Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:43

Erdoğan 'Şanxay blokuna qoşulaq' deyir


V.Putin və R.T.Erdoğan
V.Putin və R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Türkiyənin «hər nə olursa-olsun» Avropa Birliyinə (AB) qoşulmağa ehtiyacı yoxdur, AB yerinə Türkiyə Rusiya və Çinin dominantlıq etdiyi Şanxay blokuna üzv ola bilər.

«NİYƏ DƏ YOX?»

Türkiyə Avropa Birliyinə qoşulmaqdan ötrü 11 ildir danışıqlar aparır. «Reuters» agentliyi yazır ki, indi Türkiyənin bu quruma üzvlük perspektivi heç vaxt olmadığı qədər uzaqdadır. Avropa liderləri Ankaranı çevriliş cəhdindən sonrakı siyasətinə görə tənqid etməkdədir, Erdoğan hökuməti isə Qərbi ona yuxarıdan baxmaqda günahlandırır.

Dünən – noyabrın 20-də Pakistan və Özbəkistana səfərdən qayıdarkən Erdoğan jurnalistlərlə söhbət edib, deyib ki, Türkiyə özünü sərbəst hiss etməlidir, «nəyin bahasına olursa-olsun Avropa Birliyi» deməməlidir.

«Niyə də Şanxay beşliyinə qoşulmayaq? Mən bu barədə cənab Putin (Rusiya prezidenti) və Nazarbaev-lə (Qazaxıstan prezidenti) də danışmışam… Məncə, Türkiyə Şanxay blokuna qoşulsa, daha sərbəst hərəkət edə bilər», – Erdoğan söyləyib.

DİALOQ TƏRƏFDAŞI

Şanxay Əməkdaşlıq Təşkilatının əsası 1996-cı ildə qoyulub. Radikal islamla və Əfqanıstandan narkotik maddə qaçaqçılığıyla mübarizə məqsədilə yaradılan blokun hazırda 6 üzvü var: Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan. 2001-ci ilədək – Özbəkistan bloka qəbul edilənə qədər qurum «Şanxay beşliyi» adlanırdı.

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti – 3 noyabr 2016
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti – 3 noyabr 2016

«Reuters» yazır ki, Türkiyənin bu bloka üzv olması onun Qərbdəki müttəfiqlərini, NATO üzvlərini, yəqin ki, əndişələndirər. Müəllif Qazaxıstan, Qırğızıstan və Özbəkistanın da türkdilli ölkə olduğunu, 2013-cü ildən Ankaranın bu blokla dialoq tərəfdaşlığı statusu aldığını qeyd edir. Türkiyə kimi Azərbaycan, Ermənistan və Belarus da blokla dialoq tərəfdaşdır.

Dialoq tərəfdaşı ölkələr qurumun nazirlər səviyyəsində toplantılarına və bəzi başqa tədbirlərinə qatıla bilərlər, ancaq onların blokda səsvermə hüququ yoxdur.

REFERENDUM EHTİMALI

Keçən həftə Erdoğan türkləri Avropayla bağlı ilin sonuna qədər səbir etməyə çağırıb, həmçinin 2017-ci ildə Türkiyədə AB-yə üzvlüklə bağlı referendum keçirilməsi ehtimalının olduğunu söyləyib.

Əslində, AB Türkiyənin qaçqın axınının, özəlliklə də Suriyadan qaçqınların qarşısını almasını istəyir. Amma Ankaranın daxili siyasəti münasibətləri xeyli gərginləşdirib.

İyuldan – Türkiyədə çevriliş cəhdindən bəri Erdoğan hökuməti ölkədə kütləvi təmizləmə aparır, 110 mindən çox adam ya həbs edilib, ya da işdən qovulub. Onların hamısı çevriliş planının arxasında durduğu güman edilən Fethullah Gülen-lə əlaqədə günahlandırılır. Amma Gülen çevriliş cəhdiylə hər hansı əlaqəsi olmadığını deyir.

XS
SM
MD
LG