Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

'Kürd deputatlar meydanı zorakılığa verir'


Diyarbəkirdə partlayış - 4 noyabr 2016

Diyarbəkirdə partlayış - 4 noyabr 2016

Ötən həftə baş verənlər Türkiyəni yenə Qərb mətbuatının əsas mövzularından birinə çevirib.

«The Wall Street Journal» qəzeti yazır ki, kürd liderlərin həbsi və oyundan kənarlaşdırılması perspektivi Türkiyədə zorakılığın genişlənməsiylə sonuclana bilər.

Ötən cümə Türkiyədə kürdlərin Xalq Demokrat Partiyasından (HDP) millət vəkillərinin həbsindən bir neçə saat sonra «kürd paytaxtı» sayılan Diyarbəkirdə güclü partlayış oldu. 11 nəfər öldü, yaralılar da var.

«The Wall Street Journal» partlayışın arxasında, gözlənildiyi kimi, kürd yaraqlılarının dayandığını xəbər verir. Partlayışa görə məsuliyyəti öncə «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürsə də, bazar günü kürdlərin «Fırat» xəbər agentliyi Kürdüstan Fəhlə Partiyasının (PKK) qanadı «Kürdüstan Azadlıq Qırğıları» (TAK) qruplaşmasının bəyanatını yayıb. TAK partlayışı törədən intiharçının kimliyini açıqlayaraq, hadisənin arxasında onların durduğunu bildirib.

Parlamentariləri həbs edən hökumət HDP-ni PKK ilə əlaqədə suçlayır. PKK da siyasi liderlərin həbsinə görə hökumətə cavab verəcəyini bildirmişdi.

«ONLARIN KİM OLDUĞUNU BİLİRİK»

Millət vəkillərinin həbsinə etiraz olaraq HDP-dən digər vəkillər də parlamentdə fəaliyyətlərini dayandırıblar. «The Wall Street Journal» bununla parlamentarilərin meydanı daha çox zorakılığa verdiyini yazır.

Türkiyədə kürdpərəst partiyanın liderlərini tuturlar

«Amerikanın Səsi» radiosu Türkiyənin baş naziri Binali Yıldırım-ın deputatları yerlərinə qayıtmağa çağırdığını qeyd edir. Nazir onların parlamentdə istədiklərini deməyə ixtiyarı olduğunu, ancaq heç bir siyasətçinin öz mövqeyindən yararlanaraq, terrora meydan verə bilməyəcəyini söyləyib.

Prezident Recep Tayyip Erdoğan isə Avropanı PKK-nı dəstəkləməkdə və silahlandırmaqda günahlandırıb, kiminsə onu «diktator» adlandıracağından qorxmadığını bildirib: «Narahat olmasınlar, onların kim olduğunu bilirik. Baş nazir və prezident olduğum 14 il ərzində onların kimliyinə yaxşı bələd olmuşam. Məni «diktator», yaxud necə istəyirlər adlandırsınlar, vecimə deyil».

ƏSAS QÜVVƏ – KÜRDLƏRDİR

Türkiyənin terror təşkilatı kimi tanıdığı və PKK-ya muxtariyyət uğrunda mübarizədə yardım edən Suriya kürd yaraqlıları özləri də Qərbin dəstəyini qazandıqlarını bildirirlər.

Danışıqlardan görünən odur ki, Mosul kimi, Suriyanın Raqqa şəhərinin də İŞİD-dən azad olunması əməliyyatlarında əsas qüvvə məhz kürd yaraqlıları olacaq. Kürdlərin «Rudaw» qəzeti Suriya Demokratik Qüvvələrinin bu barədə ABŞ-la razılığa gəldiklərini, Türkiyənin əməliyyatlardan kənarda qalacağını yazır.

ABŞ-ın müdafiə naziri Ash Carter də Raqqa əməliyyatlarında Türkiyənin də iştirakını müzakirə etdiklərini söyləsə də, əsas qüvvənin kürd silahlı dəstələri olacağını etiraf edib.

«The Sydney Morning Herald» bazar günü yenə Atatürk Hava Limanında həyəcan yaşandığını, avtomobillərin bir müddət aeroporta buraxılmadığını yazır. Səbəb aeroport ərazisində hərəkət edən bir motosikletin polisin «saxla» əmrinə tabe olmaması imiş. Polis atəş açaraq motosikletdəkilərdən birini yaralayıb, ikinci şəxsi qaçarkən yaxalayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG