Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:25

'Türkiyədən yenə çox pis xəbərlər gəlir'


Selahattin Demirtaş
Selahattin Demirtaş

HDP-dən 15 deputat həbs olunacaq.

«The Wall-Street Journal» qəzeti Türkiyənin kürd siyasətçilərinə, eyni zamanda internetə basqıdan yazır.

Noyabrın 4-nə keçən gecə Türkiyədə kürdlərin Xalqların Demokratik Partiyasından (HDP) 13 deputat, o cümlədən partiyanın həmsədrləri Selahattin Demirtaş və Figen Yüksekdağ həbs edilib. Polis onların evində axtarış aparıb. Sonra da məhkəməyə gəlməkdən boyun qaçırmaqda ittiham olunduqlarını bildirərək tutub.

«The Wall-Street Journal» çevriliş cəhdindən bəri Türkiyə hökumətinin kürd siyasətçilərinə qarşı ən ciddi addımları atdığını yazır.

«WHATSAPP»A DA GİRİŞ MƏHDUDLAŞIB

Hökumət çevrilişin arxasında ilahiyyatçı Fethullah Gülen-in dayandığını desə də, təmizləmə əməliyyatlarına kürd fəallarını, hətta siyasətçiləri də daxil edib. Hökumətin iddiasına görə, parlamentdəki kürd deputatlar da kürdlərin terrorçu təşkilatı PKK-nı müdafiə edir. HDP-nin iddianı rədd etməsinə baxmayaraq, partiyaya basqı son həddə çatıb.

Türkiyənin 550-nəfərlik parlamentində HDP-dən 59 deputat var. Nazir deyib ki, məhkəmənin çağırışlarını cavablamaqdan imtina edən, bununla da Türkiyə qanunlarını pozan hər kəs həbsə atılacaq.

«Twitter» səhifələrində HDP-çilər Demirtaş, eləcə də digər deputatların evlərindən zorla aparıldıqlarını yazırlar.

Twitter
Twitter

Deputatların evində axtarış gedən saatlarda Türkiyədə sosial şəbəkələrə giriş çətinləşib. Türkiyənin internet provayderləri məhz noyabrın 4-dən «Twitter», «Facebook», «YouTube», «Instagram» və ilk dəfə olaraq «WhatsApp»a girişin məhdud olduğunu bildiriblər.

«ÇOX PİS XƏBƏRLƏR GƏLİR»

«Turkey Blocks» saytı Türkiyədə internet senzurasına son zamanlar tez-tez əl atıldığını yazır. Hökumətin sosial şəbəkələrə girişi xəbərdarlıq etmədən məhdudlaşdıraraq siyasi hadisələrin mətbuatda işıqlandırılmasını, bununla vətəndaşlar arasında hərc-mərcliyi əngəlləməyə çalışdığını bildirir.

Sayt bu həftə ölkənin cənub-şərq bölgəsində internetin tamam kəsildiyini, bölgəyə tibbi ləvazimatın göndərilməsində problem yaşandığını, infrastruktura ziyan dəydiyini xatırladır.

«Türkiyədən yenə çox pis xəbərlər gəlir», - Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Pari noyabrın 4-də «Twitter» səhifəsində belə yazıb. K.Pari son həbsləri pisləyib. AB də, ABŞ da son vaxtlar Türkiyədə baş verənlərdən narahatlıqlarını, hökumətin addımlarının həm də kürdlərlə münaqişəni qızışdırdığını bildiriblər.

Türkiyə parlamentindəki kürd deputatlar da prezident R.T.Erdoğan-ın özünə dəstək qazanmaqdan ötrü kürdləri təqib etdiyini deyiblər. Həbsindən iki gün öncəki çıxışında Demirtaş deputatlara qarşı reydləri pisləmiş, bunu «siyasi əməliyyat» adlandırmış, deputatların girov götürüldüyünü demişdi.

XS
SM
MD
LG