Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:29

Türkiyə ilə İran yaxınlaşmaqdadır


R.T.Erdoğan və H.Rouhani
R.T.Erdoğan və H.Rouhani

«The Wall Street Journal» qəzeti Türkiyəylə İran arasında artmaqda olan yaxınlıqdan, bu iki ölkəni birləşdirən ortaq maraqlardan yazır.

«Suriyanın Hələb şəhərinə nəzarət uğrunda vuruşanlar arasında Türkiyənin dayaq durduğu qiyamçılarla İranın dəstəklədiyi döyüşçülər də var. Buna baxmayaraq, son proseslər İranla Türkiyə arasında xeyli yaxınlaşma olduğunu göstərir».

BALANSLI OYUN

Müəllif Yaroslav Trofimov bu yaxınlığın ilin əvvəlindən müşahidə olunduğunu, Türkiyədə çevriliş cəhdindən sonra bu meylin bir az da artdığını yazır. Məqalədə İranın xarici işlər nazirinin son iki ayda Ankaraya iki dəfə getdiyi, ikitərəfli münasibətlərin, qarşılıqlı ticarətin inkişafını, enerji sahəsində əməkdaşlığı gücləndirməyin yollarını müzakirə etdiyi vurğulanır.

Y.Trofimov-un fikrincə, sünnilərin çoxluq təşkil etdiyi Türkiyə ilə şiə İranın yaxınlaşması regiondakı münaqişənin dini təriqət xarakterli olmadığını göstərir. Eyni zamanda, bu iki ölkənin Suriyayla bağlı narazılıqlara üstün gəlmək, diqqəti hər ikisinin marağında olan sahələrə yönəltmək gücündə olduğunu sərgiləyir.

Qəzet yazır ki, Türkiyəylə İranın yaxınlaşması Türkiyəni Qərbin müttəfiqi, İranı isə düşmən sayan ölkələrin, özəlliklə sünni ərəb ölkələrinin narahatlığına səbəb olub. Birləşmiş Ərəb Əmirliklərindən siyasətçi-alim Abdulhaleq Abdulla «The Wall Street Journal»a müsahibəsində deyib: «Türkiyə ətrafındakılarla dostluq münasibətlərini qorumağa çalışaraq, balanslı oyun oynayır. Amma çoxları onun İranın genişlənməsinə qarşı çıxan Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə daha anlayışla yanaşacağını gözləyirdi».

KÜRD SEPARATÇILARI PROBLEMİ

Amma qəzet Türkiyənin Körfəz ölkələriylə də münasibətləri tənzimləməyə çalışdığını yazır, bu günlərdə Səudiyyə Ərəbistanı şahzadəsi Mohammed bin Nayef-in də Ankaraya səfər etdiyini və səfərin sonunda onun Türkiyəylə ölkəsinin bütün məsələlərdə eyni fikirdə olduğunu dediyini vurğulayır.

Suriyada küdr döyüşçülər.
Suriyada küdr döyüşçülər.

Amma İran məsələsində, deyəsən, fikir ayrılığı var. Çünki Türkiyə Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindən fərqli olaraq, İranla bütün diplomatik əlaqələrini gücləndirməkdərir. «The Wall Street Journal» belə yazır.

Müəllifin fikrincə, bu iki ölkəni birləşdirən məsələlərindən biri kürd separatçıları problemidir. Son aylar İranda da kürdlərin yaşadığı bölgələrdə canlanma müşahidə olunub. Odur ki, PKK ilə əlaqəli yaraqlıların Suriyanın şimalı və qərb bölgələrində geniş ərazilərə yiyələnməsi həm Ankara, həm də Tehranı narahat edir. Suriya-kürd məsələləri üzrə siyasi analitik Mutlu Çiviroğlu qəzetə müsahibəsində deyib ki, Türkiyə, İran və Suriyanın ümumi problemi kürd problemidir, onların hamısı kürdləri öz mövcudluqlarına təhlükə hesab edirlər: «Türkiyəylə İran Suriyada müharibədə qarşı tərəflər olsalar da, kürd məsələsində eyni tərəfdə dayanırlar».

ANTİQƏRB MÖVQEYİ

Müəllif yazır ki, Türkiyədə çevriliş cəhdində ABŞ-ın da əli olduğunu ehtimal edən siyasətçilər üçün İranın, özü də çevriliş cəhdini dərhal pisləyən İranın antiqərb mövqeyi xeyli məqbuldur.

Digər tərəfdən, bu iki ölkənin liderlərini siyasi İslamın eyni qolu birləşdirir. Erdoğan-ın hakim AK partiyasının kökləri Misirdə yaranmış sünni «Müsəlman Qardaşları» təşkilatına bağlıdır. Suriyada münaqişəyə qədər İran da bu təşkilata düşmən münasibəti bəsləmirdi. Hətta İranın ali dini lideri Ayatollah Ali Khamenei şəxsən özü təşkilatın nüfuzlu ideoloqu Sayyid Qutb-un kitablarını fars dilinə çevirmişdi.

«The Wall Street Journal» yazır ki, bütün bunlar o deməkdir ki, sünni ərəb ölkələrindən fərqli olaraq, Türkiyə İrana təriqətçi prizmadan baxmır.

«Türkiyə İrana baxanda şiələri deyil, farsları görür, bu isə onu İranda birinci şiələri görən Körfəz ölkələrindən çox fərqləndirir». Vaşinqton Yaxın Şərq İnstitutunun Türkiyə proqramının direktoru Soner Çağaptay «The Wall Street Journal»a müsahibəsində belə deyib.

XS
SM
MD
LG