narahat edir. Azlıqların təmsilçiləri “Amerikanın Səsi”nə (VOA) belə deyirlər.
Xristian və yəhudilər, çoxu müsəlman olan 79 milyonluq Türkiyə əhalisinin 1%-nin onda iksini təşkil edir.
“KSENOFOBİYA”
Azlıqların narahatlığının bir səbəbi onlara qarşı çıxışların artmasıdır. Türkiyənin dövlətə yaxın mətbuat orqanları, eləcə də bəzi dövlət rəsmiləri çevriliş cəhdində yəhudi və xristian azlıqların da əli olduğunu deyir, onlarla bağlı tənqidi fikirlər səsləndirirlər.
Buna da bax: Erdoğan Muhammed Alinin yasından pərt və incik qayıtdı
Avqustda Türkiyədə hökumətə dəstək və çevrilişə etiraz məqsədilə keçirilən böyük aksiyada çıxışçılardan üçü çevriliş cəhdində dini azlıqların da iştirak etdiyini bildirmişdi. Halbuki Türkiyə xristianları və yəhudilərinin liderləri də aksiyaya çevriliş cəhdini pisləməyə qatılıblarmış.
Türk hüquq müdafiəçisi Orxan Kamal Cengiz “VOA”-a müsahibəsində deyib ki, “özəlliklə, dövlətə yaxın mətbuat orqanları Birləşmiş Ştatlara və AB-ə qarşı mövqe tutur. Mən bunu “ksenofobiya” adlandırıram. Onlar tez-tez Qərbi günahlandırmağa çalışır, pisləyir, bu çıxışlar isə Türkiyənin qeyri-müsəlman əhalisinə pis təsir edir.”
Buna da bax: Dünyada dini azadlıqlar azalıb
Türkiyə yəhudiləri haqda kitabların müəllifi, filoloq Rifat Bali-nin sözlərinə görə, azlıqların çevriliş cəhdinə bağlılığı haqda ittihamlar nə qədər əsassız olsa da, xristianları və yəhudiləri hədəfə çevirir.
ÖLÜM İSMARICLARI
“İslam dövləti” (İŞİD) qruplaşması tərəfdarlarının Türkiyəyə hücumlarını artırması da azlıqları əndişələndirib. Xəbərlərdə, kəşfiyyat orqanlarının məlumatlarında İŞİD-in Türkiyədəki kilsə və sinaqoqları hədəfə aldığı deyilir. İŞİD-in xristian və yəhudiləri öz radikal ideologiyasına düşmən elan etdiyi sirr deyil. Sosial şəbəkələrdə də islamçı ekstremistlərin xristian və yəhudilərə hədələri artmaqdadır. Türkiyədəki Protestant Kilsələr Birliyinin baş katibi Umut Şahinin dediyinə görə, 15 dini xadimin telefonuna onları ölümlə hədələyən ismarıclar göndərilib.
Buna da bax: Erdoğan pis siyasətdən geri çəkilir
“İsmarıclarda eyni terminlərdən, eyni arqumentlərdən istifadə olunub. Bu isə icma arasında qorxu və təşviş yaradıb”, Şahin belə deyib.
Protestant kilsənin lideri İhsan Özbek deyib ki, İŞİD-in hücumlarından qorxduqlarından bazar günü ibadətlərini dayandırıblar.
Türkiyədə 10 minə yaxın protestant var.
Təhlükə qorxusu bəzi azlıqların Türkiyəni tərk etməsinə səbəb olsa da, əsasən İstanbulda məskunlaşan yəhudilər getmək fikrində olmadıqlarını bildirirlər. Bununla belə, sinaqoqlarda təhlükəsizlik tədbirləri gücləndirilib. Türkiyədə yaşayan yəhudilərin sayı təxminən 18 mindir.