Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:51

«Erdoganland-ə çatdıq, düşün!»


Arxiv fotosu
Arxiv fotosu

-

6 aprel- qərb mətbuatının qısa icmalı

«20 il öncə Recep Tayyip Erdogan deyirdi: «Bizim üçün demokratiya bir qatardır, mənzilbaşına çatdınsa, düşürsən». Deyəsən onun qatarı mənzilinə çatıb: Erdoganland-ə».

Arzum Karasu haaretz.com-da yazır ki, ötən cümə günü Türkiyə parlamenti onsuz da güclü polisin səlahiyyətini artıran qanun layihəsini təsdiqləyib. Parlamentdə vaxtilə Erdogan-ın rəhbərlik etdiyi AKP partiyası üstünlük təşkil edir. Müxalifət üzvləri və vətəndaş cəmiyyəti qruplarının kəskin tənqid etdiyi bu qanun ölkəni polis dövlətinə çevirir.

Yeni qanunda nə var? 199-32 səs nisbəti qəbul olunmuş qanun fərdləri saxlayan, dindirən və həbs edən polis zabitlərini dövlət ittihamçısına çevirir. İndi saxlama 48 saat çəkə bilər; polis etirazçılara qarşı odlu silahdan istifadə edə bilər (əvvəl də istifadə edirdi, indi etirazçılara atəş də aça bilər); nümayişlərdə üzünü tam, ya qismən bağlayanlar terrorçu hesab olunacaq; etirazçılar Molotov kokteylindən istifadə edirsə, bu, terror silahı hesab olunacaq...

Bundan başqa, sosial şəbəkələrdə və ya ictimai yerlərdə fikrini bildirən, dövlətin siyasətini tənqid edənlər «hökuməti təhqir etdiyinə görə» həbs cəzası ala bilər.

Müəllif yazır ki, tənqidçilər məqsədin 7 iyun parlament seçkisi öncəsi istənilən narazılığı susdurmaq olduğunu deyirlər. Son illər hökumətin avtoritar siyasətinə, korrupsiyaya, insan haqlarının məhdudlaşdırılmasına etirazlar keçirilib. Hökumətsə yeni qanunun Avropa tərəfdaşları ilə uyğunlaşdırıldığını bildirir.

«Bu, gülməlidir, axı bu hökumətin üslubu Merkel və ya Hollande-dan çox Putin-i xatırladır,» yazan müəllif Erdogan-ın hələ də AKP-nin rəhbəri kimi davrandığını, prezidenti təhqir etdiyinə görə 105 nəfərin mühakimə olunduğunu, mətbuatın əsasən hökumətin nəzarətinə alındığını vurğulayır.
«Bir neçə gün əvvəl HaberTurk televiziyası siyasi proqramlarını seçkidən sonraya təxirə salıb. AKP-nin sözçüsü olmaqdan imtina edən jurnalistlər qorxudulur – vergi auditləri keçirilir, cərimələnirlər, onlara «terrorçu» və ya «xəyanətkar» damğası vurulur».

«Erdogan-ın genişlənən diktaturası, istənilən tənqidə dözümsüzlüyü ölkəni polis dövlətinə çevirməkdədir. O, tarix bilgisi ilə elə də tanınmayıb. Ona görə də yəqin bilmir ki, insanların ədalət və demokratiya hərisliyi həmişə diktaturaya qalib gəlib. Türkiyədə bu, sadəcə zaman məsələsidir,» müəllif yazır.

ERDOĞAN-ı «TƏHQİR EDƏN» ŞƏRHİ BƏYƏNDİYİ ÜÇÜN HƏBS OLUNDU

Türkiyənin cənub şərqində bir jurnalist prezident Recep Tayyip Erdoğan-ı facebook səhifəsində tənqid edən şərhi bəyəndiyi üçün şərti həbs cəzası alıb. Məhkəmə həmin tənqidin «təhqir» olduğunu bildirib. Doğan xəbər agentliyinin məlumatına görə, Qaziantep vilayətində 19 saylı Birinci İnstansiya Cinayət Məhkəməsi jurnalist Yaşar Elma-nı «dövlət qulluqçusunu təhqir etməkdə» təqsirli bilib. Aprelin 4-də keçirilən məhkəmədə Erdoğan-ın vəkili də iştirak edib.

Məhkəmə əvvəlcə Elma-ya 28 ay həbs cəzası nəzərdə tutub, sonradan onu 23 ay şərti cəzayla əvəzləyib.

«Sadəcə, cənab prezident barədə bir şərhi «Like» etmişdim. Yarım saatdan sonra pozmuşdum, ancaq polis gəldi və məhkəmənin ikinci dinləməsində məhkəmə haqqımda hökm çıxardı». Elma şərhi bəyənməyin cinayət olduğunu bilmədiyini də sözlərinə əlavə edib.

Vəkili Dilber Demirel qərardan apelyasiya veriləcəyini deyib və söyləyib ki, hökm tək bircə sözü təhqir sayıb, ancaq vəkil həmin sözü açıqlamayıb.

Erdoğan ötən ilin avqustunda prezident seçiləndən Türkiyədə 70-dan çox adam onu «təhqir etdiyi» üçün mühakimə olunub. Baş nazir postunda olanda yüzlərlə oxşar iş açılmışdı.

Vyanada mənzillənən Beynəlxalq Mətbuat İnstitutunun Türkiyə Milli Komitəsi fevralda bildirib ki, ölkədə jurnalistləri hədəfləyən, böhtan və təhqirlə bağlı məhkəmə işlərinin artmasına qarşı kampaniya başladacaq. İnstitut martın 27-də Türkiyə üzrə xüsusi hesabatında bildirib ki, jurnalistlərə qarşı böhtan iddiaları və həbslər Türkiyədə demokratiyanı zərbə altında qoyur.

XS
SM
MD
LG