Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Türkiyə hökuməti “cinsi təcavüzçüyə bəraət” vermək istəyir?

“Olayın qurbanı ona təcavüz edənlə evlənmək istəsə, təcavüz edən şəxs həbs edilməsin”, - Türkiyə parlamentində AKP-dən millət vəkillərinin irəli sürdüyü bu təklifcəmiyyətdə ciddi əks-səda doğurub.

Təklifin mahiyyəti budur ki, olay qurbanı cinsi əlaqəyə könüllü giribsə, həmin adam onunla evləndiyi halda həbs edilməsin və ya hər hansı cəzaya məruz qalmasın.

Buna da bax: Aziz Sancar 700 nəfər 6-cı sinifdə oxuyan qızı oxutduracaq

Noyabrın 17-də Türkiyə Böyük Millət Məclisində Cəza Mühakiməsi Qanununa bəzi dəyişikliklərin müzakirəsi zamanı hakim Ədalət və İnkişaf Partiyasından (AKP-dən) son dəqiqədə bir təklif gəlib. Həmin təklifdə deyilir ki, “hiylə, zor, təhdid və ya iradəyə təsir göstərən başqa bir səbəb olmadan” (yəni cinsi əlaqə qarşı tərəfin razılığı ilə baş veribsə), “2016-cı il noyabrın 16-dək işlənən cinsi istismar cinayəti ilə həbsə atılan adamlar qurbanları ilə evlənərsə, azadlığa buraxılsınlar. Belə şəxs haqqında yenicə həbs qərarı verilibsə, hökmün icrası ertələnsin”. Təklif AKP-li 165 millət vəkilinin səsiylə qəbul edilib. Ancaq ana müxalifət - Cümhuriyyət Xalq Partiyası (CHP) buna sərt reaksiya verərək, yenidən açıq səsvermə keçirilməsini istəyib. Bu təklif yetərli səs toplamadığından, gələn həftənin əvvəlində yenidən müzakirəyə çıxarılacaq.

Mövcud qanuna görə, cinsi təcavüzə görə, azı, 8 ildən 16 ilədək həbs cəzası kəsilirdi.

Söhbət, əsasən, azyaşlıların cinsi təcavüzlə üzləşməsindən gedir.

Türkiyə Ədliyyə naziri Bekir Bozdag, 27 fevral 2014

Türkiyə Ədliyyə naziri Bekir Bozdag, 27 fevral 2014

“Azyaşlılar valideynlərinin razılığı ilə evləndirilir”

Ədliyyə naziri Bekir Bozdag deyib ki, cinsi əlaqə xoşluqla baş veribsə, burda zorakılıq və təcavüz yoxdur:

“Azyaşlılar evləndirilir, burda ailənin razılığı var, ancaq evliliyin üstü açılarkən, ər həbs edilir. Biz belə halların qarşısını almaq istəyirik”.

Baş nazir Binali Yildirim deyib ki, keçmişdə belə evliliklərə izn verənlər qanundan xəbərsiz olublar və indi bu məsələni yoluna qoymaq lazımdır.

Hökumət bildirir ki, təklif 2005-ci il ildən bu ilin noyabrın 16-dək “cinsi istismar cinayəti” işləməkdə suçlu bilinənlərə tətbiq ediləcək. Rəsmilər dəyişikliyin 3 min ailəyə təsir göstərəcəyini deyirlər.

Buna da bax: «Azyaşlı qızların ərə verilməsi, onların hüququdur»

Türkiyənin Anadolu Agentliyi-nin xəbərinə görə, CHP sədrinin müavini Tekin Bingol təcavüzkara bəraət qazandırılmasına çox mənfi yanaşdıqlarını söyləyib.

“12 təcavüzçüdən hansı ilə evləndiriləcək?”

Birgün.net saytı yazdığına görə, CHP sədrinin müavini Lale Karabıyık deyib ki, Türkiyədə 14 yaşlı qız 12 kişinin təcavüzünə uğrayıb:

“Bu qızçığazın hansı təcavüzçüylə evlənməsinə də Ədliiyyə Nazirliyi qərar verəcək? Hakim partiyanın işi həbsdəki 4 min təcavüzçüyə bəraət verməkdən ötrü qızların gələcəyi ilə oynamaqdır, yoxsa bircə qızın da daha canının yanmaması üçün qanunlar qəbul etmək, siyasət yürütməkdir?”.

Foto: arxiv

Foto: arxiv

​Ədliyyə naziri Bekir Bozdag deyib ki, bu qanundan 4 min adamın yararlanacağı ilə bağlı deyilənlər doğru deyil. Onun sözlərinə görə, hər il Türkiyədə 15 yaşına çatmayan 16 min uşağa təcavüz edilir. Nazir əlavə edib ki, bu qanun cinsi əlaqəni hər iki tərəfin razılıği ilə həyata keçirmiş, amma “cinsi təcavüz cinayəti” ilə həbs olunmuş adamlara şamil ediləcək: “Belələrinin sayı 100 nəfər ola-olmaya”.

“Gündem Çoçuk” uşaq hüquqları təşkilatının rəsmisi Mehmet Onur Yilmaz “The Associated Press”ə sözügedən təklifin azyaşlıların evləndirilməsinə yol açdığını deyib. Qadın hüquq müdafiə təşkilatları da bu məsələyə qəti etirazını bildirir, bunu qadın hüquqlarının pozulması, təcavüzkarlara geniş meydan verilməsi kimi qiymətləndirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG