Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36

-

Türkiyənin Mersin şəhərində 36 yaşlı özbək əsilli Gülçöhrə İsakulovaya qarşı cinayət işı başlanıb. O, azyaşlı qızını döyməkdə günahlandırılır.

Günahı sübuta yetirilsə, o 5 il azadlıqdan məhrum edilə bilər. Mersin məhkəməsi işə gələn ay baxacaq.

Türkiyə mətbuatında hadisə belə işıqlandırılır:

"Gülçöhrə İsakulova 2015-ci ilin dekabrında qızını döyüb. Hadisəni həmin vaxt onlarla birgə yaşayan İsakulovanın dayısı qızı telefonla çəkib. Sonra Gülçöhrə dayısı qızı ilə dalaşaraq, onu evdən qovub. Bundan sonra dayıqızı həmin görüntüləri uşağın atasına göstərib. Gülçöhrə ilə əri ayrı yaşayırlarmış".

2 DƏQİQƏ 46 SANİYƏLİK GÖRÜNTÜ

Video görüntülərdə Gülçöhrə İsakulovanın qıza türk dilində söyüşlər yağdırması, qarğış tökməsi əks olunub. Hıçqıra-hıçqıra ağlayan qızına bir sillə vuran qadının bununla ürəyi soyumur, təxminən 2-3 yaşlarında olan uşağın başına-gözünə vurur, sonra təpikləyir, daha sonra zərblə yerə atır.

30 yaşlı Hasan Tayfun videoda arvadının uşağı necə döydüyünü görəndən sonra məhkəməyə boşanmaqla bağlı müraciət edib. Məhkəmə Tayfunun gətirdiyi dəlillər əsasında Gülçöhrə İsakulovanı analıq hüququndan məhrum edib və uşağı tərbiyə etmək üçün atasına verib.

Mersin şəhərinin prokurorluğu Gülçohrə İsakulovaya qarşı “təhdid, həqarət və fiziki əzab vermə” maddəsi ilə cinayət işi qaldırıb.

Hasan Tayfun deyib ki, uşağının öz yanında olmasından xoşbəxtdir. O bildirib ki, uşağa görə Gülçöhrənin Tükriyədə yaşamaq icazəsi, üstəlik də yardım alırdı:

"Buna görə də uşağı əlindən vermək istəmirdi. Uşağı döydüyünü əvvəllər də eşidirdim, amma sübut edə bilmirdim. Bu video görüntü mənə poçtla göndərildi. Allah o adamdan razı olsun, onun sayəsində övladıma qovuşdum. Qızım indi yaxşıdır, xoşbəxtdir”.

UŞAĞIN ATASININ YANINDA XOŞBƏXT OLDUĞUNU DEYİRLƏR

Hasan Tayfun deyir ki, qızı mütəmadi zorakılıqla üzləşdiyindən psixoloji sarsıntı keçirib:

“Yuxuda ağlayırdı, səssiz idi. Biz bir ailə olaraq onu sevgimizlə geri qaytarmağa çalışdıq. İndi görürsüz, oxuyur, oynayır. Psixoloji dəstək alırıq. Hazırda heç bir problemim yoxdur”.

Tayfun əlavə edir ki, birgə ailə həyatı zamanı Gülçöhrə 4-5 dəfə uşağı da götürüb evdən gedib, ondan polisə şikayət edib:

“Sığınacaqda qaldı, məni polisə verdi ki, onu döyürəm. Amma hamısından bəraət aldım, çünki üzərində heç bir xəsarət izi olmurdu. Birgə yaşayanda xəbərim olmurdu ki, uşağımı döyür, ya yox. Məndən ayrıldıqdan sonra qonşular uşağı döyməsi ilə bağlı mənə xəbər verirdi, amma sübut edə bilmirdim. Bir ana öz balasına bu qədər rəhmsiz, ola bilərmi, anlamıram”, Hasan Tayfun deyir.

Gülçöhrə İsakulovanın barəsində səsləndirilən ittihamlarla bağlı münasibəti yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG