Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

Türkiyədə hərbi çevrilişə cəhdin narahatlıq doğuran bir səbəbi də iqtisadiyyatın taleyidir. Çevriliş baş tutmasa da (bu fakta bütün müxtəlif yanaşmalarla yanaşı), son olaylar ölkənin imicini qaralayır. Cəhdin qarşısı alınandan sonra hökumətin addımları iqtisadiyyatda, nisbi olsa da, sabitlik yaradıb. Türkiyə baş nazirinin müavini Mehmet Şimşek Twitter-dəki hesabında yazıb ki, hərbi çevriliş cəhdinin qarşısı alınandan sonra Türkiyə daha da güclənib və ölkənin makroiqtisadi əsaslarına hər hansı təhdid yoxdur: «Bu gün mən bizim mühüm investorlarımızla telekonfrans keçirəcəyəm. Ölkə normal həyata qayıdır. Sağlam makroiqtisadi əsaslarımız var. Biz bütün zəruri addımları atırıq və xalqımızın dəstəyi ilə daha da güclü olduq».

Türkiyə Mərkəzi Bankı dünən – iyulun 17-də verdiyi açıqlamada çevriliş cəhdinin ardından «maliyyə sabitliyini qorumaq üçün ehtiyac duyulan bütün tədbirlər»in görüləcəyini bildirib.

Bankların gərəkli vəsaitlə təmin ediləcəyi də vəd edilib. Bütün bu addımlar bazara öz təsirini göstərdiyindən, həftəsonu bahalaşan dollar və avro ucuzlaşmağa başlayıb.

«NORMAL FƏALİYYƏT GÖZLƏNİLİR»

Ekspert Cəfər İbrahimli Türkiyəmaliyyə bazarlarındakı durumu AzadlıqRadiosuna şərh edib. Ekspertin sözlərinə görə, yüksəkvəzifəli iqtisadiyyat bürokratlarının bazara yönəlik açıqlamaları bank və kapital bazarlarının normal fəaliyyətə başlayacağına ümid oyadır: «Cümə gecəsi Türkiyə maliyyə bazarları bağlı olsa da, xarici bazarlarda 1 ABŞ dollarını 3 lirə 5 quruşa almaq olardı, yəni türk lirəsi 5.5 faizlik dəyər itkisinə məruz qalmışdı. Açıqlamalardan bəri və Asiya bazarlarının açılması ilə 1 dolların lirə qarşılığı2 lirə 96 quruşadək gerilədi».

«DALĞALANMALARIN OLACAĞI GÖZLƏNİLİR»

C.İbrahimli maliyyə bazarları açılmadan Mehmet Şimşek-in canlı TV yayımında biznes dünyasını və investorları önləyici tədbirlər barədə məlumatlandırdığına diqqət çəkib: «Ölkədə baş verən proseslər fonunda həftəboyu maliyyə bazarlarında ciddi ölçüdə istiqrarsızlıq olmayacağı, ancaq dalğalanmaların mümkünlüyü gözlənilir».

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

«İLİN 2-Cİ YARISINDA TÜRKİYƏ İQTİSADİYYATINDA GÖSTƏRİCİLƏR PİSLƏŞƏCƏK»

İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, ölkənin nüfuzu ciddi şəkildə zədələndiyindən, iqtisadiyyat da ziyan çəkəcək: «Çox güman, ilin 2-ci yarısında Türkiyə iqtisadiyyatında göstəricilər pisləşəcək. Son zamanlar terror hadisələri ilə dünyanın diqqətində olan bu ölkədə baş verən qarşıdurma lirənin də məzənnəsinə təsirsiz ötüşməyəcək».

Ekspertin qənaətincə, mövcud durum Türkiyəyə xaricdən investisiya cəlbedilmə riskini artıracaq: «Bu ərəfədə xarici sərmayəçilərin bir qisminin ölkədən qaçması və ya investisiyalarını məhdudlaşdırıb, kapitallarını çıxarması da istisna deyil. Bu isə onsuz da zəifləyən turizm, xidmət və ticarət sektorlarını acınacaqlı vəziyyətə sala bilər. Bütövlükdə Türkiyə iqtisadiyyatının zəifləməsi onun bölgədəki roluna da pis təsir göstərəcək. Bu hadisə Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə ciddi təsir etməsə də, bu münasibətlər əvvəlki səviyyədə və əvvəlki axarında olmayacaq».

«TÜRKİYƏDƏ DNF-İN ƏMLAK ALMASI PLANI...»

Q.İbadoğlu Dövlət Neft Fondu (DNF) vəsaitlərinin 1.2 faizinin türk lirəsində saxlandığını xatırladaraq deyir: «Bugünlər DNF-dən verilən açıqlamaya görə, Türkiyə bazarı onların diqqətini çəkdiyindən, əmlak almaq variantları gözdən keçirilirdi. Yekun qərar verilməyibsə, məlum hadisədən sonra, çox güman, sözügedən fondun Türkiyədə əmlak alması planı təxirə salınacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG