Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:49

Türkiyədə “xainlər məzarlığı” yaradılıb


İstanbulda "Xainlər məzarlığı"
İstanbulda "Xainlər məzarlığı"

Bu barədə xəbəri yayan Associated Press agentliyinin müxbirləri yazırlar ki, burada uğursuz 15 iyul çevriliş cəhdinin iştirakçıları dəfn olunacaq

Türkiyədə “xainlər məzarlığı” adını daşıyan yeni qəbirstanlıq salınıb.

Bu barədə xəbəri yayan Associated Press agentliyinin müxbirləri yazırlar ki, burada uğursuz 15 iyul çevriliş cəhdinin iştirakçıları dəfn olunacaq.

Xəbərdə deyilir ki, 15 iyul gecəsi 24 çevriliş iştirakçısının həlak olduğu məlumdur.

Türkiyə mediası məzarlıq üçün yerin İstanbulun Pendik rayonunda ayrıldığını bildirib.

Bu qəbirstanlıqda dəfn olunan ilk hərbçinin adı da bəlli olub. Bu, yüzbaşı Mehmet Karabekirdir.

Kadir Topbaşın təşəbbüsü

Çevriliş cəhdinin yatırılmasından dərhal sonra çevrilişə qalxarkən həlak olanların ayrıca “xainlər məzarlığında” dəfn edilmələri təşəbbüsü ilə İstanbul meri Kadir Topbaş çıxış etmişdi.

Onun ideyasına görə bu qəbirstanlıq insanlara görk olmalı və onun yanından ötənlər çevriliş iştirakçılarına lənət oxumalıdırlar.

Bundan əvvəl Türkiyə hökuməti imamlara çevriliş iştirakçılarının yas mərasimlərinə qatılmağı qadağan etmişdi.

AP yazır ki, belə bir qəbirstanlığın yaradılması bəzi tənqidçilər tərəfindən hökumətin şübhəlilər üzərinə repressiyalarının davamı kimi pislənir.

Türkiyədə çevriliş cəhdindən indiyədək 16 min nəfər həbs edilib. Onlardan 10 mini hərbçilərdir.

Türkiyənin Dini İşlər Müdirliyi çevriliş cəhdində iştirak edənlərin yas mərasimlərində Quran oxunmasını qadağan edib.

Ölənlərin də insan haqqı var

Amnesty International insan haqları təşkilatının Türkiyə üzrə araşdırmaçısı Andrew Gardner bu kimi halların “ölkədə zəhərli və təhlükəli ab-hava yaranmasına xidmət etdiyini” deyib.

O insanlara insan kimi dəfn olunmaq imkanının verilməməsini insan haqlarının pozulması adlandırıb.

AP xəbər verir ki, bu qəbirstanlığın salınması çevik başa çatdırılıb. İki gün ərzində ayrılmış ərazi alçaq divarla hasarlanıb.

Qəbirstanlığın salındığı ərazi də diqqətəlayiqdir. Bura it sığınacağının yerləşdiyi ərazidir.

AP yazır ki, bu sığınacaqda işləyənlərin bəziləri “xainlərin” burada dəfn edilməsindən narazıdırlar.

“Onlara bizim itlərimizin yanında, Türkiyənin heç yerində məzar yoxdur” – deyib 57 yaşlı heyvan haqları könüllüsü Serhan Batıray.

Lakin Türkiyədə heç də hamı bu cür düşünmür.

Ümit Kıvanç adlı jurnalistin T24 saytında dərc olunmuş bloqunda deyilir ki, “xainlər məzarlığı yaradanların özləri xaindir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG