Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:43

Media Türkiyə azarkeşlərinin “terror qurbanlarına hörmətsizliyindən” yazır


Türkiyə futbolçuları azarkeşlərin davranışına reaksiya verməyiblər

Türkiyə futbolçuları azarkeşlərin davranışına reaksiya verməyiblər

Türkiyə yığmasının azarkeşləri Yunanıstan komandası ilə oyunun açılışında Paris terroru qurbanlarının xatirəsinə həsr edilmiş bir dəqiqəlik sükutu fit səsləri ilə pozublar

Türkiyə yığmasının azarkeşləri Yunanıstan komandası ilə oyunun açılışında Paris terrorunun qurbanlarının yad edilməsi üçün elan edilmiş bir dəqiqəlik sükutu fit səsləri ilə pozublar.

Beləliklə, bütün Avropa boyunca matçlarda, terrora qurban getmiş 129 nəfərin xatirəsinə ehtiram əlaməti kimi riayət olunan bu jest Türkiyədə pozulub.

Uembli stadionu Fransa bayrağının rənglərinə boyanıb

Uembli stadionu Fransa bayrağının rənglərinə boyanıb

Məsələn, həmin gün Londonda keçirilən İngiltərə-Fransa matçının açılışında ingilis azarkeşlər qonşu ölkənin kədərinə ehtiram əlaməti olaraq Fransanın himni Marselyezi oxumuşdular.

Bu oyuna Britaniyanın baş naziri David Cameron da tamaşa edirdi. Lakin belə görünür ki, Türkiyə-Yunanıstan matçına baş nazirlər Ahmet Davutoğlunun və Alexis Tsipras-ın gəlməsi Türkiyə azarkeşlərini daha rəğbətli davranışa dəvət edə bilməyib.

Yeri gəlmişkən, Türkiyə və Yunanıstan komandaları ilə bu yoldaşlıq matçı, iki ölkə arasında son səkkiz ilin ilk qarşılaşması idi.

Reuters agentliyi yazır ki, İstanbulun Basakşehir stadionunda keçirilən bu matça 17 min bilet satılmışdı.

Agentlik yazır ki, kifayət qədər sönük keçən matçda hesab açılmayıb.

Terror “oyun-oyuncaq” deyil

Türkiyə mətbuatı yazır ki, Türkiyə millisinin meneceri Fatih Terim azarkeşlərin bu hərəkətinə görə “od püskürüb”.

O deyib ki, azarkeşlərin Yunanıstanın himnini və Paris qurbanlarının xatirə dəqiqəsini fitə basmaları onun üçün anlaşılmazdır.

Terim matçdan sonra keçirilən mətbuat konfransında azarkeşlərə “özlərini fitə basılanların yerinə qoymağı” məsləhət görüb.

Fatih Terim: Bizə qarşı edilməsini istəmədiyimiz bir rəftarı, niyə başqasına göstəririk

“Bizə qarşı edilməsini istəmədiyimiz bir rəftarı, niyə başqasına göstəririk” – deyib Türkiyə yığmasının rəhbəri.

O bildirib ki, belə davranışlar Türkiyəyə ölkə xaricində baş ucalığı gətirmir.

“Bu gün terror təhlükəsinə görə iki matç – Almaniya-Hollandiya və Belçika-İspaniya matçları ləğv edilib. Bunlar uşaq oyun-oyuncağı deyil” – deyib Fatih Terim.

“The Time” məcmuəsi isə baş verən hadisənin daha bir detalını qeyd edir. Məqalədə iddia edildiyinə görə, Türkiyə azarkeşləri sükutu yalnız fit səsləri ilə yox, həm də “Allahu-Əkbər” nidaları ilə pozublar.

Bizim qurbanlar, onların qurbanları…

“The Washington Post” yazır ki, bu, Türkiyə azarkeşlərinin sükut dəqiqəsini pozduqları ilk hadisə deyil.

Oktyabr ayında bir qrup azarkeş Türkiyənin İslandiya komandası ilə qarşılaşması öncəsi elan edilmiş bir dəqiqəlik sükutu fitə basmışdılar. O zaman Ankara sülh yürüşünə terrorçu basqının qurbanları yad edilirdi.

Bununla yanaşı qəzet yazır ki, ehtiram sükutunu pozan təkcə Türkiyə azarkeşləri deyil.

Fajr İbrahim: İŞİD-in Parisdə öldürdüyü qurbanlar yad edildiyi halda, Suriyada bu təşkilatın hər gün öldürdüyü insanların xatirəsi niyə yada düşmür

Bosniya azarkeşləri də İrlandiyaya qarşı matçdan əvvəl Paris terror qurbanlarının xatirəsi anılarkən eyni davranışı nümayiş etdirmişdilər. Hərçənd stadionda çoxluq təşkil edən İrlandiya azarkeşləri onların səsini batırmışdılar.

Çərşənbə axşamı dünya çempionatının seçmə oyunu çərçivəsində keçirilən Suriya-Sinqapur matçından sonra Suriya komandasının məşqçisi Fajr Ibrahim öz etirazını bildirib.

O deyib ki, İŞİD-in Parisdə öldürdüyü qurbanlar yad edildiyi halda, Suriyada bu təşkilatın hər gün öldürdüyü insanların xatirəsi niyə yada düşmür?

Türkiyə-Yunanıstan matçından əvvəl baş vermiş hadisədən yazan demək olar bütün media orqanları Türkiyə yığmasının "azarkeş təxribatına" uymamasını qeyd ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG