Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

►Çevriliş cəhdinin Türkiyənin turizm bznesinə vurduğu ziyan

“Sultanəhməddə terrordan 10-15 gün sonra İstanbula getdim və elə oteli də Sultanəhməddə tutdum”.

Bunu Türkiyəyə turist səfərlərinin sayını-hesabını itirən Fəridə Məmmədova deyir. O, hər il yay tətilini ailəsi ilə birgə Türkiyədə keçirir:

“Terror qorxusu var, deyim yoxdur, saxtakarlıq edərəm. Amma kim zəmanət verə bilər ki, belə təhlükə başqa yerdə yoxdur?”

Avqust ayında Bodruma ailəlikcə tətilə getməyə hazırlaşan F.Məmmədova Türkiyədəki son olaylara görə planını təxirə salmaq istəmir:

“Ölkəyə giriş-çıxış qadağan edilməyib ki? Otellər paketləri ləğv etməyib ki? Biz niyə planımızı ertələyək?”

Amma qonşu ölkədə ard-arda baş verən terror olayları, hərbi çevrilişə cəhddən sonrakı proseslərə Bakı sakini Yavər Əliyev Fəridə Məmmədova kimi yanaşmır, deyir ki, ölkənin təhlükəsizliyinə inamı qırılıb:

“Dünyanı gəzməyi xoşlayıram, xanımımla çox yerdə olmuşam. Türkiyəyə səfəri hər dəfə ertələyirdik ki, “gedək filan yerləri görək, Türkiyə yaxındadı, gedib görərik”. Deyəsən, Türkiyəni görmək arzumuz gözümüzdə qalacaq, bilsəydim vəziyyət bura çatacaq, çoxdan gedərdim”.

Türkiyə turizmi silkələnir, əldən valyuta gedir

Turizm gəliriylə öyünən Türkiyədə bu sektordan əldə edilən qazanc azalıb. Türkiyənin "Turizmdatabank"ın məlumatına görə, 2015-cı ilin ilk 4 ayında bu ölkəyə 11 milyona yaxın xarici turist gəlibsə, bu ilin eyni dövründə bu rəqəm 8 milyon olub. Türkiyə ötən ilin ilk 3 ayında turizmdən 5 milyard dollara yaxın gəlir əldə edibsə, bu ilin analoji dövründə bu sektor 4 milyard dollar qazanc gətirib.

“Son 6 ayın rəqəmləri hələ gəlməyib, gələndən sonra dəqiq biləcəyik ki, xüsusilə turizm mövsümü başlayandan ölkəyə gələn turistlərin sayı və gəlir nə qədər azalıb”. Bunu Türkiyə Turizm Agentlikləri Birliyinin (TürSAB) icraçı direktoru Çətin Gürcün AzadlıqRadiosuna açıqlamasında deyir.

O, son bir ildə Ankarada, İstanbuldakı terror olaylarının turizmə mənfi təsir etdiyini deyir:

“Təəssüf ki, dünyanın hər yerində terror baş verir, zatən terrorun amacı da insanları qorxutmaqdır. Ancaq terrora təslim olmamalıyıq, rutin işimizi necə görmüşüksə, o cür də davam etməyimiz gərəkir. Otellərmiz açıqdır, təyyarələrimiz uçur, normalda heç bir problemimiz yoxdur”.

Buna da bax: Türkiyə iqtisadiyyatını gözləyənlər

“Mövsümün pik vaxtında endirimli paketlər təklifi”

Çətin Gürcün deyir ki, iki gündür hərbi çevrilişdən dolayısı elan edilən fövqəladə vəziyyətin turizmə heç bir dəxli yoxdur, bu, dövlət orqanları ilə bağlı verilən qərardır, həyat tərzinə aidiyyəti yoxdur.

Hərbi çevrilişə cəhd olayından sonra bütün dövlət orqanlarına çalışanlara verilən məzuniyyətlər ləğv edilib. Çətin Gürcün söyləyir ki, buna görə də məzuniyyətini ölkə daxilində keçirmək istəyən və əvvəldən otellərdə yer bronlayanların sifarişi ləğv edilib və pulları geri qaytarılıb:

“Və ya da razılıq əsasında sonraya ertələnib. Bu məsələdə kimsəni narazı qoymadıq”.

Bəs belə bir durumda, yaranan boşluğu doldurmaq üçün turizm şirkətləri, otellər qiymətlərdə endirim edirlərmi? Çətin Gürənc deyir ki, onsuz da olaylardan dolayısı turizm azalıb və bunu önləməkdən ötrü otellər əlverişli qiymətlərlə bağlı hətta sezonun ən pik vaxtı da endirimli paket təklif edirlər.

“Fövqəladə rejim zəruri idi”

Ankarada İqtisadiyyat və Texnologiya Universitetinin dosenti, azərbaycanlı Toğrul İsmayıl hesab edir ki, Suriyada yaşanan olaylar Türkiyəyə ciddi zərər vurur.

Amma o, fövqəladə vəziyyətin vətəndaşların hüquq və azadlıqlarına ciddi təsir göstərməyəcəyini düşünür:

“Hökumət də söz verdi ki, vətəndaşların hüquq və azadlıqlarına təsiri olmayacaq. Hərbi çevrilişə cəhddən sonra belə bir qərar verilməsi zəruri idi”.

Buna da bax: Rus turistlər Türkiyəyə qayıdır

“Hər yerdə polis yoxlaması var”

Türkiyə vətəndaşlarından fikrini öyrəndiyimiz bəzi sakinlər isə artıq şəhərlər, rayonlar arasında polis yoxlaması başladığını deyirlər.

“Əslində terrordan sonra, özəlliklə, turizm bölgələrində şəhərlərarası polis yoxlamaları vardı, amma heç də hər maşını yoxlamırdılar. Ancaq bu gün Didimdən çıxdıqda gördük ki, rayonun girişində polis yoxlaması uzun bir növbə yaradıb”, - Aydın bölgəsində yaşayan Nihat Sönməz deyir.

Türkiyəyə hər il gedən xaricilər arasında Almaniya vətəndaşları üstünlük təşkil edir. Onların sayı 5 milyondan çoxdur. İngiltərə, Bolqarıstan, Hollandiya, Rusiya, Gürcüstan turistlərinin sayı 1-2 milyonu ötür. Son üç ilin statistikasına görə, Türkiyənin turizm paketində Azərbaycan vətəndaşlarının payı təxminən 1 faizdir. Qonşu ölkəyə hər il təxminən 600 min azərbaycanlı gedib-gəlir.

Buna da bax: Ankarada Erdogana dəstək aksiyası keçirilib

Günün bütün mövzuları

XS
SM
MD
LG